DMX – 1682 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin sentyabrın 14-də Dövlət Miqrasiya Xidmətində (DMX) təntənəli andiçmə mərasimi keçirilib.

DMX-dən Etikxeber.az-a bildiriblər ki, mərasimdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq, iqtisadi tərəqqi və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən Prezident İlham Əliyevin respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etdiyi diqqətə çatdırılıb. Son illər Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlardan, beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi sabitliyin yüksək səviyyədə təmin edilməsindən, multikultural dəyərlərin hakim olduğu, tolerantlıq nümunəsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi və mədəni mühitinə verdiyi töhfələrdən danışılıb.

Tədbirdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində bir milyondan çox soydaşımızın məcburi miqranta çevrildiyi, gənc müstəqil ölkəmizin bu böyük yükün öhdəsindən təkbaşına gəldiyi, həmin şəxslərin sosial, mənzil, məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində fundamental tədbirlər görüldüyü konkret faktlarla diqqətə çatdırılıb.

Qeyd edilib ki, ötən dövrdə Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində bir sıra ciddi addımlar atılıb, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində əsaslı tədbirlər həyata keçirilib. Məhz bu amillər Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə respublikamızın vətəndaşı olmaq istəyənlərin sayının ildən-ilə artmasına, həmçinin vaxtilə respublikanı tərk edib, digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması meyillərinə müsbət təsir edib.

Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən, şəxsin Azərbaycan Respublikası vətəndaşlığının mənsubiyyətinin müəyyənləşdirmək də bilavasitə Dövlət Miqrasiya Xidmətinin vəzifəsi kimi müəyyən olunub.

Görüşdə vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı ölkəmizdə görülmüş işlərə də nəzər salınıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən indiyədək 1682 nəfərin Azərbaycan vətəndaşlığına qəbul və bərpa edildiyi bildirilib. Bununla belə, bu müddət ərzində 61 min 473 şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınıb. Onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin olunub.

Sonra vətəndaşlığa qəbul edilmiş 45 şəxs dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq ölkəmizə sadiq olacaqları barədə təntənəli surətdə and içiblər.

Andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 2014-cü il dekabrın 30-da əlavə edilmiş yeni məzmunda 151-ci maddəyə əsasən keçirilir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.

Tədbir dövlət himninin ifası ilə yekunlaşıb.

Etikxeber.az

Read Previous

Platini vicdanının təmiz olduğunu iddia edib

Read Next

Afaq Bəşirqızı oğlu ilə heç yerdə getməyən fotosunu paylaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir