“Əbədiyyət dastanı” kitabının-TƏQDİMAT MƏRASİMİ… – FOTOLAR

Qəhrəmanların xatirəsini yaşatmaq mənim üçün mənəvi borcdur. Yazıçı üçün ən böyük xoşbəxtlik qələmə aldığı əsərin oxucularla görüşməsi, xalqın mənəvi yaddaşına çevrilməsidir. Mənim üçün isə bu sevinc daha böyük məna daşıyır. Çünki “Əbədiyyət dastanı” kitabı adi bir kitab deyil. Bu kitab Qubadlı rayonunun Çaytumas kəndinin Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarının müqəddəs xatirəsinə ucaldılmış mənəvi abidədir.

Etikxeber.az xəbər verir ki, bu sözlər Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızına məxsusdur.

Qeyd edək ki, Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonunun St. Sumqayıt ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən Vasili Əliyev adına Qubadlı Rayon Mədəniyyət Evində sözügedən kitabın- “Əbədiyyət dastanı” kitabının təqdimat mərasimi keçirilib.

“Tədbirdə iştirak edən hər bir insanın Şəhidlərimizin xatirəsinə sonsuz ehtiramı mənə böyük qürur hissi yaşatdı. Mən bir daha əmin oldum ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımız xalqımızın qəlbində əbədi yaşayırlar”-deyən müəllifin sözlərinə görə, adıçəkilən tədbir mərhum dövlət başçısı Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş bütün Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Təqdimatda Qubadlı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini, qazi Sənan Həsənov, Qubadlı rayon Mədəniyyət Evinin direktoru Ziba İbrahimova, vətənpərvər şair Elbrus Qayalı, keçmiş döyüşçülər Novruz Məmmədov, Kamil Mahmudov, İnanəddin Məhyəddinov, Şəhid yaxınları Əli Məcnunov, Ələsgər Məcnunov, Leyla Əhmədova, Valid Quliyev və digər çıxışçılar kitab haqqında dəyərli fikirlərini bölüşüblər.

“Onların söylədiyi xoş sözlər və yüksək qiymət mənim üçün müəllif əməyinə verilən ən böyük dəyər idi. Mən çıxışımda bildirdim ki, uzun illərdir qələmimi Vətənə, şəhidlərimizə və onların əziz xatirəsinə həsr etmişəm. Yazdığım hər kitabda məqsədim qəhrəmanlarımızın həyat yolunu gələcək nəsillərə çatdırmaq, onların adını əbədiləşdirmək olub. Çaytumas kəndinin qəhrəman oğulları haqqında kitab yazmaq mənim üçün həm böyük məsuliyyət, həm də böyük şərəf idi. Bu kitabın ərsəyə gəlməsində mənə dəstək olan insanların əməyini xüsusi qeyd etməyi özümə mənəvi borc bilirəm. Onlardan biri də uşaqlıq və gənclik illəri Qubadlı rayonunun Çaytumas kəndində keçmiş, bu gün isə həm şəhid anası, həm də doğma kəndinin yaddaşını yaşadan dəyərli insan Leyla Əhmədovadır. Kitab üzərində işlədiyim müddətdə Leyla ana mənimlə uzun-uzadı söhbətlər etdi. O, doğulub boya-başa çatdığı Çaytumas kəndinin tarixindən, adət-ənənələrindən, insanlarının saflığından, kənddə hökm sürən mehribanlıqdan və birlikdən böyük sevgi ilə danışırdı.

Onun hər söhbətində doğma kəndinə sonsuz məhəbbəti hiss olunurdu. Xatirələrini danışdıqca sanki illərin arxasına qayıdır, uşaqlıq və gənclik illərini yenidən yaşayırdı. Kəndin qəhrəman oğullarından söz düşəndə isə Leyla ananın səsindəki kövrəklik daha da artırdı. O, hər bir şəhid haqqında böyük sevgi və ehtiramla danışır, onların uşaqlıq illərini, xarakterlərini, vətənpərvərliklərini, ailələrini, döyüş yolunu böyük həssaslıqla xatırlayırdı. Bəzən xatirələr göz yaşlarına qarışırdı. Mən onu dinlədikcə anlayırdım ki, bu kitab təkcə arxiv materialları əsasında deyil, insanların qəlbində yaşayan canlı xatirələr üzərində yazılır. Leyla Əhmədovanın söylədiyi hər bir xatirə, hər bir detal “Əbədiyyət dastanı” kitabının daha dolğun, daha səmimi və daha təsirli ərsəyə gəlməsinə böyük töhfə verdi. O, təkcə öz şəhid övladının deyil, Çaytumas kəndinin bütün qəhrəman şəhidlərinin xatirəsini ürəyində yaşadan fədakar Azərbaycan anasıdır”-deyən R. Kamilqızı elə bu yerdə göstərdiyi səmimi köməyə, paylaşdığı qiymətli məlumatlara və mənəvi dəstəyə görə L. Əhmədovaya minnətdarlığını ifadə edib.

“Əbədiyyət dastanı” kitabını yazmaqda əsas məqsədim yalnız şəhidlərin həyat yolunu qələmə almaq deyildi. Mən istəyirdim ki, gələcək nəsillər bu igid oğulların necə yaşadıqlarını, Vətən uğrunda necə mübarizə apardıqlarını və hansı müqəddəs amal uğrunda canlarından keçdiklərini öyrənsinlər. Bu kitab onların ölməz ruhuna olan ehtiramımın ifadəsidir. Tədbirdə şəhid ailələrinin, qazilərimizin, veteranlarımızın və ziyalılarımızın çıxışlarını dinlədikcə bir daha əmin oldum ki, qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Onların adı xalqımızın yaddaşında, yazılan kitablarda və gələcək nəsillərin qəlbində daim yaşayacaq”-deyə, R. Kamilqızı sözlərinə əlavə edib.

Tədbirin sonunda həmçinin, iştirakçılar ölkəmizdə Şəhid ailələrinə və Qazilərə göstərilən dövlət qayğısından danışaraq, belə əhəmiyyətli tədbirlərin keçirilməsinə göstərdiyi dəstəyə görə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova minnətdarlıqlarını ifadə ediblər.

“Mən də bu mənalı tədbirin təşkilinə görə Qubadlı rayon İcra Hakimiyyətinə, çıxış edən bütün ziyalılara, şəhid ailələrinə, qazilərimizə, veteranlarımıza, mədəniyyət işçilərinə və tədbirdə iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Təqdimatın sonunda iştirakçılara “Əbədiyyət dastanı” kitabını hədiyyə etmək mənim üçün qürurverici idi. İnanıram ki, “Əbədiyyət dastanı” gələcək nəsillər üçün qiymətli bir mənbə olacaq, Çaytumas kəndinin qəhrəman şəhidlərinin adını yaşadacaq və hər bir oxucuda Vətən sevgisini daha da gücləndirəcək. Qəhrəmanlarımızın xatirəsini yaşatmaq mənim üçün sadəcə yaradıcılıq işi deyil, ömrümün mənası, vicdanımın səsi və müqəddəs vətəndaşlıq borcumdur. Ruhunuz şad olsun, əziz Şəhidlərimiz! Adınız Azərbaycan tarixinin şərəf salnaməsində əbədi yaşayacaq!”-deyə, R. Kamilqızı sonda qeyd edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan bizim üçün mühüm rol oynayır…”-FRİDRİX MERTS – “Bizim ərazimiz bizdən xəbərsiz istifadə edilib…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (9)

Read Next

Azərbaycanda Milli Mətbuat Günü-QEYD OLUNUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir