Bu gün Milli Məclisin (MM) yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, iclasda bir sıra qanun layihələri ilə yanaşı, “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi gözlənilir.
Qanun layihəsinin 3 oxunuşda müzakirəsində millət vəkilləri ilə yanaşı, bir sıra dövlət qurumlarının-komitə və nazirliklərin məsul şəxslərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı nəzərdə tutulur.
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin sədri Ziyad Səmədzadənin büdcənin icrası ilə bağlı giriş çıxışından sonra söz maliyyə nazirinə veriləcək.
Qeyd edək ki, qanun layihəsinə əsasən, 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərinin cəmi açıqlanıb.
Belə ki, 2017-ci il dövlət büdcəsinin gəlirlərinin cəmi 16 516 684 min manat, 2018-ci ildə bu rəqəm 5 992 185,7 min manat çox, yəni 22 508 869,7 min manat olub.
Həmçinin, 2017-ci il dövlət büdcəsinin xərclərinin cəmi 17 594 748 min manat, 2018-ci ildə bu rəqəm 5 137 166,5 min manat çox, yəni 22 731 644,5 min manat olub.
Bununla yanaşı, ötən ilin dövlət büdcəsinin ehtiyat fondunun xərcləri proqnozlaşdırılandan 5,8 faiz az olub.
2018-ci ilin büdcəsində dövlət büdcəsinin ehtiyat fondunun proqnozlaşdırılan xərcləri 492 milyon 566,1 min manat olsa da, icra olunan xərclər 28 milyon 341,1 min manat az – 464 milyon 225 min manat olub.
Eyni zamanda, 2018-ci ildə müdafiə xərcləri 2 milyard 842 milyon 681,9 min manat olub.
Beləliklə, keçən il dövlət büdcəsində müdafiə xərcləri üçün proqnozlaşdırılan məbləğ 2 milyard 855 milyon 942 min manat olsa da, bu sahədə xərclər 13 milyon 260.1 min manat, yəni 0,5 faiz az olub.
Keçən il müdafiə xərcləri 2017-ci illə müqayisədə isə 221 milyon 416,8 min manat, yəni 8.4 faiz çox olub.
2017-ci ildə müdafiə xərcləri üçün 2 milyard 621 milyon 265,1 min manat xərclənib.
Eyni zamanda, ötən il Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri proqnozlaşdırılandan 47 025,4 min manat az olub.
Əgər 2018-ci ildə bu sahə üçün proqnozlaşdırılan vəsait 2 197 764,2 min manat olubsa da, bundan 2,1% az, 2 150 738,8 min manat xərclənib. Eyni zamanda 2017-ci illə müqayisədə də 2018-ci ildə sosial müdafiə və sosial təminat xərcləri azalıb. Əgər 2017-ci ildə bu sahəyə 2 350 165,2 min manat xərclənibsə, 2018-ci ildə bundan 8,5%, yəni 199 426,4 min manat az vəsait xərclənib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayırmalar (transfert) isə proqnozlaşdırılan həcmdə – 1,3 mlrd. manat olub. Bu, 2017-ci illə müqayisədə 21 mln. manat və ya 1,6% çoxdur. 2017-ci ildə DSMF-yə dövlət büdcəsindən ayırmalar (transfert) 1,279 mlrd. manat olub.
2018-ci il büdcə kəsiri isə proqnozlaşdırılandan 4 dəfədən çox az olub.
2018-ci ilin dövlət büdcəsində büdcə kəsiri 951 milyon manat proqnozlaşdırılsa da, büdcənin icrası zamanı kəsir 222 milyon 774,8 min manat olub. Bu, 2017-ci ildəki büdcə kəsrindən 5 dəfəyə qədər azdır. 2017-ci ildə büdcə kəsiri 1 milyard 77 milyon 794 min manat olub.
Eyni zamanda, qeyd edək ki, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin 3 oxunuşdan sonra parlamentin iyunda keçiriləcək növbədənkər iclasından birində qəbulu gözlənilir.
Onu da qeyd edək ki, sabah-mayın 31-də MM-in daha bir, yaz sessiyası çərçivəsində isə sonuncu iclası keçiriləcək.
Yaz sessiyası dövlət himninin səslənməsi və oxunması ilə başa çatacaq.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az