“DTX-nın “Məmmədyarov əməliyyatı”… Bir zamanlar müxalifətə yaxınlığı ilə seçilən Canəhmədovun oğlunun və gəlininin XİN-də yüksək vəzifə daşıması…Mediaya sızan xəbərlər…”-KAMİL HƏMZƏOĞLU YAZDI

Dövlət Təhlükəsizlik Xidməti (DTX) dünən Xarici İşlər Nazirliyində (XİN) xüsusi əməliyyat keçirdi…

Qısa açıqlamadan sonra, hələlik əməliyyatla bağlı heç bir rəsmi məlumat yayılmır, yayılmayıb…

Yəqin ki, bu gün-sabah açıqlanar, yayımlanar…

XİN kimi müstəsna, önəmli və elit sayılan bir qurmda belə bir əməliyyatın keçirilməsi xeyli gözlənilməz olsa da, həm də gözlənilən idi…

Nəzərə alaq ki, bir neçə gün öncə XİN, onun rəhbəri rəsmi şəkildə DTX-ya müraciət etmiş, Məmmədyarov və ailəsinin nüfuzu ilə bağlı yayılan dezinformasiyaların…araşdırılması istənilmişdi…

Əməliyyatın keçirilməsi ilə bağlı birinci səbəb bu ola bilər-zəif ehtimal olsa da…

Çünki artıq mediaya sızan məlumatlara görə, əməliyyat nəticəsində 5-6 nəfər yüksək çinli XİN rəsmisi saxlanılıb ki, onların da hamısı nazirə yaxın şəxslərdir…

Məsələn, saxlanılanlardan birinin tanınmış siyasətçi, DİP sədri, millət vəkili Asim Mollazadənin əmisi oğlu Fərhad Mollazadə (XİN-in İşlər İdarəsinin rəisi) olduğu deyilir…

Cənab Mollazadə bunu-qohumluğunu təkzib etməyib, ancaq onunla heç bir əlaqəsi olmadığını da deyib. Həmçinin, “hakimiyyətin adamı” olduğunu söyləyib, sözlərinə əlavə edib…

Eyni zamanda, mətbuatda, sosial şəbəklərdə gedən məlumatlara görə, saxlanılanlar arasında XİN-in Kadrlar İdarəsinin rəsisi Lamiyə Canəhmədova da var ki, nazirə yaxınlığı ilə seçilir…Onun həyat yoldaşı Anar Canəhmədov da Məmmədyarovun yaxın adamlarından, XİN-in Latın Amerika ölkələri üzrə İdarəsinin rəisidir…

Əgər deyilənlər təsdiqini taparsa, Məmmədyarovun başının ağrıması qaçılmaz olacaq…Ən azı və ən yaxşı halda yaxın dostu Əbülfəs Qarayev kimi vəzifəsindən getməli, kənarlaşdırılmalı olacaq…

Burada diqqəti cəlb edən saxlanılanlardan, saxlanıldıqları deyilənlərdən ikisinin soyadı məsələsidir…Mollazadə və Canəhmədov

Bildiyimiz kimi, Mollazadə soyadı daha çox 1992-93-cü illərdə, AXC hakimiyyəti dövründə tanınmağa başladı- Asim bəy və onun peşəkar diplomat qardaşı Ceyhun bəylə…Heç şübhəsiz ki, F. Mollazadənin bu cür vəzifəyə təyinatında bu soyadın rolu olmamış deyil…Amma bütün hallarda Asim və Ceyhun Mollazadələri bu məsələyə bulaşdırmaq olmaz …

Canəhmədov soyadına gəlincə, özündənrazılıq kimi çıxmasın, kimsə mənim hafizəmə və yaddaşıma şübhə edə bilməz…Əslən xızılı olan tanınmış alim Əhəd Canəhmədov uzun illər, elə son illərə kimi, müxalif düşərgəyə yaxın isimlərdən olub…Nüfuzlu ziyalı kimi, müxalif təşkilatların bir çox toplantılarında və qurumlarında fəxri yer alıb…Özüm də şahid olmuşam, mediada da gedib…

Odur ki, belə bir şəxsin oğlunun və gəlininin (əgər deyilənlər düzdürsə) XİN-də böyük vəzifələr daşıması kifayət qədər maraqlı və reallığımız üçün riskli bir addımdır…

Onu da qeyd edək ki, hər zaman iqtidar ABŞ, o cümlədən, Qərbə ehtiyatlılıqla və həssaslıqla yanaşıb…İçində onlara tam inam, güvən olmayıb…Çünki aparıcı Qərb ölkələri, xüsusilə, ABŞ istər demokratik, istər yarımdemokratik, istərsə də digər quruluşlar üçün daim potensial təhlükə mənbəyi olub…

Həm də onu nəzərə alaq ki, bu iqtidarın çox xeyrini görmüş, onun içindən çıxmış bir çox tanınmışlar və onların övladları Qərbə, ABŞ-a köçdükdən sonra hakimiyyətə qarşı asi çıxıblar…Keçmiş Xarici İqtisadi əlaqələr naziri Qüdrət Quliyevin oğlu, mərhum Heydər Əliyevin 3-5 sədaqətli tərəfdaşından biri sayılan akademik, mərhum Fərəməz Maqsudovun nəvəsi və onun ötənilki açıqlamaları, səfir Arif Məmmədov və sair…

Bu baxımdan, ABŞ-da yaşayan, oranın vətəndaşlığını alan, bizneslərini quran (həmçinin, adları maliyyə, mənzil məsələlərində hallandırılan) Xarici İşlər nazirinin övladlarının da gələcəkdə asi çıxmayacaqlarına, “əzabkeş” obrazına girməyəcəklərinə kimsə təminat verə bilməz…

Kimlərsə bunu qeyri-ciddi saya bilər, necə ki, nazir Məmmədyarovu da qeyri-ciddi hesab edirdilər…Amma bu adam 16 ildir ki, ən mühüm qurumlardan birinə rəhbərlik edir və qeyd edim ki, bütün hallarda peşəkar diplomatdır, savadlıdır, pozitiv insandır…

Azərbaycan dilini yaxşı bilməməsi ən zəif yeri olsa da və onu hədəf nöqtəsinə çevirsə də, Azərbaycanda səlis Azərbaycan dilində, Azərbaycan türkcəsində “bülbül kimi” ötənlərin sonda, sonradan nə oyunlardan çıxdığını o qədər görmüşük ki…

Həm də cənab Məmmədyarov digər nazirlər, rəsmilər kimi (əksəriyyət kimi) mediaya və müxalifətə dözümsüz olmayıb…

Bütün təbdirlərdə istənilən jurnalistin sualını gülərüzlə, pozitivliklə cavablandırıb, qətiyyən, aqressiv davranmayıb…Həm də heç zaman daxili siyasətə meyllənməyib…

Düzdür, adı Xarici İşlər olsa da, dünya paraktikasına baxsaq görərik ki, bu nazirlik və onun şefi hər zaman daxili siyasətin episentrində olub…

Keçmiş SSRİ Xarici İşlər naziri Şevardnadzenin, Qırğızıstanın sabiq XİN başçısı Roza Otunbayevanın, Gürcüstanın sabiq Xarici İşlər naziri Qriqol Vaşadzenin və bir çoxlarının timsalında bunu görmək və göstərmək olar…Elə qardaş Türkiyənin özündə-Xarici İşlər naziri Mövlud Çavuşoğlu hər zaman daxili siyasətin mərkəzində yer alıb…

Amma Məmmədyarov bir növ bu məsələdə istisna təşkil edib…Bunun özü isə indiki reallıqda o qədər də xoş qəbul edilməyən məqamlardandır…Bunlar hələlik mənim ilkin ehtimallarımdır… Hər şey əksinə də ola bilər… Limit də dola bilər, üzərindən əl də götürülə bilər, daha da möhkəmləndirilə, təminatlandırıla bilər və sair…

Amma o da var ki, son zamanlar ehtimallarım böyük əksəriyyət etıbarı ilə doğru çıxır…Nə isə…Bir az da səbr edək, yaşayarıq, görərik…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Mətbuatın 145 illik yubileyinə fövqəladə, alışmadığımız bir şəraitdə-koronavirus pandemiyası dönəmində hazırlaşırıq ki…”-JALƏ ƏLİYEVANIN YAZISI

Read Next

Bakıda bağda “ad günü” keçirən 5 nəfərin hər biri-200 MANAT CƏRİMƏLƏNDİ…-FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir