“Dörd ayda bir an olsun belə ümidimi itirmədim…Dedim ki, yox, balam sağalacaq, Tacəddinim əllərimi buraxmayacaq…”-128 GÜN KOMADA QALDIQDAN SONRA ŞƏHİDLİK MƏQAMINA UCALAN TACƏDDİN İSMAYILZADƏNİN ANASI AYGÜN MƏMMƏDOVA – FOTOLAR

İkinci Vətən Müharibəsində Qəhrəmanlıq dastanı yazan Şəhidlərimizdən biri də Sumqayıtlı Tacəddin Vüqar oğlu İsmayılzadədir…

O Tacəddin İsmayılzadə ki, Apel döyüşlərinin iştirakçılarından olub…

O Tacəddin İsmayılzadə ki, yaşadığı, təhsil aldığı qardaş Türkiyədən Vətəninin müdafiəsinə gəlib…

O Tacəddin İsmayılzadə ki, 4 ay 3 gün, üst-üstə 128 gün beyini ölümü yaşadıqdan, komada qaldıqdan sonra Şəhidlik məqamına ucalıb, Əbədiyyətə uğurlanıb…

Tacəddin İsmayılzadə 1996-cı ilin mart ayının 17-də Sumqayıt şəhərində sadə bir ailədə dünyaya gəlib…

Çərşənbə axşamında dünyaya gəldiyi və yaraşıqlı olduğu üçün ailəsi, əzizləri Tacəddinə “Şəkərburamız”-deyirlərmiş…

O, ailənin iki övladından, iki qardaşdan biri olub…

30 yaşının içində olan qardaşı Elməddin hazırda ailəli və iki övlad atasıdır…

2002-2013-cü illərdə Sumqayıt şəhərində orta təhsil alıb…

Orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub…

İki il təhsil aldıqdan sonra ailəsi maddi çətinlik üzündən onun təhsil haqqını ödəyə bilməyib və nəticədə də Tacəddin təhsilini yarımçıq saxlamalı, dondurmalı olub…

Sonra-2016-cı ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Əsgərlikdə olarkən Aprel döyüşlərində iştirak edib…

Əfsanəvi Şəhid generalımız, Milli Qəhrəmanımız Polad Həşimovu da Aprel döyüşləri zamanı tanıyıb, yaxından görüb, hətta yaxın bir dostu Onun qucağında, qolları arasında gözlərini Əbədiyyətə yumub…

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönən Tacəddin qardaş Türkiyədə ali təhsilini davam etdirmək qərarını verib və oradakı universitetlərdən birinə qəbul olunub…

Qardaşı Elməddin də həmin vaxt onunla bərabər Türkiyədə həm işləyir, həm də ali təhsil alırmış…

Polad Həşimovun Şəhidliyindən sonra isə Vətən sevdalısı Tacəddin Sumqayıt şəhər Hərbi komissarlığına müraciət edib, könüllü şəkildə ordu sıralarına yazılıb…

Həm təhsil aldığı, həm də işlədiyi üçün yenidən Türkiyəyə dönməli olub…

Ancaq İkinci Vətən Müharibəsinin başlaması ilə təhsilini də, işini də yarımçıq qoyub yenidən Azərbaycana dönüb, Vətəninin müdafiəsinə qoşulub…

Hətta anasının etirazına baxmayaraq, “Ana, kişilik, kişi odur ki, elə Vətən darda olanda özü getsin“-deyib…

Anası Aygün xanımın “Oğlum, birdən Şəhid olarsan…” sözlərinə isə “Peyğəmbər ayağı altında basdırılaram ana”-deyə, cavabını verib…

Və İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib və oktyabrın 7-nə kimi də tez-tez ailəsi, anası ilə əlaqə saxlayıb…

Ağdam, Füzuli və Xocavənd istiqamətində qanlı döyüşlərdə iştirak edib…

Ayın 8-dən 9-na keçən gecə isə Füzuli istiqamətində döyüşlər zamanı başından beş qəlpə və bir güllə yarası alıb…

Tacəddinin vəziyyəti ağır olduğu üçün onu təcili Füzuli hospitalına çatdırıblar, 5 gün ərzində, oktyabrın 14-nə kimi orada qalıb, beyin ölümü yaşayıb…

Və iki Şəhidimizlə birlikdə onu Bakı “morq”una gətiriblər…

Ancaq sonradan Tacəddin ayılıb, daha doğrusu, onun iniltisini eşidiblər və təcili şəkildə Musa Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar…

Hətta Türkiyədən həkimlər dəvət edilməsinə və bütün cəhdlərə baxmayaraq, Tacəddinin həyatını xilas etmək mümkün olmayıb…

Və 4 ay 3 gün beyin ölümü yaşayan Tacəddin 2021-ci ilin fevral ayının 12-də gözlərini Əbədiyyətə yumub, Şəhidlik məqamına ucalıb…

Bir gün sonra, 2021-ci ilin fevral ayının 13-də isə Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidimiz üç medalla-“Cəsur döyüşçü”, “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Sumqayıt şəhərində adını daşıyan küçə var…

24 yaşında Vətən yolunda canını fəda edən Şəhidimiz həm də subay olub…

***

Bu yerdə qeyd edim ki, bir neçə gün öncə-Ramazan bayramı ilə bağlı Bakı şəhərində təşkil olunmuş iftar mərasimlərindən birində Şəhidimizin anası Aygün xanımla tanış oldum, onunla bir araya gəldim…

Qısa, ayaqüstə olsa da, Aygün xanımla dərdləşdim, söhbətləşdim…

Allahdan ona, ailəsinə səbr və dözüm arzuladım, “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Aygün xanımın dediklərindən:

“Tacəddin 4 ay 3 gün beyin ölümü yaşadı…4 ay hamımız öldük-dirildik…Bir var birdən deyələr ki, balan Şəhid olub…Bir də var ki, 4 ay-hər gün, hər dəqiqə, hər saniyə qorxa-qorxa o anı gözləyəsən…Amma mən 4 ayda bir an olsun belə ümidimi itirmədim…Dedim ki, yox, mənim balam sağalacaq, Tacəddin mənim əllərimi buraxmayacaq (gözləri dolur)…Və 4 aydan 3 gündən sonra balam gözlərini bu fani dünyaya yumdu, Şəhidlik zirvəsinə ucaldı…”

Və yenə sözün bitdiyi, yenə kəlmələrin aciz qaldığı yer…

Məkanı cənnətlik, məqamı Ucalardan-uca olsun, Şəhidimizin!

Allah ailəsinə, doğmalarına səbr və dözüm versin!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Fransa tərəfi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır”-XİN

Read Next

Daha 5 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir