“Dövlətimizin və Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşmək zamanıdır!..”-SABİQ DEPUTAT YAZDI

Ötən gün axşam saatlarından başlayaraq paytaxtda xalqımızın Milli Ordumuza dəstək yürüşünü öz çirkin niyyətlərinə alət kimi istifadə etmək üçün hərəkətə keçən bir qrup təxribatçının törətdiyi iyrənc əməlləri sərt şəkildə qınayıram, qəti şəkildə pisləyirəm!

Qürur ünvanımız olan Şəhidlər xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçıları arasından bir qrup qaragüruh təxribatçının gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olaraq bir sıra dağıntılar törətməsi, parlamentin mülkiyyətinə və inventarına ziyan vurması qəbuledilməzdir!

Belələrinə qarşı ən sərt qanuni tədbirlər görülməli, bu cinayətkarlar ən ağır şəkildə cəzalandırılmalıdır.

Milli Məclis dövlətimizin ali qanunverici orqanıdır. Bir qrup 5-ci kolon qaragüruhunun Milli Məclisə qarşı bu yolverilməz iyrənc addımı dövlətə, dövlətçiliyimizə, müqəddəs şəhidlərimizə və xalqımızın öz qəhrəman şəhidlərinin xatirəsinə bəslədiyi böyük ehtirama yönələn cinayətdir.

Bunun başqa adı yoxdur! Dövlətimiz, millətimiz üçün bu həssas məqamlarda da xaricdən maliyyələn hansısa bir qrup satqının bu əməlləri onların mahiyyətcə işğalçı, təcavüzkar ermənilərdən fərqlənmədiyinin göstəricisidir.

Azərbaycan Silahlı Qüvvələrinin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına, misilsiz mübarizəsini və xalqımızın Milli Ordumuza dəstəyini qürurla izlədiyimiz belə həssas bir məqamda bəzi üzdəniraq “müxalifətçilərin”, xarici kəşfiyyata işləyən bir qrup satqının dövlətin ali qanunverici orqanına, asayiş keşikçilərinə, jurnalistlərə qarşı yönələn vəhşiliyi erməni dəyirmanına su tökməkdir.

Belə dağıdıcıların Azərbaycan xalqında ruh düşkünlüyü yaratmaq, mübarizə əzmini qırmaq, ordumuzun şücaətinə ləkə yaxmaq üçün müəyyən sosial şəbəkələrdə saxta səs yazıları yayan mkrtıçyanlardan heç bir fərqi yoxdur!

Dövlətimizə və xalqımıza qarşı törədilən bu bağışlanılmaz cinayət göstərdi ki, hələ də bəziləri “bəlkə də qaytardılar” düşüncəsi ilə xaos və anarxizmin hökm sürdüyü 1992-ci ilin mənfur ab-havasında qalıblar. Bu 5-ci kolonu təmsil edən satqınlara üzümü tutub demək istəyirəm ki, ay sapı özümüzdən olan baltalar, artıq 1992-ci il deyil!

İndi Azərbaycan ön cəbhədə sinəsini əsgəri qarşısında sipər edib şəhid olan qəhrəman generallardan təmsil olunan nizami və müzəffər ordusu, güclü iqtisadiyyatı və qlobal miqyaslı Lideri olan qüdrətli bir dövlətdir! Artıq satqınlar və bir dəstə qaragüruh dövlətimizə qarşı heç bir qanunsuzluq törədə bilməzlər.

Milli Ordumuza dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın qürur doğuran “Şəhidlər ölməz, Vətən bölünməz” və “Qarabağ” şüarları ilə vahid bir amal uğrunda birləşdiyi zamanda dağıdıcı təxribatçıların bu həssas günlərdə “fəallaşması” cavabsız qalmayacaq, belələri qanun və xalq qarşısında cavab verməli olacaqlar!

Biz bu gün atdığımız hər addımda “düşmən görür” prinsipi ilə hərəkət etməli, mənfur düşmənləri özümüzə güldürməməli, hər bir sözümüzün və əməlimizin məsuliyyətini daşımalıyıq.

Bugünlərdə hamımız bir yumruq kimi dövlətimizin və Ali Baş Komandanımızın ətrafında birləşməli, hər bir addımda xüsusi həssaslıq nümayiş etdirməliyik.

Bu birlik- həm dövlətimiz, həm ölkəmizin ərazi bütövlüyü uğrunda misilsiz şücaət göstərən Milli Ordumuz, həm şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımız, bütövlükdə isə Azərbaycanımız qarşısında milli məsuliyyətimiz və vətəndaşlıq borcumuzdur!

Hüseynbala MİRƏLƏMOV,

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri

Etikxeber.az

Read Previous

“Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq”-İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə telefonla-BAŞSAĞLIĞI VERDİ -FOTOLAR

Read Next

“Biz nə istəyirik və nə etməliyik?-MUSA URUD YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir