Elçibəyin vəfatından 19 il ötür…

Bu gün AXCP-nin sabiq sədri, eks-prezident, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından 19 il keçir.

Etikxeber.az-ın xəbərinə görə, Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.

7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət UniversitetininŞərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.

Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti(868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilir.

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək).

Klassik və müasir ərəb dilini, islam dininin əsaslarını, şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun “Elmi əsərlər”ində, EA-nın “Xəbərlər”ində, “Əlyazmalar xəzinəsində” toplusunda və b. nəşrlərdə çıxan “Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması” (1967), “Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair” (1968), “9-10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında” (1971), “Tulunilər dövləti və Qərmətilər” (1971), “Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair” (1971), “9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət” (1972), “Hənəfilik və onun əsas qaydaları” (1986), “Əhməd Tantarani Maraği və onun “Tantaraniyyə” qəsidəsi” (1987) və b. bir çox digər tədqiqatlarını göstərmək olar.

elçibəy

Alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: “Tolunoğulları dövləti (868-905)” (İstanbul, 1997) və “Bütöv Azərbaycan yolunda” (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.

Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib.

1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatıbaşlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi  Konstitusiya Aktı qəbul edilib (18 oktyabr 1991).

Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.

8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.

Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edilib. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırılıb. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atılıb. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyulub. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizlənib. İşğal altında olan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edilib.

Həmçinin, test üsulunun tətbiqi, rus qoşunlarının Azərbaycandan çıxarılması, milli valyutanın-Azərbaycan manatının dövriyyəyə buraxılması və sair Elçibəyin adı və tarixi xidmətləri ilə bağlıdır.

Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 62 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində xərçəng xəstəliyindən əbədiyyətə qovuşub.

Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma xalqının ürəyində əbədi sevgi qazandığına sübut olub.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Burada Mehriban Əliyevanın birbaşa rolu və xidmətləri var…” – KOMİTƏ SƏDRİ

Read Next

“Gənclərə onların cəmiyyətə çox lazım olduğunu anlatmağa qeyri-standart yanaşmalarla təbliğ etmək lazımdır” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir