“Dünya ölkələri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq qururuq” – DEPUTAT İƏİT-İN RƏSMİSİ İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüşü olub.

Etikxeber.az xəbər verir ki, görüşdə Sevinc Fətəliyeva Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu deyib.

Bildirilib ki, ölkəmiz müsəlman Şərqində ilk dəfə demokratik, parlamentli dövlət qurub. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi təntənəli surətdə qeyd olundu:

“Hazırda ölkəmizdə siyasi, iqtisadi, sosial, humanitar sahələrdə əhəmiyyətli islahatlar aparılır. Enerji sektorunda həyata keçirilən qlobal layihələrdə ölkəmiz fəal iştirak edir. Biz region və dünya ölkələri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq qururuq. Ölkəmizdə multikultural, tolerantlıq kimi dəyərlər geniş təbliğ olunur. Qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir”.

Deputat diqqətə çatdırıb ki, dövlətimizin sürətli inkişafında parlament önəmli rol oynayır:

“Bütün strukturlarda olduğu kimi, parlamentdə də qadınlar yüksək səviyyədə təmsil olunur. Qanunverici orqanda həyatın müxtəlif sahələrini əhatə edən komitələr formalaşıb. Xarici ölkələrlə əlaqələr üzrə parlamentlərarası işçi qrupları mövcuddur. Deputatlarımız qanun yaradıcılığı ilə yanaşı, mötəbər beynəlxalq təşkilatlarda da fəal iş aparırlar”.

Sevinc Fətəliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə sosial, təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirdiyi önəmli layihələr barədə məlumat verib. Azərbaycanda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf Əməkdaşlığı üzrə Direktorluğunun şöbə müdiri Ana Fernandez səfərin məqsədinin Azərbaycanın beynəlxalq əməkdaşıq sahəsində təcrübəsinin öyrənilməsindən ibarət olduğunu söyləyib.

O, ölkəmizdə müşahidə etdiyi inkişafdan məmnunluğunu ifadə edib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) uğurlu fəaliyyəti barədə söhbət açıb.

Qurumun dünyanın müxtəlif bölgələrində mövcud olan sosial problemlərin aradan qaldırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Qonaq təmsil etdiyi təşkilatla AIDA arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycan dünyada getdikcə daha böyük nüfuz qazanır.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

AXC-də təmsil olunmuş tanınmışlar: Murtuz Ələsgərov, Əli Nağıyev, Fəzail Ağamalı… – TƏŞKİLATIN YARANMASINDAN 30 İL ÖTÜR

Read Next

“Müsavatçı”nın oğlu dənizdə boğuldu – MƏRHUMUN İKİNCİ ÖVLADI BU YAXINLARDA DÜNYAYA GƏLƏCƏKMİŞ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir