Diqqətsizlik, yoxsa oyun manipulyasiyası?-MÖVQE

Səbuhi Bayramov hətta “cibində unutduğu” qırmızı ilə də oyunun rəngini dəyişə bilmədi

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Səbail”- “Zirə” qarşılaşması zamanı baş hakim Səbuhi Bayramovun hərəkətlərinin hansı futbol qaydalarına uyğun olduğunu özündən soruşsaq, heç özü də bilməyəcək yəqin.

İki sarı vərəqədən sonra qırmızı vərəqə dərhal verilməlidimi? Verilməlidi. Amma Bayramov neyləyir?

Əslində onun neylədiyini və ya neyləmək istədiyini klublar da, azarkeşlər də yaxşı bilir. Bu, bizim futbolun hamını bezdirən ən yaralı yerlərindən biridi. Tərəfkeşlik.

Hakimlərin meydandakı qərarlarının obyektiv olmaması, açıq-aşkar hansısa komandanın tərəfini saxlaması azarkeşi necə deyərlər, yandırır. Klublar da çarəsiz durumda AFFA Hakimlər komitəsinin ağzına baxır. Son hadisə referi Səbuhi Bayramovun ilk “şedevr”i deyil ki. Adamın adı illərdi, belə qalmaqallardan keçir.

Əvvəlki mövsümlərdən xeyli zərərli “vərdiş”ləri var onun, bilirik. “Zirə” ilə kubok oyununda Bayramovun “Səbail” sevgisini görməməkçün kor olmaq lazım idi. Adam “Səbail”ə köməkçün meydanda gizli və aşkar hər şeyə əl atdı o gün. Məsələn, rəqib komanda sürətli hücuma keçəndə xırda follarla oyunu dayandırdı, üstünlük qaydasını birtərəfli tətbiq etdi və oyunun tempini sındırdı. Bu hərəkətlər nəyə xidmət edə bilər, sizcə?

Bayramov təkcə bununla kifayətlənmir, meydanda həm də psixioloji gərginlik yaradaraq oyunçuların stressə salınmasına cəhd edir. Buna nə deyirlər? Eyni qayda pozuntusuna görə “Səbail”in oyunçularına sadəcə barmaq silkələmək, amma rəqib komandaya dərhal sarı vərəqə yapışdırmaq. Bayramov düşünür ki, bu yolla o, meydandakı güc balansını süni şəkildə “Səbail”in xeyrinə dəyişəcək. Amma əslində anlaşılmaz qərarlarıyla yalnız özü özünə tələ qurur. Məsələn, iki sarı vərəqədən sonra dərhal qırmızı çıxarmalı olan baş referinin yəqin ki, özünün oyun “ssenari”si başqa idi və o, “Səbail”in oyunçusuna fərqli dəqiqələrdə iki dəfə sarı vərəqə göstərsə də, futbolçunu meydandan çıxartmadı.

Bayramov qırmızını cibində “unutdu”mu yoxsa? Bu təmiz və aydın epizodda qırmızı vərəqənin verilməməsi və futbolçunun oyuna davam etməsi hakimin “Səbail”i nəyin bahasına olursa-olsun azlıqda qoymaq istəmədiyini göstərirdi. Matçın rəsmi protokolunda bu biabırçılığı sonradan düzəldib ört-bastır etmək cəhdləri isə vəziyyəti daha da rəzil günə qoyur. 80-ci dəqiqədə ikinci sarı alan futbolçu niyə 90-cı dəqiqəyədək oynamalıydı? S.Bayramovda köhnə mövsümlərdən qalan “vərdiş”lərin olduğunu elə-belə demirik. Məhz bu səbəbdən son hadisəni sadəcə bir oyunluq təsadüf saymaq çətindi. Səbuhi Bayramovun keçmiş oyunlarına baxanda görürük ki, o, komandalara eyni gözlə baxa bilmir.

Əvvəlki mövsümlərdə idarə etdiyi çempionat oyunlarında da rəqiblərin qapısına verilən asan penaltilər, oyunun vaxtını qəsdən öldürən qərarlar və birtərəfli vərəqə statistikası həmişə diqqət çəkib. Maraqlıdı ki, onun bu cür “səhv”ləri nədənsə həmişə turnir cədvəlində xala ehtiyacı olan, çətin vəziyyətdə qalan müəyyən komandaların xeyrinə işləyib. Bu da onun peşəkar hakimdən daha çox, meydanda konkret maraqları təmin edən bir fiqur olduğu şübhəsini gücləndirir. Bəs bu hadisənin hüquqi tərəfinin araşdırması və beynəlxalq təcrübə nə deyir?

Səbuhi Bayramovun hərəkəti, sadəcə, “görmədim” və ya “təsadüf idi” deyə yozula bilməz. Beynəlxalq qaydalara görə, iki sarı vərəqə alan oyunçunun meydanda saxlanılması “texniki səhv” sayılır. Dünya futbolunda baş verən anoloji hallara baxsaq, görərik ki, belə bir hadisə baş verəndə zərərçəkmiş klubun şikayəti ilə oyun ya tamamilə yenidən keçirilir, ya da həmin səhv olan dəqiqədən etibarən təkrar oynadılır. Çünki bu səhv meydandakı gücü birbaşa dəyişir və ədalətli oyun prinsiplərini məhv edir. Əslində “Zirə”nin bu oyunu ləğv etdirmək üçün tam hüququ var idi, sadəcə komandanın hər şeyə rəğmən qələbə qazanması bu uzun hüquqi prosesə ehtiyac qoymadı.

Dünya praktikasında belə rəzalətə yol verən hakimlər dərhal FİFA dərəcəsindən məhrum edilir və hakimlik karyerasına birdəfəlik nöqtə qoyulur. Çünki bu diqqətsizlik yox, oyunu manipulyasiya etməkdi. Hüquqi baxımdan AFFA Hakimlər və İntizam Komitəsinin əlində bu hakimə qarşı ən sərt cəzanı vermək üçün hər cür əsas var. İntizam Məcəlləsinə görə, belə kobud və qərəzli səhvə görə hakim uzunmüddətli və ya ömürlük futbol fəaliyyətindən uzaqlaşdırıla bilər.

Ən yüngül halda isə onun rütbəsi aşağı salınmalı, Premyer Liqadan qovulub uzun müddət uşaq və ya aşağı liqaların oyunlarına göndərilməlidi. Oyun protokolunu saxtalaşdırmaq cəhdi sübut olunarsa, onun hakimlik lisenziyası tamamilə ləğv edilməlidi. Amma buna qədər idman ədalətinin qələbəsi baş verdi: penaltilər seriyasında “Zirə” “Səbail”i geridə qoyaraq növbəti mərhələyə keçdi. Bu nəticə, sadəcə, bir qələbə yox, qərəzli ssenarinin iflası və təmiz idman reallığıydı.

Səbuhi Bayramov bu hərəkətləriylə təkcə özünün yox, ümumilikdə futbolun imicini yerə vurur.

Məncə, AFFA bu məsələyə diqqətlə baxmalı və bu referiyə layiq olduğu cəzanı verməlidi.

Meydandakı ədaləti hakimlər təmin edir. Təsadüflər və penaltilərin ümidinə qalmamalıdı ədalət tərəzisi.

Məncə, AFFA bu məsələyə diqqətlə baxmalı və bu referiyə layiq olduğu cəzanı verməlidi.

Meydandakı ədaləti hakimlər təmin edir.

Təsadüflər və penaltilərin ümidinə qalmamalıdı ədalət tərəzisi.

Z. MUSTAFAYEVA

Etikxeber.az

Read Previous

“Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır”-ƏLİYEV ƏRDOĞANA MƏKTUB GÖNDƏRDİ

Read Next

Əbədiyyətə uğurlandığı gündə İkinci Vətən Müharibəsi Şəhidi-SƏMƏDƏR İSMAYILZADƏNİN MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir