“Dövlət şirkətlərində ciddi yoxlamalar aparılacağı, həmin şirkətlərin rəhbərlərinin, yaxud, ayrı-ayrı vəzifəli şəxslərinin işdən azad edilməsi, hətta həbsləri istisna deyil. …”-BƏHRUZ MƏHƏRRƏMOV

Prezident İlham Əliyev Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə bildirdi ki, iqtisadiyyatımız altı ayda 2,7 faiz aşağı düşüb.

Bu itkinin azaldılması üçün 2020-ci ilin sonuna qədər sahibkarlıqla bağlı, habelə dövlət şirkətlərinin idarə edilməsi istiqamətində addımlar atılmalı, iqtisadi canlanma təmin edilməlidir.

Bilirsiniz ki, sahibkarlıq fəaliyyəti ilə bağlı hazırda hökumətin bir neçə dəstək paketi mövcuddur ki, buraya həm pandemiya dövründə zərər çəkmiş sahələrə yardımlar, habelə inkişafı təşviq edilən sahələrə subsidiya və digər formada dəstək daxildir.

İqtisadi sistem elədir ki, münbit şərait formalaşdırmaqla, habelə, dövlət dəstəyi ilə özəl sektor müəyyən perioddan sonra canlanacaq, bazar özü-özünü tənzimləyəcək.

Üstəlik prezident İlham Əliyev açıq formada bildirdi ki, sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Lakin, dövlət şirkətləri ilə bağlı məsələdə vəziyyət fərqlidir.

Cənab İlham Əliyevin də dediyi kimi, dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləmir, fəaliyyətə nəzarət qənaətbəxş deyil, çox aşağı səviyyədədir.

Əlbəttə, əgər dövlət başçısı ilin sonunadək iqtisadi canlanma hədəfləyirsə, bu o deməkdir ki, köhnə qaydalarla davam edilməyəcək, ciddi dəyişikliklər qaçılmaz olacaq. Bu mənada, şəxsən mən o qənaətdəyəm ki, çox ciddi proseslər ərəfəsindəyik.

Əgər narazılıq dövlət başçısı səviyyəsində dilə gətirilibsə, dövlət şirkətlərində ciddi yoxlamalar aparılacağı, həmin şirkətlərin rəhbərlərinin, yaxud ayrı-ayrı vəzifəli şəxslərinin işdən azad edilməsi, hətta həbsləri istisna deyil.

Mən məhkəmə qərarı olmadan kimisə ittiham etmək istəməzdim, lakin dövlət başçısını narazı salan məqamlar onu göstərir ki, ortada korrupsiya cinayətlərinin əlamətləri mövcuddur, təbii ki, bu əlamətlər öz təsdiqini taparsa məsələyə hüquq müstəvisində aydınlıq gətiriləcək.

İkincisi, Prezident İlham Əliyev çıxışında çox vacib bir nüansa toxunaraq bildirdi ki, bir sıra sahələrdə dövlət-özəl sektor tərəfdaşlığı mümkündür.

Bu, çox ciddi siqnal olmaqla, ya dövlət şirkətlərinin özəlləşdirilməsi, ya da bu şirkətlərin səhmlərinin bir hissəsinin özəl sektora ötürülməsi, yaxud həmin şirkətlərin gördüyü işlərin, yaxud göstərdiyi xidmətlərin paralel olaraq özəl sektora da təklif edilməsi, habelə, bazarda alternativ yaratmaqla sağlam rəqabət mühitinin formalaşdırılması şəklində reallaşa bilər.

Bir daha deyirəm ki, ortada ciddi siyasi iradə var, dövlət şirkətləri artıq əvvəlki dövrlərdə olduğu kimi, kortəbii və şəxsi ciblərə işləməyəcək, qeyri-şəffaf maliyyə hesabatlılığına son qoyulacaq, bu günə kimi törədilmiş pozuntular isə hüquq müstəvisində qiymətləndiriləcək, oğurlanmış pullar büdcəyə qaytarılacaq.

Bir məqamı da qeyd edim ki, əslində problem dövlət başçısı tərəfindən dilə gətirilənə qədər aidiyyatı nəzarət orqanları bu məsələləri aşkarlamalı idi.

Əgər bu indiyədək aşkarlanmayıbsa, həmin nəzarət qurumları da heç şübhəsiz ki, biganəlik və hərəkətsizlik göstərməklə yaranmış xoşagəlməz vəziyyətə görə məsuliyyət daşıyırlar.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu tendensiyanın qorunub saxlanılması bütün Azərbaycan xalqının hamılıqla gündəlik həyat tərzinə çevrilməlidir…”-DEPUTAT

Read Next

CAVAD, PETROPAVLOVKA…SABIRABAD RAYONUNUN TƏSİS OLUNDUĞU GÜN-Millət vəkili yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir