Əbədiyyətə uğurlanmasından beş il keçən Mingəçevirli Ərzuman Osmanov-CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ, 38 YAŞI TAMAM OLAN ŞAMAXILI FARİZ ŞIXALIYEV… – FOTOLAR – YENİLƏNİB – (2)

Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fariz Şahverdi oğlu Şıxalıyevin doğum günüdür.

Fariz Şıxalıyevin bu gün-10 dekabr 2025-ci il tarixində 38 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Şamaxının Qaravəlli kəndindən olan Fariz Şıxalıyev 1987-ci ilin 10 dekabr tarixində Rusiyanın Xabarovsk Vilayətində dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə yenidən Azərbaycana, Şamaxı rayonuna dönüblər.

1994-2004-cü illərdə Qaravəlli kənd tam orta məktəbində oxuyub.

2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb.

Fariz Şıxalıyev 2011-ci ildə Silahlı Qüvvələrin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində Gizir hərbi rütbəsi altında xidmətə başlayıb.

2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında xidmətini davam etdirib.

2016-cı ilin Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində döyüşüb. 

İkinci Vətən Müharibəsi zamanı isə Füzuli,Cəbrayıl, Xocavənd, Qubadlı  və Zəngilan istiqamətində gedən döyüşlərdə  iştirak edib.

Xocavənd istiqamətində gedən döyüşlər zamanı isə qəhrəmancasına Şəhid olub. 

Oktyabrın 29-da Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda”“Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 Fariz həm də ailəli olub.

Bir oğlan övladı Vətənə əmanət qalıb.

Adını daşıyan küçə var.

Eyni zamanda, Fariz Şıxalıyevin bibisi oğlu-20 yaşlı Yalçın Rəhimov da İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Məkanı cənnətlik, 38 yaşı mübarək olsun!

***

Bu gün həm də Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ərzuman Osmanovun Anım Günüdür.

Ərzuman Osmanovun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından beş il keçir.

Qeyd edək ki, Ərzuman Kamran oğlu Osmanov 1990-cı ilin dekabr ayının 25-də dünyaya gəlib.

Ailənin dörd övladından biri olub.

O, həm də subay idi.

1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. 

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Ağır döyüşlərdən birində-oktyabrın 1-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi uzun müddət tapılmayıb.

Yalınız 69 gündən sonra ailəsinə təhvil verilib və 2020-ci ilin dekabr ayının 10-da, 30 yaşının tamam olmasına 15 gün qalmış Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Nur içində yatsın!

13:58

***

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Fariz Şıxalıyevin Şamaxı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar edilib.

Şəhidin ailəsinə, doğmalarına, valideynlərinə-anası Xəzəngül xanıma və atası Şahverdi kişiAllahdan səbr və dözüm arzulanıb.

Şəhidin İgidliyi Qəhrəmanlığından söz açılıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Qaravəlli kənd tam orta məktəbinin şagirdləri tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdən sonra isə Şamaxı rayon məscidində Şəhidin Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Sonda doğum günü ilə bağlı hazırlanmış tort kəsilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Şamaxı, Bakı və Abşerondan olan Şəhid ailələri, yerli ziyalılar, məktəblillər, din xadimləri və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi onun irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcək”-İLHAM ƏLİYEV – FOTO

Read Next

Heydər Əliyevin anım günü ilə bağlı bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir