“Elə patologiyalar var ki, onların ağırlığı COVİD-19-dan qat-qat çoxdur: Bununla bağlı tədbirlər görülməlidir”-MM-İN KOMİTƏ SƏDRİ – ƏHLİMAN ƏMİRASLANOV, QƏNİRƏ PAŞAYEVA VƏ SƏMƏD SEYİDOV HANSI PROBLEMLƏRİ QALDIRDILAR?

2020-ci il pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ölkəmiz üçün zəfər ili kimi tariximizə yazılacaq.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsin sədri Əhliman Əmiraslanov deyib. 

O, bildirib ki, 2021-ci ilin büdcə zərfində səhiyyə xərcləri nəzərəçarpacaq dərəcədə artırılıb:

“İlk dəfə belə rəqəmə rast gəlirik. 2021-ci ilin büdcə zərfində vəsaitin böyük qismi İcbari tibbi sığortanın ölkəmizdə bütövlükdə tətbiqinə yönəlib. 2021-ci ilin yanvarından artıq 36 rayon və şəhərdə icbari tibbi sığorta tətbiq olunacaq, aprel ayından isə Bakı və Sumqayıt daxil olmaqla daha 7 şəhər və rayonda bu, tətbiq ediləcək. İnsanlarımız icbari tibbi sığortanı ilərdir  gözləyir. Bunun bütövlükdə ölkədə həyata keçirilməsi əhaliyə tibbi xidmətin göstərilməsinin səviyyəsini yüksəldəcək”. 

Deputat bildirib ki, pandemiya elan olunduğu ilk gündən ölkədə operativ qəragah yaradılıb:

“Bu gün pandemiyaya qarşı mübarizə sahəsində müəyyən çətinliklər var. Xəstələrin ambulator müalicəsi üçün apteklərdə antiviral dərmanların qıtlığı yaşanır. Bu da süni yaradılmış qıtlıqdır. Bundan vəsait qazananlar var. Bununla bağlı ciddi tədbir görülməlidir. Ölkəmizdə kifayət qədər dərman ehtiyatı var, amma bu qıtlığı süni olaraq yaradırlar”.

Ə. Əmiraslanov qeyd edib ki, bu gün insanlar arasında ənənəvi baş verən xəstəliklər də qalmaqdadır:

“Bu gün biz ancaq pandemiyadan danışırq. Elə patologiyalar var ki, onların ağırlığı COVİD-19-dan qat-qat çoxdur. Bununla bağlı da tədbirlər görülməlidir. Çünki gələcəkdə bununla bağlı çox böyük xərclərə getməli ola bilərik”.

***

“Bütün dünya çətin ildən keçdi. Azərbaycan üçün isə çətin olsa da, həm də şərəfli il oldu. Biz işğal altında olan torpaqlarımızı azad etdik”.

Bunu da MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası üçün vəsaitin ayrılması hamını məmnun edir:

“Bu, çox önəmli hadisədir. Mədəniyyətə ayrılan xərclər içərisində Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün də vəsait var. Bunun çox böyük hissəsi dünyanın bir çox güclərinin görüb-susduğu vandalizmin qurbanı olan abidələrimizin dünyaya göstərilməsinə sərf olunacaq. İşğalçı Ermənistan xalqımıza məxsus olan abidələrin bir çox hissəsini dağıdıb, Azərbaycana məxsus xristian abidələrini erməniləşdirib. Bu abidələrin dünyaya tanıdılması istiqamətində işlər görülməlidir”. 

***

“Xarici fəaliyyətlə bağlı büdcədə ayrılmış vəsait öz əksini tapıb”.

Bunu isə MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini sədri Səməd Seyidov deyib. 

Komitə sədri bildirib ki, Azərbaycanın xaricdə fəaliyyət göstərən konsulluqları, diasporu sözün əsl mənasında cəbhə xəttindədir:

“Biz bu maliyyələşməyə hansısa dəyişiklik gətirməliyik. Bu gün Azərbaycanın dünya üçün əhəmiyyətli olan layihələrinin həyata keçirilməsi üçün konsulluqların, diasporların fəaliyyəti yüksək səviyyədə təqdim olunmalıdır. Onların təhlükəsizliyi də yüksək səviyyədə təmin edilməlidir. Büdcənin içərisində bu məsələlər öz əksini tapır. Amma biz daha yüksək səviyyədə xarici siyasət həyata keçirmək üçün daha çox işləməliyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik…”- İlham Əliyev və Mehriban Əliyeva Zəngilanla Qubadlıya-SƏFƏR ETDİLƏR – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Elşad Səmədzadə yazır: DAVAMLI İNKİŞAFIN MƏNTİQİ NƏTİCƏSİ – QƏLƏBƏ!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir