“Sosial şəbəkələrlə bağlı tənzimləmə işlərinin aparılmasına ehtiyac var…”-JALƏ ƏLİYEVA BELƏ DÜŞÜNÜR

Sosial şəbəkələr günümüzün reallığına, həyatımızın bir tərkib hissəsinə, ayrılmaz parçasına çevrilib.

İstəsək də, istəməsək də, artıq bu virtual dünyanın, bu virtual məkanın sakinləri, vətəndaşlarıyıq.

Belə bir məşhur kəlam var ki, mən siyasətlə maraqlanmırdım, məşğul olmurdum, amma bir də gördüm ki, siyasət özü mənimlə maraqlanır, məşğul olur… Bunu eynilə sosial şəbəklərə də aid, transfer etmək olar. Biz ondan qaçmaq istədikcə, o, bizə daha da yaxınlaşır.

Təbii ki, sosial şəbəkələrin olması bir çox məqamlardan faydalıdır, deyərdim ki, lazımlıdır. Çünki əsrimiz informasiya-kommunikasiya texnologiyaları (İKT) əsrdidir. İndi İKT-siz heç bir dövlətin inkişafını, tərəqqisini təsəvvür etmək belə mümkün deyil. Hətta, bir neçə il öncə Azərbaycanda “İKT ili” elan olunmuş və həmin müddətdən bu yana ölkəmizdə bu istiqamətdə inqilabi addımlar atılmış, böyük uğurlar əldə edilmişdir.

Bu yöndə işlər bu günün özündə-hətta, ağır, üzücü pandemiya şəraitində belə görülür, davam etdirilir. Bu baxımdan sosial şəbəklərin, sosial medianın, internet resurslarının olması da vacibdir və önəmlidir. Sosial şəbəkələr, internet resursları vasitəsi ilə ölkənlə, sahib olduğun dəyərlərlə, milli-mənəvi-tarixi-dini zənginliklərlə, tarixinlə, keçmişinlə, bugününlə, inkişafınla, üzləşdiyin haqsızlarla, ikili, üçlü, beşli standartlarla bağlı öz fikirlərini, mesajlarını, iradlarını, etirazları, haqq səsini daha tez və daha asan şəkildə çatdırmaq imkanlarına sahibsən…

Bu, həm də sənin virtual olsa belə, dünyaya növbəti bir çıxışındır, qapındır…Amma… Əgər həqiqətən də, sən həqiqət yolundasansa, həqiqət axtarışındasansa, şəxsi, dar, cılız maraqlar deyil, ali, ülvi dəyərləri hədəfləmisənsə… Çox təəssüflər olsun ki, sosial şəbəkə istifadəçilərinin və izləyicilərinin sayının gündən-günə artmasına, çoxalmasına baxmayaraq, bir çox hallarda bunun əksini görür və müşahidə edirik…Bir çox sosial şəbəkə istifadəçiləri bu məkanı kimlərəsə, hətta sənin dövlətinə, vətəninə, millətinə, dəyərlərinə qarşı savaş meydanına çevirir, söyüş, təhqir, böhtan, şantaj…vasitəsinə döndərir, terror əsdirir…Bunlar isə çox narahatedici və qorxulu məqamlar, tendensiyalardır.

Bunları heç cür qəbul etmək, onlarla heç bir halda susub-barışmaq olmaz. Amma qeyd etdiyimiz kimi, təəssüflər olsun ki, son bir neçə ildə sosial şəbəkələr daha çox belələrinin, mənfi, zərərli, məkrli, təhlükəli, görünər və görünməz qüvvələrin ruporuna, tribunasına çevrilib. Bu məsələdə də ölkəmizi, müstəqilliyimizi gözügötürməyən dairələr, ermənipərəst antiAzərbaycan mərkəzlər, onların ölkəmizdəki və xarici dövlətlərdəki əlaltıları, milli mənliyi olmayan insanlar (əgər belələrinə insan demək mümkündürsə), qruplar daha fəal və aktivdirlər…

Bunu neçə illərdir həm sosial şəbəkələrdən, həm də digər internet resurslarından, youtube kanallarından görürük. Bir çoxları üçün artıq (yəqin əvvəldən mövcud olmayıb) milli dəyər, milli mənlik, milli təəssübkeşlik deyilən nəsnələr, keyfiyyətlər qalmayıb, öz cılız, dar, məkrli, maraqları naminə hər şeyi tapdalamağa hazırdırlar və bunu da qulluqlarında durduqlarının qarşısında “canla-başla” yerinə yetirirlər… Dövlətimizə, vətənimizə, ordumuza, dəyərli insanlarımıza, şəxsiyyətlərimizə, hakimiyyət nümayəndələrimizə qarşı hər cür murdarlığa əl atırlar, yəni, dil uzatmadıqları nəsə yoxdur… Bəli, dövlətimiz kifayət qədər güclü və qüdrətlidir, bəli, xalqımız kifayət qədər yetkin və iradəlidir…

Belələrinin istənilən addımının qarşısını almağa hazırdır və bu addımlar da zaman-zaman atılır. Amma hələ də öz ziyanlı və məkrli addımlarından vaz keçməyənlər var, hələ də düşmənin-işğalçı dövlətin və onun havadarlarının bu virtual məkan vasitəsi ilə ölkəmizə qarşı açıq və gizli formada basqıları, təxribatları davam etdirilir. Ona görə də kifayət qədər ayıq-sayıq olmaq zamanıdır. Ehtiyatı, tədbiri heç cür əldən buraxmaq olmaz. Bəli, bu gün dünyanın əksər ölkələri, özlərini aparıcı, insan haqlarının, demokratiyanın beşiyi hesab edən Avropa, Qərb ölkələrində, ABŞ-da belə sosial şəbəkələrin qanunvericiliklə tənzimlənməsi yolunda addımlar atılır. Hətta, bir çox ölkələrdə bununla bağlı qanunlar mövcuddur.

Məsələn, son illər Almaniya qanunvericiliyinə nəzər saldıqda görürük ki, 2017-ci ildə qəbul edilmiş “Facebook aktı” kimi də adlandırılan “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanun sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə isə sosial şəbəkələr paylaşımları silməklə bərabər, müəlliflərin İP adresləri ilə birlikdə Federal Kriminal İdarəyə bəyan etməlidirlər. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarə istifadəçilərin qeydiyyat məlumatlarını da tələb edə bilər. Sonuncu qanun internetdə nifrət və ədavət yayan cinayətlərə, eləcə də uşaq pornoqrafiyasının yayılmasına qarşı cəza mexanizmlərini nəzərdə tutur. Qanuna görə sosial şəbəkələr açıq-aydın cinayət tərkibli paylaşımlar barədə Federal Kriminal İdarəsinə məlumat vermək öhdəliyi daşıyırlar.

Həmçinin, artıq bir neçə ildir ki, dost və qardaş Türkiyə Respublikasında internet məkanında baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində hüquqi müstəvidə tədbirlər görülməkdədir. Belə ki, 2007-ci ilin 4 may tarixində “İnternet məkanında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul edilmişdir. Növbəti illərdə bu sahədə bir sıra addımlar atılmış və ən son olaraq Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən cari ilin 29 iyul tarixində sosial mediaya aid tənzimləmələri özündə ehtiva 9 maddədən ibarət dəyişikliklər qeyd olunan Qanuna əlavə edilmişdir. Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısı bu yolla alınacaqdır. Twitter, Facebook və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiya tətbiq ediləcəkdir. Təhqir məzmunlu paylaşımlar isə 48 saat ərzində silinəcək və sair.

Bu cür misalların sayını artırmaq olar, amma hesab edirəm ki, buna o qədər də ehtiyac qalmır, mənzərə tam aydınlaşmış olur…Odur ki, bu təcrübədən yararlanaraq, Azərbaycanda da bu yöndə addımların atılmasına ehtiyac var.

Bununla da bağlı məsələ dəfələrlə gündəmə gəlib, müzakirələr açılıb, hətta, parlament səviyyəsində bir neçə dəfə bu məsələyə toxunulub…

Ona görə belə hesab edirəm ki, bir daha dünyadakı təcrübə öyrənilməklə, eyni zamanda, yerli xüsusiyyətlər, məziyyətlər nəzərə alınmaqla, sosial şəbəkələrlə bağlı tənzimləmə işlərinin aparılmasına, müvafiq qanunvericiliyin ya dəyişdirilməsinə, ya da yenisinin qəbul edilməsinə ehtiyac var.

Bu, zamanın tələbidir və cəmiyyətdən gələn sifarişdir.

18:38

Jalə ƏLİYEVA,

Millət vəkili  

Etikxeber.az

Read Previous

29-30 iyulda keçirilən buraxılış və qəbul imtahanlarının nəticələri-ELAN OLUNDU

Read Next

54 saat ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir