“Dördüncü səfər, dördüncü Zəfər, dördüncü Qələbə! Yolumuz, Haqqımız, Zəfərimiz mübarək olsun!”-JALƏ ƏLİYEVA YAZDI

Öncə Füzuli, Cəbrayıl, Xudafərin, Zəngilan-Qubadlı, Şuşa və yenə də Füzuli-Zəngilan-Qubadlı və Laçın!

Qarabağımıza Prezidentin tarixi səfərləri!

Zəfər dalınca Zəfər, Qələbə dalınca Qələbə, Tarix dalınca Tarix, Dərs dalınca Dərs!

Söhbət təbii ki, Qarabağımızı bizə qaytaran, 27-28 ildən sonra bizi bir daha Qarabağlı edən Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, xalqının Xilaskar oğlu, ölkə Prezidenti cənab İlham Əliyev və onun sadiq, sədaqətli silahdaşı, dəyərlimiz, əzizimiz-ölkənin Birinci ledisi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yenidən azad olunmuş yurd yerlərimizə, Füzulimizə, Zəngilanımıza, Qubadlımıza, Laçınımıza tarixi səfərindən gedir.

Bu səfər, bu səfərlər də adi, sıradan səfər, səfərlər deyil.

Bunlar Zəfər yürüşünün davamı, bir daha Qarabağımıza sahiblənmək, bir daha ona yiyələnmək hissinin növbəti mərhələsi, “Böyük qayıdış”ın ilkin-əzəmətli ayaq səsləri, Qələbəmizin əbədiliyinə dərin inam və sadiqlikdir!

Bəli, Ali Baş Komandanımızın müəllifliyi, komandanlığı ilə cəmi 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu, İgid Azərbaycan Əsgəri, müsəlləh əsgərə çevrilən Azərbaycan Xalqı tarixi Dastan yazdı, möhtəşəm Zəfər və Qələbə qazandı.Çoxlarına yuxu, fantaziya kimi görünən Qələbəmizə, Zəfərimizə imza atdıq, 32 illik münaqişəni də təmas, cəbhə xəttini də, status-kvonu, statusu da, Dağlıq Qarabağ deyilən coğrafi anlayışı da yerləbir etdik, cəhənnəmə göndərdik.

Yoxdur təmas xətti, yoxdur cəbhə xətti, yoxdur status-kvo, yoxdur status, yoxdur Dağlıq Qarabağ anlayışı. Bu gün aranlı, dağlı Qarabağ, Qarabağlı, vahid Azərbaycan var!Biz etdik, biz bacardıq, öz gücümüzə, öz köməyimizə güvəndik.Bizdən olanı, bizdən zorla qoparılanı yenə və yenidən bizimki etdik, bizim etdik.

Bizik Qarabağ, bizik Qarabağlı, bizik 86, 6 kvadrat kilometrlik Azərbaycan! Artıq kimsə və heç nə bizdən olanı, bizdən-köksümüzdən qoparılanı bizdən ala, bizdən apara bilməz! Mümkün deyil, mümkün olmayacaq!

Bəli, bu səfər də, bu Zəfər də tarixi anları, açılışları ilə yadda, yaddaşlarda qaldı.Öncə ümumi uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli atıldı. Füzili-Şuşa yolunun çəkilişindən, Füzuli Hava Limanının təməlinin qoyulmasından sonra Füzuli-Ağbənd dəmir yolu xəttinin təməlinin atılması tarixi hadisə, tarixi an idi.Bu dəmir yolu xəttinin də strateji əhəmiyyəti olduqca böyükdür.

Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcəkdir

.Ümid, inkişaf, tərəqqi yoludur bu yol! Yolun, yolumuz, səyahətin mübarək, Azərbaycanım! Yolun, izin, yolumuz, izimiz daim açıq olsun, canım məmləkətim!

Daha sonra Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışı gerçəkləşdi. Cəmi 75 gün öncə azadlığına qovuşan, namərd düşmən tapdağından azad olunan Laçınımızda tarixi anlar yaşandı.

Sözlərin, kəlmələrin belə təsəvvür, ifadə etməyə aciz qaldığı hisslərdir bunlar… Sevincdən, qürurdan tökülən inam göz yaşları… Daha bir Qələbəmiz, daha bir Zəfərimiz!

Bəli, erməni qəsbkarlar işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın ediblər. Ancaq dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

Bütövlükdə “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, həm də işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir.

Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq ki, burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Bəli, ata-babalarımız deyiblər ki, su həyat mənbəyidir. Və harasa gedəndə, səfərə başlayanda arxamızca su atılıb, işlərin su kimi getsin deyilib. İşlərin su kimi duru olsun, dərdin su kimi axıb getsin, canım Azərbaycan! Saflan, paklan, təmizlən, durulan Azərbaycanım! Sən safsan, sən paksan, sən durulardan-durusan Azərbaycanım!

Və…Növbəti tarixi çıxış, növbəti mesaj, xəbərdarlıqla dolu nitq, növbəti Dərs verildi! Və düşmənə, onun qanlı havadarlarına növbəti tərs Sillə vuruldu!

Ali Baş Komandan çıxışında elə bir məqam qalmadı ki, ona toxumasın, ona münasibət bildirməmiş olsun.

Hər bir sözü, hər bir kəlməsi də gələcəyə inam, gələcəyə ümid hissləri ilə dolu idi!Ali Baş Komandanımızın da bəyan etdiyi kimi, biz tarixi ədaləti bərpa etdik.

Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Bəli, deyildiyi, dediyimiz kimi, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik.

Artıq bu istiqamətdə də bütün göstərişlər verilib, bu istiqamətdə də bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz.Bəli, yolumuzda, izimizdə yenə daşlar-kəsəklər olacaq…

Yenə Vətənə, vətən sevdalılara, müqəddəs yolun yolçularına camur atanlar, daş-kəsək yağdıranlar olacaq…Necə ki, olub, olur və olacaq…

Biz də yolumuzdan, izimizdən dönməmişik, dönmürük, dönən deyilik dönməyəcəyik…Çünki bu yola çıxarkən başımıza gələcəkləri, gətiriləcəkləri bilirdik, bilirik!

Olsun, karvan onsuz da öz yolundadır.

Bizim yolumuz Haqq yolu, bizim yolumuz Haqq yolçuluğudur.

Yolumuz, Haqqımız mübarək olsun!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Prezident 90 yaşlı Nəriman Həsənzadəni “İstiqlal” ordeni ilə təltif və XALQ ŞAİRİNİ TƏBRİK ETDİ-YENİLƏNİB

Read Next

“Bu fikirlər Ermənistan və onun havadarları üçün də ciddi mesajdır…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir