“Elə bir situasiya əmələ gələ bilər ki, itirilmiş torpaqlarımıza geri qayıdıb, onu vahid Azərbaycan dövlətinin tərkibində bərpa edə bilərik”-FƏZAİL AĞAMALIDAN “QƏRBİ AZƏRBAYCAN RESPUBLİKASI”NA DƏSTƏK

“Qərbi Azərbaycan (İrəvan) Respublikası” ideyası tarixi həqiqətləri özündə ehtiva edir. İndiki Ermənistan Azərbaycanın tarixi torpaqlarında-bir hissəsi İrəvan xanlığının ərazisində, başqa bir hissəsi Zəngəzur isə Qarabağ xanlığının ərazisində formalaşıb. Bu, tarixi həqiqətdir, tarixi faktdır. Bunun başqa yozumu da, başqa izahı da yoxdur. Təbii ki, o zamankı güc mərkəzləri tarixin ciddi xarakter daşıdığı bir dönəmində, yəni, bir imperiyanın dağılıb, başqa imperiyaların yaranması prosesində Ermənistan adlı dövlətin yaradılmasının Azərbaycanın tarixi torpaqlarında həll olunması qərarına gəldilər və bunu reallaşdırdılar. Bu günə qədər də həmin güc mərkəzləri, xüsusi olaraq, xristian klubları və dünyada güclü dayaqlara malik olan erməni diasporu bunu edə bildi. Zaman-zaman həmin torpaqlarda yaşayan, həmin torpaqların aborigen xalqı olan türkləri, Azərbaycan türklərini həmin torpaqlardan ən müxtəlif yollarla, müharibələrlə, qırğınlarla, terrorlarla, deportasiyalarla didərgin saldılar, öldürdülər, qətl etdilər. Ən müxtəlif yollarla o torpaqlara yiyələndilər və sonuncu bizim soydaşlarımız 1988-89-cu illərdə baş vermiş olan hadisələr zamanı evlərini, dədə-baba yurdlarını, ulu torpaqları tərk etmək məcburiyyətində qaldılar.

Bunu Etikxeber.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini, Qərbi Azərbaycan bölgəsinin tanınmış və nüfuzlu simalarından olan Fəzail Ağamalı Türkiyədə elan olunan “Qərbi Azərbaycan (İrəvan) Respublikası”na münasibətini bildirərkən deyib.

Millət vəkili bildirib ki, ötən 31-32 ərzində də Qərbi Azərbaycan bölgəsi ilə bağlı dəfələrlə müxtəlif ideyalar ortalığa çıxıb, təşkilatlar yaranıb.

“Bu gün də Azərbaycanın özündə də müxtəlif xarakterli təşkilatlar var və Qafar Çaxmaqlının bu ideyası da uzun illərdən bəri ictimai rəydə var idi. Ən müxtəlif çevrələrdə müzakirə predmetinə çevrilmişdi. Nəhayət, Qafar Çaxmaqlı belə bir addımı atdı, konkret iradəsini ortalığa qoydu və əlbəttə, mən buna müsbət yanaşıram. Çünki bizlər o tarixi torpaqlarımızın yiyəsi olduğunu gündəlikdən çıxarmalı deyilik. Təkcə özümüzün bilməsi kifayət deyil, eyni zamanda, dünya ictimaiyyəti də, dünyanın aparıcı dövlətləri də, beynəlxalq təşkilatları da bilməlidirlər. Bildiklərini bir daha xatırlamalıdırlar ki, o torpaqlar bizim tarixi torpaqlarımızdır, orada bizim dövlətimiz olub, dövlətçiliyimiz olub.

Bütün bu tarixi həqiqətlərlə bərabər, təbii ki, bizim hüquqi əsaslarımız da var və bunların hamısını birləşdirərək, cəhd edərək, hər halda bu təşəbbüsü müdafiə etməklə, dəstəkləməklə yanaşı, onun real gücə və imkanlara çevrilməsi üçün hər birimiz əlimizdən gələni etməliyik. Və bu platformada biz ermənilərə qarşı daha ciddi bir cəbhə açmalıyıq və bu mübarizəni, sadəcə, təkcə indi işğala məruz qalmış olan Dağlıq Qarabağ və onun ətrafındakı torpaqlarımızın azad edilməsi üçün mübarizənin bir forması kimi gündəliyə gətirməklə kifayətlənməli deyilik. Eyni zamanda, həqiqətən o torpaqların sahibi olmaq üçün bu ideyanı sona qədər apamalıyıq, daşımalıyıq.

Çünki tarixdə də ən müxtəlif situasiyalar əmələ gəlir. Mən şübhə etmirəm ki, elə bir situasiya əmələ gələ bilər ki, həqiqətən biz itirilmiş həmin torpaqlarımıza geri qayıdıb, onu vahid Azərbaycan dövlətinin tərkibində bərpa edə bilərik. Buna da mən çox müsbət, nikbin yanaşıram. Ona görə də bu ideya kimi qalmalı deyil. Bir daha təkrar edirəm, bu ideyanın dəstəklənməklə bərabər, onun güclənməsi üçün bütün imkanlarımız səfərbərliyə alınmalıdır və biz bu təşəbbüsdə olan Qafar Çaxmaqlı ilə bərabər olmalıyıq”-deyə, F. Ağamalı sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az.

Read Previous

“Özünüzü qoruyun, elə edək ki, pandemiyanın ikinci dalğası bizi vurmasın, karantin rejimi də ən qısa müddətdə tam başa çatsın və normal həyat tərzimizə geri dönək”-BƏHRUZ MƏHƏRRƏMOVDAN NÖVBƏTİ ÇAĞIRIŞ

Read Next

“Özəl təhsil müəssisələri, ödənişli ali məktəblər şagirdlərdən və tələbələrdən təhsil haqqı tələb etməməlidirlər”-FƏZAİL AĞAMALINDAN ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir