Dövlət varsa, onun rəsmi dilində də danışılmalı, təhsili də bu dildə olmalıdır – XALQ YAZIÇISI

Çingiz Abdullayev: “Hər kəs ana dilində oxumalı və danışmalıdır”

Ziyalılardan, millət vəkillərindən akademik Gövhər Baxşəliyevaya dəstək gəldi

govher x shekil son

İnanmıram ki, kimsə Azərbaycanda təhsilin, xüsusilə, orta məktəblərdə təhsilin ana dilində, dövlət dilində olması fikri, mövqeyi ilə razı olmasın. Mən şəxsən inanmıram ki, kimsə buna etiraz etsin və ya onu başqa səmtə yozsun.

Etikxeber.az xəbər verir ki, bunu Oxu.Az -a açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi,  hüquq elmləri doktoru Çingiz Abdullayev dilə gətirib.

Onun sözlərinə görə, Azərbaycanın rəsmi dövlət dili Azərbaycan dilidir və ilkin təhsil, tədris də məhz bu dildə olmalıdır: “Kimsə bunun əleyhinə çıxa bilməz və çıxmamalıdır. Düşünmürəm ki, kimsə əks mövqedə də olsun. Dövlət varsa, onun rəsmi dövlət dilində də danışılmalı, təhsili də bu dildə olmalıdır. Burada ikinci mövqe ola bilməz. Amma bununla belə,  kim istəyirsə, başqa dilləri də öyrənə, mənimsəyə bilər, burada da problem olmamalıdır və əslində  də yoxdur”.

cingiz-ab-1

Xalq yazıçısı burada mühüm bir məqama da diqqət çəkərək bildirib ki, bu gün bütün sənədləşmələr, bütün yazışmalar, insanlarla bağlı olan bütün sənədlər, aktlar dövlət dili olan Azərbaycan dilindədir. “Əgər hansısa şəxs, hansısa insan Azərbaycan dilini, öz ana dilini bilməsə, o, sənədləri necə oxuyacaq, onu necə başa düşəcək, necə mənimsəyəcək? Bunun üçün məhz ana dilini bilməsi, ana dilində təhsil alması lazımdır. Bu məsələdə də heç bir problem yoxdur və ola da bilməz. Yenə də inanamaq istəmirəm ki, kimsə buna etiraz etsin. Ancaq bununla belə, başqa dilləri öyrənmək, o dillər də danışmaq da hər kəsin  hüququdur. Nə qədər xarici dil bilənlərimiz çox olsa, o qədər yaxşıdır”-deyə, Ç. Abdullayev sözlərinə əlavə edib.

Şair, millət vəkili Tahir Rzayev də deyib ki, Azərbaycanda hər zaman bütün dillərə, o cümlədən, böyük Rus xalqının dilinə hörmət, ehtiram olub: “Dil öyrənmək, çox dil bilmək məsələsində də heç kim heç kimə müdaxilə etməyib, qarşısını almayıb,əksinə, bunun üçün hər cür şərait yaradılıb. Azərbaycanda bü gün müxtəlif dillərdə tədris prosesi keçirən orta ümumtəhsil və ali təhsil müəssisələri var. Ancaq şəxsən mən də hesab edirəm ki, Azərbaycanda baza təhsili, baza tədrisi mütləq Azərbaycan dilində olmalıdır, gələcəyimiz olan indiki nəsil məhz ana dilində təhsil almalıdır”. Millət vəkili  bildirib ki, ana dili, dövlər dili müqəddəsdir, onu nə iləsə əvəzləmək, eyniləşdirmək olmaz. Millət vəkilinin bildirdiyinə görə, bu dilə xor baxmaq, bu dildə danışmağı özünə yaraşdırmamaq heç cür qəbuledilən və yolverilən bir hal deyil:“Hər bir millət, hər bir toplum ilk növbədə öz dilini mükəmməl şəkildə öyrənməli və bilməlidir. Öz dilini bilmədən, öz dilini sevmədən əslində başqa dili də sevə bilməzsən, səmimi olmazsan. Məsəl var, əvvəl evin içi, sonra çölü. Odur ki, bizdə də dədə-babadan qalma bu prinisp daim gözlənilməli və ona əməl edilməlidir. Azərbaycanda ana dilinə də dövlət, ölkə rəhbərliyi səviyyəsində necə böyük önəm verildiyi və diqqət göstərildiyi hər kəsə yaxşı məlumdur. Ona görə də ilk növbdədə ana dilində danışmalı, onu mənimsəməli və təbliğ etməliyik. Bunun da yolu təhsildən, tədrisdən, uşaq bağçasından və orta məktəbdən keçir. Valideynlərin öz övladlarının rus dilində danışmaları və oxumaları istəyini də anlayışla qarşılayırıq. Buna müdaxilə edilə bilməz. Amma bu məsələdə ifrata varmaq, əndazəni aşmaq da olmaz. Bu məsələdə bəhsləşməyin yeri deyil. Valideynlərimiz, insanlarımız ilk növdəbə öz dilimizin  keşikçisi və qayğıkeşi olmalıdırlar və bu baxımdan, deputat həmkarım, çox hörmətli Gövhər Baxşəliyevanın fikirlərini yanlış səmtə yozmaq da düzgün deyil. Mən də onun səsləndirdiyi fikirləri qəbul edirəm və hesab edirəm ki, Azərbaycanda təhsil ilk növbədə ana dilimzdə aparılmalıdır. Başqa dillərdə danışmaq, başqa dilləri mənimsəmək də hər kəs üçün sərbəstdir, azaddır. Buna müdaxilədən söhbət gedə bilməz və getməməlidir”.

tahirrr

eldeniz salimovvv

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Azərbaycanda dövlət, ana dilinə münasibət birmənalıdır, bu məsələdə mərhum dövlət başçısı Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyev prinsipial mövqeyi ortadadır. Deputatın qeyd etdiyinə görə, hər iki şəxs Azərbaycan, dövlət dilində mükəmməl danışmaqla, insanlara nümunədirlər: “Onlar hər birimizə bu məsələdə də nümunədirlər. Odur ki, bizim də mənəvi haqqımız yoxdur ki, öz dilimzə başqa gözlə baxaq, ona biganə olaq. Həmçinin, dövlət dilimizə, Azərbaycan dilinə, Azərbaycan türkcəsinə hörmət və ehriram bizim övladlıq, vətəndaşlıq borcumuzdur. Bu ölkənin vətəndaşıyıqsa, bu torpağın üzərində gəziriksə, onun suyunu içib, havasını udub, çörəyini yeyiriksə, o zaman onun dilinə də hörmət bizim boynumuzun borcudur. Burada ikinci mövqe, ikinci yanaşma ola bilməz. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda bütün dillərə, o cümlədən, rus dilinə hörmət və ehtiram nümayiş etdirməklə, öz dilmizə, onun inkişafına, gələcək nəslin məhz bu dildə və bu ruhda böyüdülməsinə də ciddi fikir və diqqət yetirməliyik. Bu məsələnin kökü isə təhsildən, tədrisdən başlayır. Ona görə hesab edirəm ki, təhsilin öz dilimzdə olması daha öndə olmalıdır. Nəzərə almalıyıq dünyada milyonlarla azərbaycanlı, Azərbaycan türkü var. Xüsusilə də, Güney Azərbaycanda 30 milyondan artıq soydaşımız yaşayır. Onlarla bağlılığımızın, mənəvi, mədəni əlaqələrimizin, tellərimizin qırılmaması üçün məhz öz dilimizə, onun inkişafına, tədrisinə böyük önəm verməliyik və neçə ki, verilir də”.

Qeyd edək ki, parlamentin sonuncu iclasında millət vəkili, akademik Gövhər Baxşəliyeva rus dilinə hörməti ilə yanaşı, Azərbaycanda orta məktəblərdə təhsilin məhz ana dilində olması fikrini səsləndirmişdi. Bundan sonra millət vəkilinə qarşı sosial şəbəkələrdə bəzi qruplar tərəfindən təhqiramiz fikirlər səsləndirilmişdi. Amma həmin müzakirələrdə böyük əksəriyyət xanım deputatın fikirlərini dəstəklədiklərini bildirmişdilər.

Etikxeber.az

 

Read Previous

“Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər” – TƏQSİRLƏNDİRİLƏN ŞƏXS

Read Next

İlham Əliyev:15 İL! – RƏY(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir