“Elçibəylə görüşüb, ondan “Müsavat”a rəhbərlik etməsi xahişində bulunduq…” – RAUF ARİFOĞLU

Müsavat 1989-cu ilin oktyabr ayında yaradıldı. İlk rəhbər heyətdə bunlar var idi: Mənsur Əlisoy (vəfat edib), Əhməd Rza, mən, Bəxtiyar Tuncay və Niyazi İbrahimov. Sonradan mənim təşəbbüsümlə Nəsib Nəsibzadə (indi Nəsibli) partiyaya gətirildi. İsa Qəmbər başda olmaqla, indi rəhbərlikdə olanlardan bəzilərini biz Müsavat təşkilatına dəvət etdik. Konkret olaraq, mən və Nəsib Nəsibli.

Etikxeber.az xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu azlogos.eu-ya müsahibəsində deyib.

“Yəni, İsa Qəmbəri siz dəvət etmisiniz Müsavata?” sualına cavabında R. Arifoğlu bunları deyib:

“1990-cı ilin iyun ayındakı konfransda Nəsib bəyi təşkilata rəhbər gətirdik. Bu, mənim və Niyazi İbrahimovun (hazırda Almaniyada mühacirətdədi) təşəbbüsü idi. Düşündük ki, partiya daxilində konfliktlərə və parçalanmalara son qoymaq üçün araşdırmaçı alim, yaxın dostumuz Nəsib Nəsibzadə (Nəsibli) AMDP Yeni Müsavatın rəhbərliyinə gətirilsin. Üstəlik, bilirdik ki, Nəsib bəy Ankaradakı Milli Mərkəzlə – Müsavatın hüquqi varisləri ilə yaxındır. Bu əlaqə vasitəsi ilə Ankaradakı Rəsulzadə silahdaşlarının da dəstəyini almaq, daha da böyümək və Azərbaycanda Müsavatı həm də hüquqən bərpa etmək istədik. İndidən deyim ki, bu plan çox parlaq şəkildə baş tutdu. AXC sədri, milli hərəkatın lideri Elçibəylə görüşdüm, onun dəstəyini aldım, daha sonra Nəsib bəylə bərabər Elçibəylə görüşüb, ondan Müsavat Partiyasına rəhbərlik etməsi xahişində bulunduq…”.

R.Arifoğlu mərhum Elçibəyin onların təklifini qəbul etmədiyini də sözlərinə əlavə edib:

“Etməyib. Əbülfəz bəy dedi ki, mən indiki halda AXC hərəkatını buraxa bilmərəm. Müsavata rəhbərliyi İsa Qəmbərə təklif edin, mən də öz razılığımı ona söyləyəcəm. Burada mütləq onu da deməliyəm ki, mənim Elçibəylə təmasım və onun məsləhətləri ilə partiyaya yön verməyim 1990-cı ilin ortalarından başlayır. 1991-ci ilin sonlarında isə, ona Müsavatın başına gəl, təklifini etdik…” 

“İsa Qəmbərin reaksiyası necə olmuşdu? Nə iş görürdü o vaxt İsa bəy?” sualına cavabında isə R. Arifoğlu bildirib ki, İ. Qəmbərlə üçü görüşüb – Nəsib Nəsibli, özü və Niyazi İbrahimov:

“O zaman AXC içərisində elan olunmuş, amma fəaliyyətsiz bir partiya vardı- ŞADP. Ona da rəhbərliyi İsa Qəmbər edirdi. Bizim dəvətimizlə İsa bəy ŞADP-ni buraxıb, Müsavata gəldi və indiki Müsavat partiyası qurulmağa başlandı…

…Aradan çox illər keçib, hazırda əlimin altında sənədlər yoxdur. Amma bütün onların hamısı arxivimdə var. Yadıma düşənləri deyə bilərəm. Belə qərara gəldik ki, 5 nəfər “Yeni Müsavat”dan, 5 nəfər də ŞADP-dən olmaqla, bir ilkin heyət yaradılsın, bu heyət danışıqları və Müsavatın Azərbaycanda rəsmi bərpa prosesini hazırlasın.

“Yeni Müsavat” tərəfdən heyəti dəqiq xatırlayıram: Nəsib Nəsibli, Rauf Arifoğlu, Niyazi İbrahimov, Sədrəddin Soltan (o zaman İsmayılov idi) və Rizvan Hüseynov. İsa Qəmbərin rəhbərlik etdiyi ŞADP-dən isə İsa bəy özü, Sabit Bağırov, Mirbaba Babayev və Vurğun Əyyub yadımdadır. Hikmət Hacızadə ilkin heyətə təklif olundu, lakin mənim etirazımla onun adı başqasına dəyişdirildi. Kimə, onu dəqiq xatırlaya bilmirəm…”.

Etikxeber.az

Read Previous

Sitnikovun “Karmalogic. Taleyin 54 qanunu” mövzusunda mühazirəsi – LEYLA ƏLİYEVA DA MÜHAZİRƏYƏ QATILDI – FOTO

Read Next

“Üç il ərzində heç nə edə bilmədilər…” – ARİF HACILIDAN RAUF ARİFOĞLUNA CAVAB – İKİ SİYASƏTÇİ ARASINDA QALMAQAL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir