“Elçibəyin adını çəkən kimi geri çəkildilər…” – SABİQ DEPUTAT

Elçibəyin birillik hakimiyyəti zamanı mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ikinci kurs tələbəsi idim.

Filologiya fakültəsindən çətin xarakterli bir müəlliməmiz vardı. Sərt idi, kobud idi, uşaqları təhqir də edə bilərdi, amma çox tələbkar idi, tələbənin canını alıb oxudurdu. Və hər tapşırığa da baxmırdı. Belə müəllimi nə rəhbərlik sevməzdi, nə tələbələr. Odur ki, sözü bir yerə qoyub həmin müəllimi dərsdən qovdular. Mən həmin vaxt dərsdə iştirak etməmişdim.

Bütün potokumuz o qadın müəllimədən imtina ərizəsini imzaladı, mən imzalamaqdan imtina etdim. Çünki, hansısa gizli oyunlar getdiyini hiss edirdim və onların iştirakçısı olmaq istəmirdim. Bilirdim ki, sonda uşaqlara “irəli” komandası verənlər istədiklərini alandan sonra geri çəkilib biz tələbələri pis durumda qoyacaqlar.

Mən fakültə elmi cəmiyyətinin sədri idim və müraciəti imzalamağım onu legitimləşdirmək baxımından çox önəmli idi. Axırda tələbə yoldaşlarım məni “separatçılıq”da, ümumi işi pozmaqda ittiham edəndə həmin imtina ərizəsini bir şərtlə imzaladım ki, bu işin arxasındayıqsa, nə olur-olsun sonadək gedəcəyik.

Təbii ki, hamı razılaşdı. Həmin ərizədə sonuncu imza mənimki idi. İmtahan günü fakültə rəhbərliyi uşaqlara təzyiq etdi, hərəsini bir yolla tapıb gətirib imtahana saldı. Atamın Universitetin müəllimi olan dostları vasitəsilə mənə də təzyiq etdilər. 60 nəfərlik potokda bir mən, bir də Bəxtiyar adlı bir qrup yoldaşımız imzamızdan imtina etmədik.

gultekin-6

Bizə yalvarırdılar ki, bircə imtahana girib bilet çəkin, heç cavab verməyin, 5-iniz yazılacaq (ikimiz də əlaçı idik). Etmədik. Universitet rəhbərliyi gəldi və bizə təzyiq etmək istədi.

Dedim ki, bu dəqiqə buradan Prezident Aparatına, prezident Elçibəyin qəbuluna gedirəm və məni qəbul edənədək oradan getməyəcəyəm. Bizim tələbə kimi hüquqlarımız var, biz xüsusi komissiya tələb edirik və yalnız ona imtahan verəcəyik. Ölkə yiyəsiz deyil ki, tələbələrin hüquqlarını pozasınız!

Mən mərhum Elçibəyin adını çəkən kimi geri çəkildilər. 8 nəfərdən ibarət komissiya yaratdılar, ikimiz də imtahan verib “əla” aldıq. Mən o bir ildə olduğu qədər özümü heç vaxt, hətta 10 il millət vəkili kimi toxunulmazlıq statusuna malik olduğum vaxt da arxalı, güvənli və azad hiss etməmişəm…

…Allah bu duyğuları çox az, cəmi bir il də olsa bu xalqa yaşadan böyük insana- Əbülfəz Elçibəyə qəni-qəni rəhmət eləsin!

Gültəkin HACIBƏYLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

“İlk böyük beynəlxalq uğurunuzu məhz Azərbaycanda qazana bilərsiniz…” – BAŞ NAZİRİN MÜAVİNİ – FOTOLAR

Read Next

Prezidentlə birinci vitse-prezident “Gənclər Yay Olimpiya Festivalı”nda – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir