“Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini artırmalıdır…” – QƏNİRƏ PAŞAYEVA

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadıldı

Ziyafət Əsgərov: “Sahibkarlıq sahəsində yoxlamaların dairəsini genişləndirilməyə ehtiyac yoxdur”

Milli Məclisin (MM) oktyabrın 31-də keçirilən növbəti plenar iclasında  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Etikxeber.az-ın xəbərinə görə, MM-in İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilir. Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib:

“Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması bu sahədə müsbət dəyişikliyə səbəb olub.  Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir. Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq “.

ganira_pashayeva_180215_1

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, bu qanunun tətbiq sahəsinə əmək müqavilələrinin yoxlanılması da daxil edilməlidir:

“Biz müəyyən sahibkarlar tərəfindən əmək müqaviləsi olmadan işçilərin çalışdırılması hallarının şahidi oluruq. Yaxud, əmək müqaviləsində nəzərdə tutulandan aşağı məvacib verilir. Bu insanların gələcək taleyi necə olacaq. Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini artırmalıdır. İnsanların iş yerlərinə ehtiyacı var. Öz hüququnu qoruyan insanlar onların yerinə başqalarının gətirilməsindən ehtiyatlanır. Buna görə də onlar əmək müqaviləsi olmadan çalışmaq məcburiyyətində qalır”.

Birinci vitse-spiker, MM-in komitə sədri Ziyafət Əsgərov da öz növbəsində qeyd edib ki, sahibkarlıq sahəsində yoxlamaların dairəsini genişləndirilməyə ehtiyac yoxdur.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu, Azərbaycanın tarixi qələbəsidir…” – VAHİD ƏHMƏDOV – YENİLƏNİB (1)

Read Next

“Hesablama Palatasına seçim verilməməlidir” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir