Eldar İbrahimov büdcə müzakirələrində nə dedi?

 

Respublikamızda son illər innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması, davamlı olaraq aparılan iqtisadi və kadr  islahatları, yeni iri sənaye   və aqrar müəssisələrinin fəaliyyətə başlaması və digər tədbirlərin həyata keçirilməsi  iqtisadiyyatın dinamik artımına öz müsbət təsirini göstərməkdə davam edir.  Bu da onu göstərir ki, ölkəmizdə iqtisadi inkişaf strategiyasının bünövrəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən  möhkəm təməl üzərində qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə düzgün istiqamətdə aparılır.

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentin plenar iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.

Komitə sədri qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki, həqiqətən də ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində dövlət başçısının dediyi kimi Azərbaycan vətəndaşı, onun maddi-rifah halının daim yaxşılaşması dayanır. Bunu təsdiq edən əsas göstəricilər isə əsas kapitala yönələn investisiya və sosial yönümlü xərclərdir.

E. İbrahimov çıxışı zamanı sonra bunları deyib:

“Gələn ilin büdcəsində əsas kapitala investisiyalar  18,3 milyard manata  çatdırılacaq ki, bu da əvvəlki illərdən xeyli çoxdur. 2020-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin(10,4 milyard manat) dövlət büdcəsi xərclərinin tərkibində  xüsusi çəkisi ilk dəfə olaraq 38,5 faizə çatacaq  ki, bu da inkişaf etmiş bir çox  dünya ölkələrinin arzu etdiyi səviyyədir. Bu da onu sübut edir ki, 2020-ci ilin büdcəsi investisiya və sosial tutumlu büdcədir.

Bildiyiniz kimi, hörmətli Prezidentimiz İlham Əliyev cənabları prezidentliyinin ilk illərindən  başlayaraq ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün daim əsaslı tədbirlər həyata keçirməyə başladı. Bu məqsədlə regionların inkişafına, habelə iqtisadiyyatın ayrı-ayrı sahələri və müxtəlif problemlərin həllinə yönəlmiş  bir neçə Dövlət Proqramları qəbul edilərək uğurla yerinə yetirildi və bu gün də öz bəhrəsini verməkdədir. Əlbəttə, bu nailiyyətlərin əldə edilməsi ilk növbədə iqtisadiyyatın müxtəlif sahələrinə daha savadlı, bacarıqlı və işgüzar kadrların seçilib rəhbər vəzifələrə  yerləşdirilməsindən asılıdır. Vergilər Nazirliyində və Gömrük Komitəsində aparılan kadr siyasəti bunu bir daha təsdiq etdi.  Belə ki, 2020-ci ildə  2018-ci ilə nisbətən   dövlət büdcəsinin gəlirlərinin  artımı Vergilər Nazirliyi  üzrə 7 faiz,   Gömrük Komitəsi üzrə  isə 17 faiz  təşkil edəcəkdir. Gömrük Komitəsində 2017-ci ilə nisbətən 2020-ci ildə 1,6 milyard manat və ya 54 faiz artım gözlənilir.   Əvvəlki dövrlərdə isə illik artım cəmi 0,5-1,0 faiz təşkil edirdi. Bax budur, hörmətli Prezidentimizin son vaxtlar apardığı kadr siyasətinin nəticəsi.

сканирование0004

Qeyd etmək lazımdır ki, dövlətin üzərinə götürdüyü əsas öhdəlik ölkənin milli təhlükəsizliyini və onun tərkib hissəsi olan ərzaq təhlükəsizliyini təmin etməkdir. Ərzaq təhlükəsizliyinin isə əsas bazasını kənd təsərrüfatı təşkil etdiyindən  bu sahə hörmətli Prezidentimizin diqqət və qayğısı ilə daim əhatə olunmuşdur. Xüsusi ilə son illər  aqrar sahədə  məhsuldarlığın yüksəlməsi, yeni texnika və texnologiyaların tətbiqi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, müasir tələblərə cavab verən  aqroparkların və digər iri kənd təsərrüfatı obyektlərin yaradılması istiqamətində  büdcə vəsaiti və güzəştli kreditlər hesabına  əhəmiyyətli işlər görülmüşdür. Məhz həyata keçirilən bu tədbirlər nəticəsində son illər kənd təsərrüfatı məhsul istehsalında sürətli artım əldə edilmişdir.

 2020-ci ilin büdcə layihəsində kənd təsərrüfatı bölməsi üzrə 921 milyon manat, o cümlədən 447,4 milyon manat    kənd təsərrüfatı və 426 milyon manat meliorasiya tədbirlərinə   vəsait ayrılması nəzərdə tutulur ki, bu da cari ildən  97 milyon manat və ya 11,8 faiz çoxdur. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib. Məsələn, əvvəllər kənd təsərrüfatı meşə təsərrüfatı, balıqçılıq və ətraf mühit ilə  bir bölmədə verildiyi halda indi ayrıca bölmədə verilir.   

Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulan vəsaitin 330 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalına subsidiya verilməsinə, 97,7 milyon manatı aqrar sahədə Dövlət Proqramlarına və digər tədbirlərə dövlət dəstəyi ilə bağlı xərclərə sərf ediləcək. Əlamətdar haldır ki, Milli Məclisin bu ilin iyun ayında  qəbul etdiyi “Aqrar sığorta haqqında” qanuna  uyğun olaraq 2020-ci ilin dövlət büdcəsində  kənd təsərrüfatında sığorta ilə bağlı xərclərə   5 milyon manat vəsait   ayrılıb. Bundan başqa gələn ilin büdcəsində baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün 35,4 milyon manat vəsait  sərf ediləcək ki, bu da cari ilin göstəricisindən 10 milyon manat və ya 39 faiz çoxdur…”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

“Əvəzsiz sərvətlərimiz işğalçılar tərəfindən talan edilib…” – GÖVHƏR BAXŞƏLİYEVA

Read Next

“Əliyaqublu mədəniyyət evinin əsaslı təmirinə, Dağcəyir mədəniyyət evinin yenidən qurulmasına ehtiyac var” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir