“Dövlət başçıları arasındakı səmimi əlaqələr ölkələrarası münasibətlərinin inkişafına töhfə verir” – Səfir

 Milli Məclisin (MM)  deputatı Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib.

Etikxeber.az-ın məlumatına görə, deputatlar Çingiz Qənizadə və Elşad Həsənovun da daxil olduğu nümayəndə heyəti əvvəlcə Bosniya və Herseqovina parlamentinin Yuxarı Palatasının (Xalqlar evi) sədri Safet Softiç ilə görüş keçirib.

Görüşdə MM-in tərkibi və fəaliyyəti barədə ətraflı məlumat verilib, ölkələrimiz arasında mövcud olan dərin dostluq əlaqələrindən məmnunluq ifadə olunub. Bosniya və Herseqovina parlamenti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verən qətnaməyə görə minnətdarlıq ifadə olunub. Bu qətnamənin Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq arenada tanınmasına əhəmiyyətli bir töhfə olduğu diqqətə çatdırılıb.

Azərbaycan – BvH parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Ç.Qənizadə iki ölkə arasındakı əlaqələrin bütün istiqamətlərdə dinamik inkişaf etdiyini vurğulayıb. Əminliklə qeyd edilib ki, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının səmərəli fəaliyyəti bu münasibətlərin genişlənməsinə daha da təkan verəcək.

Görüşdə Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Prezident İlham Əliyevin salamlarını çatdıraraq dövlət başçıları arasındakı səmimi əlaqələrin Azərbaycan-BvH münasibətlərinin inkişafına öz əhəmiyyətli töhfəsini verdiyini vurğulayıb.

Sonra BvH-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri (dövlət başçısı) Bakir İzetbeqoviç ilə görüş keçirib. Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, Azərbaycan və BvH arasında beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Ermənistan-Azərbaycan  münaqişəsi və onun ağır nəticələri, Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin problemləri, münaqişənin həlli prosesində Ermənistanın pozucu mövqeyindən danışan C.Feyziyev və Xalq yazıçısı Ç.Abdullayev, BvH-nin hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini dıqqətə çatdırıblar.

Deputatlar Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Sarayevoda əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda bu ölkədə 1992-1995-ci illər müharibəsinin və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, abidənin önünə əklil qoyublar.

Səfər çərçivəsində nümayəndə heyətinin Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə işıq üzü görmüş və Beynəlxalq Sarayevo Universitetinin təşkilatçılığı ilə Xalq yazıçısı Çingiz Abdullayevin müəllifi olduğu “Avropanın opponentləri” və deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitablarının təqdimatında iştirakı planlaşdırılıb.

Etikxeber.az

Read Previous

Bakıda narkotik vasitə becərən şəxs tutuldu

Read Next

Bakıda ilk dəfə İndoneziyanın mədəniyyət festivalı keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir