“Elçilik yadımdan çıxdı, amma…” – DEPUTAT

“Seçicim üçün Zaqatalaya elçi gedib gəldik. “Şirin çay”ı içdik. Çox şükür, problem olmadı. Ayrıca, qızın atası da çətin adam-filan deyilmiş, əksinə deyən-gulən, yeyib-içən kişi imiş.
Məsələnin bu tərəfi belə”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elşən Musayev öz”Facebook” statusunda yazıb.

Millət vəkili  statusunda sonra qeyd edib:

“Amma Zaqatalaya çatan kimi əhvalım korlandı. Rayona ayağımı yenicə basmışdım ki, ucqar kəndlərin birindən üzücü məlumat aldım. Məlumat belə idi: Münaqişə (anlaşılmazlıq) zəminində bir ailənin nigahına xitam verilib və ər çıxıb gedib Rusiyaya + ərin öz ailəsi ilə bərabər 25 il yaşadığı mülkünü tez-tələsik keçiriblər qardaşının adına. Hazırda həmin evdə yaşayan qaynata isə öz keçmiş gəlinini 4 uşaqla bərabər çölə çıxarır. Yəni evdən qovur. Üstəlik, məhkəmə hökmü də var.

Əlqərəz, elçilik çıxdı yadımdan. Baş vurdum bu işə. Əvvəl ən pis ehtimalı nəzərə alıb Muxax kəndindəki sığınacağla maraqlandıq ki, çarəsiz qalsaq orda bir şərait yaradıb ailəni həmin məkana yerləşdirək. Daha sonra əlaqədar qurumlara, bəzi ərk etdiyim dostlarla danışdım. Bərabər çözüm axtarmağa çalışdıq. Və…nəhayətində, mübahisəli tərəfin nümayəndələri bir araya gəldi, söhbətimiz oldu, iş sülhlə öz həllini tapdı.

Həllin detalları özəl olduğu üçün təfərrüatlara varmayacam. Amma önəmli olan budur ki, 4 körpə bu gün sazaqlı havada donmur, üşümür, qapılarda qalmayıb. Min şükür!

***

Bu həyatda bütün uşaqlar günahsızdır. Uşaqlar hər bir halda, hər vəziyyətdə, hər məqamda günahsızdır. Uşaqlar bir tək anasının ətəyindən tutub küsküncə, çarəsizcə, məsumca baxdığında deyil, kefinin, damağının ən gözəl, ən saz çağında da günahsızdır!
Onları incitməyə, ağlatmağa, qisas predmetinə çevirməyə kimsənin haqqı yoxdur! Bunu bacaran naxələfdir!

Həyat yoldaşını, gəlini bəyənməmək olar. Hətta ər-arvad, qaynana-gəlin, baldız-gəlin, qaynata-gəlin arasındakı münaqişədə də haqlı tərəf axtarmaq, nəyinsə müzakirəsini etmək mümkündür.
Amma uşaqlara toxunmaq olmaz. Olmaz ki, olmaz!!!
Övlad adı bütün normal valideynin, nənənin, babanın, bibinin, əminin səcdəgahı, bütü, imanı olmalıdır!
Olmalıdır, vəssalam. Vacibatdır bu!

****

Xülasə. Bu məsələ ilə bağlı rahatladıqdan sonra elədik elçiliyimizi. Yəni, günün əvvəli gərgin keçsə də, axırı maraqlı oldu…

Çox yorğunam, sadəcə….
O da keçər, İnşallah!”

Etikxeber.az

Read Previous

“Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakının loqosu təqdim olundu

Read Next

2 saylı orta məktəbdə intihara cəhd olmayıb – Abşeron Təhsil Şöbəsi belə iddia etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir