“Dözülməyəcək və yol verilməyəcək…Hər kəs bunu qulaqlarından sırğa etsin…Hər kəs əməllərinin cavabını mütləq şəkildə verəcək”-DEPUTAT SON ZAMANLARDAKI ƏMƏLİYYATLARDAN, HƏBSLƏRDƏN BƏHS ETDİ

Hər kəsə yaxşı məlumdur ki, ölkədə korrupsiyaya və rüşvətxorluğua, məmur özbaşınalğına qarşı əsl müharibə elan olunub. Xüsusilə də, 2018-ci ilin prezident seçkilərindən və 2019-cu ilin payızından bu müharibə, bu mübarizə bütün sahələrdə və struktirlarda daha ardıcıl, daha sistemil, daha qətiyyətli şəkildə aparılır. Yerli icra hakimiyyətlərindən başlamış mərkəzi icra hakimiyyətlərinə, dövlət qurumlarına, nazirliklərə qədər bütün sahələri, strukturları əhatə edir, heç kim və heç nə kənarda qalmır. Bir neçə icra başçısının, nazir müavinlərinin, idarə rəislərinin, şöbə müdirlərinin həbsləri bunlara əyani misaldır. Elə bir neçə gün öncə Xarici İşlər Nazirliyində Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri, 3 yüksək ranqlı məmurun həbsi onu göstərir ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədə geriyə çəkilmə, dayanma, fasilə yoxdur. Həmçinin, kimliyindən asılı olmayaraq, kimsəyə qarşı güzəşt yoxdur, edilmir və edilməyəcək. Necə deyərlər, kimsənin göz yaşlarına baxılmır və baxılmayacaq.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, bunu ölkə Prezidenti İlham Əliyev özünün bütün çıxışlarında, videoqəbullarında, açılışlarda, yerlim telekanallara müsahibələrində də birmənalı və sərt şəkildə ifadə edib. Qeyd edib ki, kimsə yol verdikləri cinayət əməllərindən kənarda qala, yaxa qurtara bilməyəcək, etimadı doğrultmayanlar, mənimsəməyə, cinayətə yol verənlər bir nəfər kimi cəzalanacaqlar.

“Bu, həm də onu göstərir ki, Azərbaycan dövləti, ölkə Prezidenti bu məsələdə nə qədər əzmlidir, qətiyyətlidir, iradəlidir və məqsəd, niyyət bu proses yekunlaşana qədər onu davam etdirmək, rüşvətxorluğun və korrupsiyanın kökünü kəsməyə nail olmaqdır. Elə dünən ölkənin 3 qurumu-Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilmiş birgə xüsusi əməliyyat, yerli fermərlərə çatmalı olan subsidiyaların mənimsənilməsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin aşkarlanması, zərərsizləşdirməsi, xeyli sayda insanın məsuliyyətə cəlb olunması deyilənlərin söz deyil, konkret əməl, konkret addım olmasının bariz nümunəsidir. Yayılan birgə məlumata əsasən, cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

Həmçinin, araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər. İlkin araşdırmalarla, həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı  pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 000 000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib və sair.

Bəli, hər bir kəs kimliyindən, tutduğu mövqeyindən, daşıdığı vəzifəsindən, keçmişdə xidmətləri olub-olmamasından asılı olmayaraq, etdiklərinin, törətdiklərinin, yol verdiklərinin, cinayət əməllərinin bir gün hesabını verməlidir, verir və verəcək. Çünki bu əməlləri törədənlər həm dövlətə qarşı zərbə vurmuş olurlar, həm də halal yolla, minbir əzab-əziyyətlərlə çörək qazanan insanların çörəyinə bais, onların haqqını yemiş, haqqına girmiş olurlar. Bunlara isə dözülə və yol verilə bilməz. Dözülməyəcək və yol verilməyəcək. Hər kəs bunu qulaqlarından sırğa etsin. Hər kəs əməllərinin cavabını mütləq şəkildə verəcək”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Jurnalistlər Binasında həyəcan-YAŞANDI VƏ…

Read Next

Şimşək çaxıb, yağış yağıb, sel olub – FAKTİKİ HAVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir