Dörd övladından üçünü itirmiş Ağdamlı Şəhid anası Gözəl Məmmədova ölkə rəhbərliyinə müraciət etdi: “BALAMIN ORDEN HAQQI TANINSIN!”

Ağdam rayonunun İkinci Dördyol qəsəbəsindən olan Şəhid anası Gözəl Əhməd qızı Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Müdafiə naziri. general-polkovnik Zakir Həsənova və Müdafiə nazirinin Birinci müavini, general-polkovnik Kərim Vəliyevə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Gözəl Əhməd qızı Məmmədova Ağdam rayonunun İkinci Dördyol qəsəbəsində yaşayıram. 1993-cü ildə Ağdamın işğal olunması ilə əlaqədar Güllücə kəndindən əvvəlcə Bərdə rayonuna, sonra isə Ağdam rayonunda məcburi köçkünlər üçün salınmış İkinci Dördyol qəsəbəsinə köçmək məcburiyyətində qaldıq. Dörd övladım var idi, onlardan iksi körpə yaşlarında vəfat etdi. İki övladım-bir oğlum, bir qızım qaldı. Qızım hazırda iki övlad anasıdır. Tək və subay oğlum Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadə isə 5 ilin hərbçisi-MAXE kimi İkinci Vətən Müharibəsində öz doğma Ağdamı uğrunda döyüşlərdə qəhrəmancasına Şəhid oldu.

Tək və subay oğlum Vətən yolunda canını fəda etdi, tək və subay oğlumu Vətəninə, Qarabağına, Ağdamına qurban verdim. Özü də balam çox faciəli şəkildə Şəhid oldu…Bunları da yazarkən bir Ana kimi Allah bilir hansı hisslər yaşayıram…Allah kimsəyə, heç bir bəndəsinə, heç bir Anaya yaşatmasın… Biz yaşadıq, mən yaşadım, kimsə yaşamasın övlad, oğul acısını, itkisini…Şəxsən öz adıma deyirəm ki, mənimki yaşamaq deyil, buna yaşamaq demək olmaz…Acılar, dərdlər içində qıvranıram…Bütün arzularım gözümdə qaldı…

Nə qədər dözülməz və çəkilməz olsa da bala dərdi, amma ruhu, xatirəsi naminə dözürəm və balamla, Məhəmmədəlimlə Fəxr edir, Qürur duyuram! Fəxr edir və Qürur duyuram ki, belə bir gözəl, İgid, Qəhrəman oğulun Anasıyam!”

Müraciətdə sonra qeyd olunur:

“Hörmətli İlham Heydər oğlu!

Bu müraciəti ünvanlamaqda da məqsədim 3 ilə yaxın müddət ərzində övladımın orden Haqqının tanınmamasıdır. Şəhidliyindən sonra Sizin müvafiq sərəncamlarınızla övladım iki medalla-“Vətən uğrunda” “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Buna görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Eyni zamanda hesab edirəm ki, övladım, balam daha çox medala və ordenə layiqdir. Çünki balam ömrünün 5 ilini Orduya həsr etdi və sonda da Vətəni yolunda bizləri düşünmədən canını fəda etdi. Təəssüflər olsun ki, müvafiq qurumlar və şəxslər bu müddət ərzində balamın digər medallarla və ordenlə təltif oluması üçün təqdimatlar verməyiblər.

Əgər təqdimatlar olsaydı, balam digər medallarla və ordenlə təltif edilərdi. Bunlar isə məni bir Yaralı, bir Dərdli, bir Qəhrəman oğulun Qəhrəman Anası kimi çox üzür, çox narahat və çox məyus edir. Orden də mənim balamın Haqqıdır. O da Haqqını almalıdır.

Qarşıdan Zəfərimizin üçüncü ili gəlir. Ona görə Sizdən xahiş və rica edirəm ki, balamı Zəfər Günü ərəfəsində Haqq etdiyi digər medallarla və ələlxüsus, ali ordenlərimizdən biri ilə təltif edəsiniz. Bununla həm balamın ruhu şad edilmiş olar, həm də bir Ana kimi mənə təsəlli, təskinlik verilmiş olar. Az da olsa, rahatlıq tapmış olarıq. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim diqqətlə nəzərdən keçiriləcək və öz müsbət həllini tapacaq, balamın orden Haqqı tanınacaq.

Öncədən də Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi, ailənizi, Qalib və Müzəffər Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Məzarsız Şəhidin, həm də Qazi Anası…Dörd oğlundan üçünü itirmiş 74 yaşlı yaralı Zeynəb Ana…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

38 müntəzəm marşrut xətti üzrə 142 avtobusun hərəkət intervalında gecikmələr var-BNA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir