“Dövlətin malını mənimsəyirsənsə, mütləq bunun cavabını almalısan…”-MİLLƏT VƏKİLİ

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə həmişə gündəmdə olan məsələdir. Dövlətimizin başçısı bütün çıxışlarında bu xoşagəlməz hala son qoyulması üçün tapşırıqlar verir, tədbirlər görür, müvafiq qərarlar qəbul edir. Təəssüf ki, bəzi məmurlar bundan özləri üçün ciddi nəticə çıxarmır, çirkin əməllərindən əl çəkə bilmirlər. Möhtərəm Prezidentimiz bu günlərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar Azər Qocayevi videoformatda qəbul etdiyi zaman da səsləndirdiyi fikirlərin, ümumiyyətlə, cəmiyyətə ünvanlanmış mülahizələrin hər biri, deyərdim ki, əhəmiyyətli mesajlar idi. Bu mesajların hər birinin arxasında həm dövlətin qətiyyəti, həm də Prezidentin siyasi iradəsi dayanır. Bu, eyni zamanda, islahatlar yolunda sürətlə irəliləyən, gündən-günə daha böyük nailiyyətlərə imza atan Azərbaycanın yol xəritəsi kimi də qiymətləndirilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.

O, bildirib ki, ölkə Prezidenti çox əhəmiyyətli məsələlərə toxunub və artıq hamıya bəllidir ki, vəzifəsindən sui- istifadə edənlərə qarşı son vaxtlar kəskin mübarizə aparılır. Xalqın malına xor baxanlar, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş yardımı mənimsəyənlər, əsasən, qohumlarına, yaxınlarına paylayanlar, dövlət büdcəsini talan edənlər, ayrılmış vəsaiti təyinatına görə deyil, özlərinin şəxsi məqsədləri üçün istifadə edənlər sərt cəzalandırılır. Onlar artıq qanun qarşısında cavab verəcəklər. Bu, çox əhəmiyyətli məqamlardan, ölkəmizdəki demokratik ab-havadan, şəffaflıqdan xəbər verir və əhali tərəfindən rəğbətlə qarşılanır.

“Göründüyü kimi, kimliyindən və mövqeyindən asılı olmayaraq , hər kəs qanun qarşısında cavab verir. Əgər sən xalqa xidmət etmirsənsə, öz mənafeyini hamıdan üstün tutursansa, dövlətin malını mənimsəyirsənsə, mütləq bunun cavabını almalısan. Necə ki, belə hallara yol vermiş beş rayonun icra hakimiyyətinin başçışı və əməkdaşları regionlarda bir sıra şəhər, qəsəbə, kənd icra nümayəndələri, Mədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri cəzalandırıldı.

Belə qətiyyətli addımlar cəmiyyət tərəfindən də böyük razılıqla qarşılanır. Ölkədə start götürən genişmiqyaslı islahatlar, reallaşdırılan layihələr, xüsusilə, dövlət malına xor baxanlara, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş yardımı mənimsəyənlərə qarşı sərt tədbirlərin görülməsi alqışa layiqdir. Bütün bunlar xalqın mənafeyinin qorunması məqsədi ilə edilir“-deyə, millət vəkili əlavə edib (Xalq qəzeti).

Etikxeber.az

Read Previous

DTX terror qruplaşmasına qoşulan şəxsi həbs edərək-ÖLKƏYƏ GƏTİRDİ – VİDEO

Read Next

“Qərbi Azərbaycan”ın perspektivini gələcək proseslər göstərəcək…”-AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir