“Eldar Həsənov müstəntiqə “Düdük, dur çıx otaqdan” dedi…” – TANINMIŞ VƏKİL YAZDI

OLYMPUS DIGITAL CAMERA

Baş Prokuror Eldar Həsənov müstəntiqə “Düdük dur çıx otaqdan” dedi. Azər Vahabzadəyə isə işi təcili ordan götürün tapşırığı verdi.

1 saylı hüquq məsləhətxanasında işdə vəkillərlə söhbət edirdik.

Təxminən 35-40 yaşlarında iki nəfər kişi və iki nəfər qadın məsləhətxanaya daxil oldular.

Məni soruşdular. Mərhum müdirimiz Davud İbrahimov məni göstərdi.

Qadınlardan biri mənə çox tanış gəldi.

Gəlişlərinin məqsədini soruşdum.

Dedilər ki, oğlanlarımızı ölüm işi ilə bağlı tutublar 4 aydan çoxdur ki, Bayıl türməsində saxlayırlar.

Bizə kömək edin. Söhbət əsnasında məlum oldu ki, bir nəfər qadını 5 yaşlı qızı ilə öldürüblər.

Məni necə tapdıqlarını soruşdum.

Bir nəfər tanıdığım prokurorun adını çəkdilər.

Dedilər ki, tanışımızdır. Yanına getmişdik. Kömək istədik, bir neçə vəkilin adını çəkdik.

Dedi ki, sizin yanınıza gələk.

Uşaqlarının bu işə nə dərəcədə aidiyyatı olub-olmamasını, ancaq həqiqəti demələrini xahiş etdim.

Dedilər ki, dəqiq bilmirik, amma inanmırıq ki, bizim uşaqlar elə qəddarlıq etsinlər.

Uşaqlardan birinin 16, digərinin 17 yaşı vardı. Müqavilə bağladım.

Orderi müstəntiqə təqdim edib, Bayıl istintaq təcridxanasına getdim.

İfadələri arasında ziddiyyət olması ehtimalını nəzərə alaraq, yalnız biri ilə müqavilə bağlamışdım.

Təcridxanada Adillə (ad şərtidir) görüşdüm.

Özümü müstəntiq kimi təqdim etdim.

Bildirdim ki, mən yeni müstəntiqəm. Uşağın üzündə sarsıdıcı qorxu hissi var idi.

Ona tərəf əl uzadanda və ya hərəkət edəndə diksinirdi.

Hiss etdim ki, ağır işgəncəyə məruz qalıb. Dedim ki, qorxmasın

Mənə həqiqəti danışsın. Qadını və uşağı onlarmı öldürüb.Öldürüblərsə səbəbi nədir. Qorxmasın onu incitməyə imkan verməyəcəm. Həqiqəti desə, kömək edəcəm.

Mənim mülayim danışığımdan Adil dolmuşdu. Təxminən 10 dəqiqə mən danışdım, o boğulmuş, gözləri dolmuş vəziyyətdə qulaq asır,danışa bilmirdi.

Birdən ucadan hönkürərək ağladı. İmkan verdim ki, ağlayıb sakitləşsin.

Sakitləşdikdən sonra dedi ki, əmi, vallah bizim o işdən xəbərimiz yoxdur. Bizi polis işçiləri möhkəm döydülər. Barmaqlarımızı qapının arasına qoydular.

Başımıza “sellofan kulok” keçirib boğdular. Dırnaqlarımızı kəlbətinlə sıxdılar. Dediklərini yazdıq. Soruşdum ki, sizi prokurorun yanına apardılarmı, dedi ki, apardılar. Orada dedim ki, mənim günahım yoxdur.

Onda prokuror dedi ki, “bu köpək oğlunu rədd eləyin burdan”.

Dedim qorxma. Mən vəkiləm. Valideyinlərin mənimlə müqavilə bağlayıb, təcridxanadan çıxıb müstəntiqin yanına getdim.

Müstəntiq dedi ki, işi yekunlaşdırmışam, məhkəməyə verirəm.

Dedim axı, dünən dediniz ki, hələ istintaq hərəkətləri var.

Vəsatətim var. Mənim iştirakımla onu dindirin. Dedi ki, ehtiyac yoxdur, sabahdan işlə tanış olun.

Məndən əvvəl güya istintaqın yekunu barədə protokol da tərtib etmiş imiş. Hiss etdim ki, saxtakarlıq edib.

Səhərisi gün prokurorluğa getdim, iş materialları ilə tanış olmağa başladım.

İşi oxuduqca uşaqların təqsiri olmadığı qənaətinə gəlirdim.

Müstəntiq iki nəfər şəxsi yanımda oturdub onlarla ucadan danışıb gülür, tərbiyəsiz sözlər işlədir, mənim fikrimi yayındırmağa çalışırdı. Nahar fasiləsinə qədər birinci cildi oxudum. Ciddi saxtakarlıqlar aşkarladım. Müstəntiq dedi ki, nahar vaxtıdır. Dedim ki, mən nahar etməyəcəm. İkinci cildi verin. Müstəntiq ikinci cildi verib otaqdan çıxdı.

Həmin iki nəfər isə otaqda qaldı. Az keçmiş onlara iri qablarda salat və yarpaq dolması gətirdilər. Daha sonra isə kabab gətirildi.

Mənə təklif etmədən ağızlarını marçıldada marçıldada yeməyə başladılar. Hiss etdim ki, əsəbiləşdirmək istəyirlər.

Əhəmiyyət vermdən işi oxumaqda davam etdim.

Birinci və ikinci cilddəki sübutları xırda detallarına qədər müqayisəli təhlil edərək tanışlığımı davam etdirdim.

Gecə saat 23.30 da ikinci cildi də bitirdim.

Osman KAZIMOV,

Vəkil

Etikxeber.az

Read Previous

“Paşinyanın avantürist açıqlamaları…” – XƏLƏF XƏLƏFOV – YENİLƏNİB

Read Next

Azərbaycanlı İcmasından – FRANSAYA ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir