“Elə ailələr var ki, büdcəsi yalnız çörəyə, çaya, qəndə güclə yetir…Onların övladları təhsil haqqlarını necə ödəsinlər?”-SABİQ DEPUTAT HÖKUMƏTƏ VƏ İŞ ADAMLARINA ÇAĞIRIŞ ETDİ

Milli Məclis bir sıra vacib məsələləri həll etmək üçün növbədənkənar sessiya çağırıb.

Deputatlar əsasən, dövlət büdcəsinə təklif olunan dəyişiklikləri müzakirə edirlər.

Təbii ki, bunu koronavirus pandemiyasının ağır şərtləri diktə edir.

Bildiyiniz kimi, Covid-19 təkcə sağlamlığımıza və həyatımıza zərbə vurmayıb, o həm də, iqtisadiyyatımızı, sahibkarlığı da böyük itkilərə məruz qoyub.

Sözsüz ki, bütün bunlar dövlət büdcəsində müvafiq korrektivlər aparılmasını zəruri edir.

Pandemiya səbəbindən dövlətin gəlirlərinin aşağı düşməsinə baxmayaraq, ölkəmizin təhlükəsizlik və müdafiə qabiliyyətinin artırılması, səhiyyənin imkanlarının epidemioloji təlabatlar səviyyəsinə qaldırılması, əhalinin , sahibkarların zərərlərinin qarşılanması üçün yenilənən dövlət büdcəsində yetərli qədər vəsaitlər nəzərdə tutulur.

Diqqətçəkən məsələlərdən biri də aztəminatlı ailələrin ali məktəblərdə ödənişli təhsil alan övladlarının təhsil haqqlarının hazırki tədris ilində dövlət hesabına ödənilməsidir.

Bu məqsədlə, dürüstləşən büdcədə 40 milyon manat vəsait nəzərdə tutulur. Yeri gəlmişkən, bu imkanlardan yararlanacaq gənclərimizin sayı 15 mindən artıqdır. Əlbəttə, bu, təqdirəlayiqdir, humanist addımdır.

Lakin nəzərə almalıyıq ki, təhsil haqqını ödəyə bilməyən tələbələrin real sayı yuxarıdakı rəqəmdən qat-qat çoxdur.

Pandemiya azərbaycanlı ailələrin əksəriyyətini acınacaqlı vəziyyətə salıb. Elə ailələr var ki, büdcəsi yalnız çörəyə, çaya, qəndə güclə yetir. Onların övladları təhsil haqqlarını necə ödəsinlər?

Yaxud ailə başçısını itirmiş analar bu məqsədlər üçün övladının təhsilinə vəsaiti haradan alsınlar?..

İnanıram ki,dövlətimiz bunun bir yolunu tapacaq. Ən çətin halda, ehtiyacı olan tələbələrə güzəştli kredit ,yaxud uzunmüddətli borc(ssuda) məsələsinin həlli məqbul variant ola bilər.

Yetərincə maliyyə imkanları olan şirkətlərin, iş adamlarının, xeyriyyə təşkilatlarının həm tələbə gənclərimizə, həm də , dövlətimizə dəstək olması yerinə düşərdi. Rəhmətlik Hacı Zeynalabdin Tağıyev nümünəsini bu gün təkrar etmək imkanında olan zənginlərimiz nəyi gözləyirlər?

Millətin bundan da dar, ağır günü olarmı? Hər şeyi dövlətdən ummaq düzgün deyil. Dövlətimizin min bir ayrı problemi var.

Qarşıda bizi erməni ilə haqq – hesab gözləyir.

Hər bir varlı azərbaycanlı bu işin altına öz çiynini verməlidir.Bu, Allaha da xoş gedər!

Mayis SƏFƏRLİ,

Sabiq deputat

06:20

Etikxeber.az

Read Previous

5 şəhər və 8 rayon üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı-QƏRAR VERİLDİ – RƏSMİ

Read Next

13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir