Ailəli, iki övlad atası, ali hərbi-təhsilli, polkovnik-leytenant idi…Günnüt əməliyyatında iştirak etdi, İkinci Vətən Müharibəsində Şəhid oldu, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görüldü – Tək oğul, tək övlad idi…Peşəkar hərbçi, Giziriydi…2022-ci ilin sentyabrında “Qisas” əməliyyatı zamanı Şəhadətə qovuşdu, iki övladı Vətənə əmanət qaldı – Tək bacının tək qardaşı, subay idi…2021-ci ilin oktyabrında, Əsgərliyinin bir ilinin tamamında Ağdamda Şəhidlik məqamına ucaldı-BU GÜN ANAR ƏLİYEV, NƏZƏR ƏZİZOV VƏ ƏFQAN HƏMZƏYEVİN MÖVLUDLARI, CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİDİR – FOTOLAR

Bu gün daha bir neçə Şəhidimizin doğum günüdür.

Bu gün-28 avqust tarixində Kəlbəcər rayonunun (həm də Tərtərin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin 46 yaşı, Kürdəmirli-“Qisas” əməliyyatı Şəhidi Nəzər Əzizovun 35 yaşı, Goranboylu-2021-ci il Şəhidi Əfqan Həmzəyevin isə 24 yaşı tamam olur.

Anar Əliyevin Cənnətdəki altıncı doğum günü, Əfqan Həmzəyevin Cənnətdəki beşinci doğum günü, Nəzər Əzizovun isə Cənnətdəki dördüncü mövlududur.

Etikxeber.az xəbər verir ki, Anar Vaqif oğlu Əliyev 1980-ci ilin avqust ayının 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub.

1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb.

2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib, elə həmin ildən Bakıda yerləşən “N” saylı kəşfiyyat briqadasında leytenant kimi hərbi vəzifəsinə başlayıb.

Sonra xidmətini Salyan rayonunda, Şəhadətə ucalan günə kimi isə 6 il xidmətini Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində davam etdirib.

Anar Əliyev 2008-ci ilin yanvar ayında Kapitan, 2012-ci ilin iyununda Mayor, 2015-ci ilin iyununda vaxtından əvvəl Polkovnik-leytenant rütbəsi alıb.

5 dil (Azərbaycan, türk, ingilis, rus, erməni) bilən, səlis və sərbəst danışan Azərbaycan Ordusunun yüksək rütbəli zabiti mütəmadi olaraq xarici ölkələrdə kurslarda, təlimlərdə iştirak edib.

2019-cu ildə keçirilən Beynəlxalq Qars təlimində xüsusi təyinatlılara rəhbərlik Anar Əliyevə tapşırılıb və həmin təlimdə Azərbaycan birincilik əldə edib.

2014-cü ildə Anar Əliyev Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığının sərəncamına göndərilib.

“N” saylı hərbi hissənin qərargah rəisi, daha sonra hərbi hissənin komandiri vəzifəsini icra edib.

2018-ci ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunub.

Anar Əliyev bu əməliyyatda yaxından iştirak edib və fərqlənib.

2020-ci il iyunun 13-də hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant A.Əliyev bu vəzifəni 2020-ci il oktyabrın 17-dək icra edib.

27 sentyabr 2020-ci ildə başlanan İkinci Vətən Müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi.

O, müharibənin ilk 14 gününü Naxçıvanda xidmətdə olub, lakin komandanlığa torpaqlarımızın yağı düşməndən azad olunmasında iştirak etmək üçün müraciət edib.

Oktyabr ayının 11-dən Cəbrayıl, FüzuliZəngilan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıqlara imza atıb.

Oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi 4 gün sonra, oktyabr ayının 25-də Hərbi Memorial Məzarlıqda dəfn edilib.

O, həm də ailəli olub, Bərdəli Vüsalə xanımla ailə həyatı qurub.

Nigar və Əli adlı 2 övladı yadigar, Vətənə əmanət qalıb.

Qızı bu il tələbə adını qazanıb, BDU-ya qəbul olunub.

“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Sağlığında, xidməti dövründə isə III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, II və III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 illik və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.

Müvəqqəti olaraq Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə adı verilib, Tərtər şəhərinin küçələrindən biri onun adını daşıyır.

***

Nəzər Ağacəli oğlu Əzizov 1991-ci ilin avqust ayının 28-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində dünyaya gəlib.

Ailənin tək-yeganə oğlan övladı olub.

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Gizirlik kursunu bitirib, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.

2016-cı ilin Aprel döyüşlərində və İkinci Vətən Müharibəsində-Xocavənd, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib, bir sıra qəhrəmanlıqlara imza atıb.

İkinci Qarabağ Savaşından sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.

O, 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə növbəti erməni təxribatı nəticəsində baş verən qanlı döyüşlər-“Qisas” əməliyyatı zamanı Şəhidlik zirvəsinə ucalıb.

Nəşi 14 sentyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

31 yaşında Şəhdlik zirvəsinə ucalan Nəzər Əzizov da ailəli, iki övlad atası olub.

Uğur və İnci adlı övladları ailəsinə, Vətənə əmanət qalıb.

***

Əfqan Bəhman oğlu Həmzəyev isə 2002-ci ilin avqust ayının 28-də Qəhrəman Goranboy rayonunun Borsunlu kədində çox kasıb bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Orta məktəbi bitirdikdən sonra, 2020-ci ilin oktyabr ayında, İkinci Vətən Müharibəsinin ən qızğın vaxtlarında həqiqi hərbi xidmətə çağırılıb, amma müharibə, döyüş bölgəsinə göndərilməyib.

Əvvəl Bakıda, sonra isə Ağdam istiqamətində hərbi xidmətdə olub.

Əsgərliyinin bir ilinin tamamında, 2021-ci ilin oktyabrın ayının 14-də, saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ağdam isiqamətində Şəhid olan Əfqan Həmzəyevin nəşi bir gün sonra, oktyabr ayının 15-də Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Əfqan isə subay olub.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

“Gözlədim, dedim ki, bəlkə bu gecə qayıdıb gələsən, amma yenə gəlmədin…”-Cənnətdəki beşinci doğum günündə Goranboylu Şəhid, tək və subay oğul Əfqan Həmzəyevin-MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir