Ekranların əksəriyyətini şit və xəcalət verən seriallar zəbt edib – XALQ YAZIÇISI

Millət vəkili, Xalq yazıçısı Elmira Axundova parlament komitələrinin bugünkü büdcə müzakirələrində çıxış edib, bir sıra problemlərə toxunub və maraqlı təkliflərlə çıxış edib.

Etikxeber.az həmin çıxışı olduğu kimi təqdim edir:

“Hörmətli Samir müəllim!

Hər dəfə biz deputatlar və Siz özünüz də qeyd edirsiniz ki, dövlət büdcəsinin büdcə xərclərinin səmərəliliyinin artırılması məqsədi ilə büdcədən maliyyələşən bəzi təşkilatlarda ştat sayının azaldılması, bir sıra qurumların isə ümumiyyətlə fəaliyyətinin dayandırılması problemi aktualdır.

Lakin bu fikirlərə baxmayaraq, Sizin təqdimatınızdan və Hesablama palatasının rəyindən də göründüyü kimi 2017-ci ilə nisbətən 2019-cu ildə büdcə sektorunda çalışanların sayı 19,3 min nəfər artmışdır. Və bunların maliyyələşməsinə 2019-cu ilin büdcəsində 397,6 milyon manat vəsait nəzərdə tutmusunuz. Bir rəqəm də deyim ki, 2018-ci illə müqayisədə gələn il Publik Hüquqi şəxslərə ayrılan vəsait 3,1 dəfə artırılır. Bütün bunlar yəqin ki, yeni təşkilatların, xidmətlərin, yeni yaradılan Publik hüquqi şəxslərin fəaliyyətə başlaması ilə əlaqədardır. Bunun müsbət tərəfi ondan ibarətdir ki, yeni iş yerləri yaranır və bizim oxumuş, o cümlədən xaricdə təhsil almış gənc mütəxəsislərimiz bu yeni təşkilatlarda yer tutaraq öz bilik və təcrübəsini burada tətbiq edirlər. Lakin digər tərəfdən bu, dövlət məmur aparatının artıq dərəcədə şişirdilməsinə gətirib çıxarmazmı?

Bu yeni yaradılan qurmulara və dövlət aparatının böyüməsinə Sizin münasibətiniz necədir?

elmira-2

Eyni zamanda,  Azərbaycan kinosunun inkişafı ilə bağlı 2019-cu ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,5 milyon manat vəsait ayrılmışdır. Burada inkişaf sözü acı gülüş doğurur. Çünki bu vəsaitlə Azərbaycanda cəmi bir dənə ortabab səviyyəli bədii film çəkmək olar. Kino mütəxəssisləri mənə bildiriblər ki, hazırda Gürcüstanda, hətta bizdən daha imkansız olan Ermənistanda kinoindustriyanın inkişafına qat-qat artıq vəsait ayrılır. Bunun nəticəsidir ki, 27 il Müstəqillik dövründə bizdə tarixi, hərbi və digər ümummilli mövzulara aid sadəcə bir-iki dəyərli filmlər ərsəyə gəlib. Bunun əvəzində teleefirləri və kino ekranlarını əksəriyyəti şit, mənasız və xəcalət verən kino və seriallar zəbt edib.

Nəzərə alsaq ki, növbəti ilin büdcə gəlirləri 1 milyard 600 milyon manat artırılır, bu halda Azərbaycan kinosunun inkişafına da 1 milyon manat ayırmaq elə də çətin olmamalıdır. Mən mədəniyyət komitəsinin üzvü kimi Sizdən artıq dərəcədə xahiş edirəm ki, bunu nəzərə alasınız…”.

Etikxeber.az

Read Previous

Bu, büdcənin 33 faizini təşkil edir… – HADİ RƏCƏBLİ – YENİLƏNİB – (14)

Read Next

Son 2 ildə kino sahəsinə vəsait məhdudlaşdırılıb – ŞƏRİFOVDAN ETİRAF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir