“Elə bilin ki, müharibədə, ön cəbhədəyik, digər tərəfdə isə koronavirusdur…”-PREZİDENTİN KÖMƏKÇİSİ – RAMİN BAYRAMLI YENİDƏN MƏTBUAT KONFRANSINA QATILDI – YAXIN GÜNLƏRDƏ 190 MANATIN VERİLMƏSİNƏ BAŞLANILACAQ – YENİLƏNİB – (5)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 583 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 137, ötən müddət ərzində isə ümumilikdə 502 965 test aparılıb.

***

“Pandemiya ilə əlaqədar ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi çətinliklərin qarşısının  alınması üçün müvafiq göstərişlər verildi”.

Bunu isə Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi  deyib ki, Prezidentin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planının həyata keçirilməsi bu gün davam edir:

“Sərt karantinin ikinci həftəsi tamamlanır, ancaq yoluxmanın səviyyəsi hələ də yüksək səviyyədə qalır. Biz bir çox hallarda karantin rejiminin nə dərəcədə sərt olmasının onun həyata keçirilməsindən asılı olduğunu, qaydalara əməl eolunmasa, sərt karantin rejiminin nəticəsinin olmayacağını bildirmişik. Mən burada tərəfləri bölmək istəmirəm, cəmiyyət olaraq bu problemlə üzləşmişik. Azərbaycanın bu problemə qalib gəlməsi üçün cəmiyyətin səfərbər olması vacibdir. Vacib odur ki, mən nə etmişəm. Çünki bu, ümumxalq problemidir və gərək hamımız səfərbər olaq. Elə bilin ki, müharibədə, ön cəbhədəyik, digər tərəfdə isə koronavirusdur. Sadəcə, maska taxmaqla, sosial məsafəni qorumaqla, əllərimizi iez-tez yumaqla biz nəticəyə nail ola bilərik”.

17:20

***

“Supermarketdə, avtobusda maska taxmayana birimiz irad tutanda, hamımız ona dəstək olmalıyıq”-deyən Prezidentin köməkçisi bildirib ki, heç kim isti havada əlcəkdə, maskada gəzmək istəməz:

“Ancaq bunun üçün hamımız qaydalara riayət etməliyik. Bu gün bir çox sualın cavabını bilmirik. Əvvəllər deyirdilər ki, dünya təcrübəsinə müraciət edin. Bu üsulların cavabını hazırda dünya axtarır və tapa bilmir. Mənim də ailəm, uşaqlarım var, bu suallar da məni narahat edir, ailəm də risk altındadır. O riski yaradanlar da insanlardır. “Sosial məsafəni saxlamasam, maska taxmasam, əlimi yumasam, heç nə olmaz” demək düzgün deyil. Sərt karantin rejiminin uzadılmasının da səbəbi odur ki, artım zəncirini qırmaq üçün tibbi-metodiki göstərişlərə riayət edilməlidir”.

Ş. Mövsümov qeyd edib ki, bu gün artım dalğası tək Azərbaycanla bağlı deyil:

“ABŞ və Çində də bu artım var. Azərbaycandan sonra yumşalmalara gedən ölkələrdə də ciddi problem var. Sadəcə, maska taxmaq, sosial məsafəni gözləmək, əlləri yumaq lazımdır”.

“Sərt karantin rejimi yoluxmaların sayını stabil saxlamağa imkan verib ”.

Bunu da mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, karantin rejimi tətbiq olunmasa, yoluxma 2-3 qat artıq olardı:

“Tətbiq edilən karantin rejimi ilə yoluxmanın səviyyəsini sabit saxlamağa nail olmuşuq”.

O, eyni zamanda qeyd edib ki, yoluxmanın artdığı bu günlərdə TƏBİB, Səhiyyə Nazirliyi birgə şəkildə fəaliyyət göstərir, ən yüksək ixtisaslı mütəxəssislər mübarizəyə cəlb edilib”.

R. Bayramlı deyib ki, Azərbaycanda ölüm 2 faizdən aşağıdır:

“Bu, protokolun düzgün tətbiqinin nəticəsidir”.

17:27

***

R. Bayramlı sonra qeyd edib ki, hazırda koronavirus infeksiyasına yoluxmuş xəstələrdən 267 nəfəri reanimasiyada müalicə alır.

Onun sözlərinə görə, xəstələrdən 59 nəfəri süni aparat ilə nəfəs alır.

“Son həftələr daha gənc insanlarda da letal, yəni ölüm halları artır”-deyən TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, yanaşı xəstəliyi olmayan insanlarda da letal hallar artır:

“Bu, virusun mutasiyaya uğraması ilə izah edilir. Ailə şəklində xəstəliyi ağır keçirənlər çoxdur”.

R. Bayramlının dediyinə görə, aktiv xəstələrin 57 faizi Bakıda, 15 faizi Sumqayıtda, 6 faizi Abşeronda, 3 faizi Gəncədədir. TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Oğuz, Yardımlı, Ucar, Zərdab rayonlarında yoluxma səviyyəsi aşağı, Salyan, Neftçala və İsmayıllıda yüksəkdir: “Son günlər Şəki və Yevlax rayonunda da yoluxmanın artması müşahidə olunur”.

R. Bayramlı nəzərə çatdırıb ki, aktiv xəstələrin 38 faizi müalicələrini ixtisaslaşmış xəstəxanalarda davam edir:

“Bakı, Sumqayıt və Abşeronda yoluxmanın səviyyəsini aşağı salmasaq, səhiyyə müəssisələrinin üzərinə daha çox yük düşə bilər. Hazırda bir neçə modul xəstəxana da fəaliyyətə başlayıb”.

17:30

***

Sonra “REACD-19 layihəsi bitsə də, Türkiyədə çalışan həmin həmvətənlərimiz Azərbaycanda qalaraq, fəaliyyətlərini davam etdirirlər”-deyən R. Bayramlı bildirib ki, rəylərin alınması üçün xarici ölkələrdən bir sıra məşhur həkimlər dəvət olunub:

“Onlar bizim tətbiq etdiyimiz protokolların düzgün olduğunu bildirib, yeni tövsiyələr veriblər. Payız aylarında yoluxmanın artacağı ilə bağlı proqonclar da var. Əgər payız aylarında koronavirusla bağlı müsbət nəticəyə nail olmasaq, xəstəxanaların üzərinə düşən yük arta və ağır nəticələr ola bilər”.

Mətbuat konfransında Azərbaycanda koronavirusa yoluxmanın yaş faizləri açıqlanıb. 

R. Bayramlı deyib ki, 0-9 yaş arası virusa yoluxma 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16%, 70-79 yaş arası 4%, 80 yaşdan yuxarı isə 2 % təşkil edir. 

17:37

***

“190 manatlıq ödənişlərlə bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub. 21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda ödənişlər təmin olunacaq”. 

Bu haqda isə Ş. Mövsümov məlumat verib. 

Onun sözlərinə görə, bu ödənişlərin qısa müddətdə – 2-3 gün ərzində hissə-hissə ödənilməsinə başlanacaq:

“Ona görə hissə-hissə ödəniləcək ki, bu ödənişlərin bir qismi bank kartları ilə həyata keçirilir və bankomatların qarşısında müəyyən sıxlıq yaranır. Ona görə də bu ödənişlər hissə-hissə, həmin sıxlığa nəzarət edilməklə veriləcək. O ki qaldı sərt karantinə daxil edilən digər 8 rayona, bu barədə də müzakirələr gedir, bununla bağlı qərar qəbul olunacaq”. 

“İnsanlar hazırda SMS-lə yalnız özlərinə icazə alırlar”.

 Bunu da öz növbəsində mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Dövlət Agentliyinin sədri deyib ki, artıq normativ aktların üzərində SMS-lə icazə alınarkən avtomobilin də ora daxil edilməsi ilə bağlı iş gedir:

“5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir. Artıq bununla bağlı normativ hüquqi aktlar hazırlanır. Qanunvericilik icazə verəndən sonra bu sahədə tənzimləmə həyata keçirəcək”.

O, həmçinin, deyib ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Amma taksi xidməti fəaliyyətdə olacaq.

Ü. Mehdiyevin sözlərinə görə, ictimai nəqliyyatın qadağan olunmasının əsas səbəbi insanların kütləvi toplaşdığı yerləri minimuma endirməkdir:

“Bu, çətin də olsa, hər bir təşkilat şənbə və bazar günləri işləyən əməkdaşların işə gedib-gəlməsini təşkilatın avtomobilləri ilə, şəxsi avtomobillərlə, bunlar olmasa, taksi xidməti vasitəsilə təmin etməlidir. Düşünürəm ki, 2 günlük məhrumiyyət ümumi çətinlik yaratsa da, dediyim hallarla vəziyyəti həll etmək olar”. 

18:00

***

Daha sonra “Rayonlara gediş-gəlişlə bağlı məsələ müzakirə olunurdu. Lakin epidemioloji sahədə ixtisaslaşan insanların əsas fikri ondan ibarətdir ki, istənilən epidemiyanın qarşısını almaq üçün o epidemiyanın lokallaşdırılması və izolyasiya olunması ilə həyata keçirilir”-deyən Ş.Mövsümov bildirib ki, pandemiyanın qarşısının alınması üçün hər bir virusa yoluxan insanın tapılması və izolyasiya olunması, özünütəcridi təmin edilməlidir:

“Bunu etməsək, pandemiya daim davam edəcək. Təsəvvür edin ki, 10 nəfər xəstələnibsə, onun 9-u sağalıb, 1 nəfər qalıbsa, o artıq 13 gündür xəstədir, 14-cü gün sağalacaq, o adam həmin gün gedib marketdə 10 nəfəri də yoluxdursa, bu o deməkdir ki, biz yenidən ilk günə qayıtdıq. Bu, çox vacib məsələ olduğu üçün rayonlara gediş-gəlişin açılması koronavirusun yayılmasının təşviq edilməsi kimi bir şeydir. Bu zaman virus bütün rayonlara yayılacaq, onun nəzarətə götürülməsi də çətinləşəcək. Başa düşürəm ki, bu, hamını narahat edən məsələdir, amma bir az dözümlü olmaq lazımdır ki, koronavirusun yayılmasının qarşısı alınsın, lokallaşdırılsın, insanlar özünü təcrid etsin. Müəyyən səviyyəyə endikdən, narıncı zonanın sarı zona statusunu almasından sonra təbii ki, rayonlararası hərəkət də açılacaq”.

Etikxeber.az

Read Previous

Bu nazirliyə karantin rejimini pozanları cərimələmək-SƏLAHİYYƏTİ VERİLDİ…

Read Next

Tanınmış jurnalist və baş redaktor koronavirusdan sağaldı-EVƏ BURAXILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir