“Dövlət başçısının bəyan etdiyi kimi, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır, kimsə qanunlardan yuxarıda dayana bilməz”-MİLLƏT VƏKİLİ

Bu gün, iyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdilər. Bu, indiki çətin pandemiya şəraitində atılan növbəti böyük hadisə və addımdır. Bu, Azərbaycan dövlətinin, xüsusilə, ölkə Prezidentinin və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın bir daha Azərbaycan xalqının yanında olmasının, bir daha onun naminə fədakarcasına çalışmasının əyani sübutu və təsdiqidir. Bu, hər birimizdə böyük qürur və fəxr hissi yaradır. Bu, hər birimizdə bu bəladan da birlikdə və tezliklə xilas olacağımıza, normal həyatımıza, inkişafımıza dönəcəyimizə, növbəti qələbələrə və zəfərlərə doğru inamla addımlayacağımıza zəmin, inam və əminlik yaradır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, açılışı keçirilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var.

Onun sözlərinə görə, modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir.

“Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır”-deyə, millət vəkili qeyd edib.

Sonra açılış zamanı ölkə Prezidentinin həmçinin, 3 yerli telekanala geniş müsahibə verdiyini bildirən millət vəkili burada bir çox mətləblərə toxunulduğunu, istər iqtisadiyyatın durumundan, istər sosial vəziyyətdən, istər pandemiya ilə bağlı aparılan mübarizə tədbirlərindən, istərsə də, Qarabağ münaqişəsindən və Ermənistanın təcavüzkarlıq siyasətindən hərtərəfli bəhs olunduğunu qeyd edib.

“Müsahibə zamanı elə bir həyati vacib məsələ olmadı ki, toxunulmamış olsun. Ölkə Prezidenti bir daha hər bir məsələyə müfəssəl, mükəmməl, hərtərəfli və geniş şəkildə toxundu, həm uğurları, həm də çətinlikləri, problemləri dilə gətirdi, o cümlədən, gələcək hədəfləri bir daha diqqətə çatdırdı. Bir daha Rəhbər iradəsini, əzmini, qətiyyətini ortaya qoydu. Xüsusilə, pandemiyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışaraq, bir daha hər bir kəsi məsuliyyətə, qanunlara əməl etməyə çağırdı, heç kimin qanunlardan yüksək dayanmadığını və dayanmayacağını açıq şəkildə ifadə etdi. Dövlət başçısı xüsusilə də, dünən məşhur otellərdən birində baş vermiş və ictimaiyyətin haqlı etirazına səbəb olmuş, mediada, sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilmiş hadisəyə də toxunaraq, öz sərt və barışmaz mövqeyini ortaya qoydu.

Dövlət başçısı dedi: “Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil – istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq”.

Həmçinin, bildirdi ki, əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlaya biləcəyik. Elə hesab edirəm ki, burada geniş şərhə, izahata da yer qalmır. Dövlət başçısı həm özünün, həm də Azərbaycan dövlətinin mövqeyini çox səlis, çox sadə və çox sərrast şəkildə bir daha bəyan etdi. Odur ki, insanlarımız, xüsusilə, məsuliyyətsizlik göstərən vətəndaşlarımız bundan nəticə çıxarmalı, dərs, ibrət götürməlidirlər. Xüsusi karantin rejiminin tələblərinə hər bir kəs istisnasız və birmənalı əməl etməlidir. Etməyəcəklərsə, Azərbaycan dövlətinin, onun qanunlarının da sərt üzünü görəcəklər. Kimsəyə güzəştə gedilməyəcək. Bunu hamı artıq anlamalı və dərk etməlidir…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

22:16, 6 iyul, 07:16, 7 iyul

Etikxeber.az

Read Previous

“Heydər Əliyev-İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm”-RAMİZ MEHDİYEV İTTİHAMLARA CAVAB VERDİ

Read Next

“Elan etdikləri dəyərlər və prinsiplər onlar üçün, sadəcə, şirmadır, görüntüdür… Əgər belə olmasaydı, çoxdan Ermənistanın layiqli cavabını və cəzasını verərdilər…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir