Eldar İbrahimov Parlamentin 100 illiyindən yazdı…

Bu günlərdə ölkənin ali qanunvericilik orqanı – Milli Məclis özünün 100 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşır. Ötən əsrin əvvəlində bütün müsəlman Şərqində ilk Demokratik Respublika qurmağa nail olmuş Azərbaycanın üç rəngli dövlət bayrağı bu gün dünyanın sayılıb- seçilən dövlətlərinin bayraqları ilə yanaşı dalğalanır.
Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblərdən qısa müddət ərzində fəaliyyət göstərsə də milli şüurda dərin iz buraxmış, onun parlamenti dövlətçilik ənənələrinin inkişafında əhəmiyyətli rol oynamışdır. XX əsrin sonunda yenidən müstəqillik qazanmış Azərbaycan Heydər Əliyev dühası ilə həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edərək, müasir, dünyəvi, demokratik bir dövlət kimi yerləşdiyi regionda söz sahibinə çevrilmişdir.
meclis-oqtay-1
Ulu öndərin banisi olduğu bugünkü Azərbaycan parlamenti demokratik dəyərlərin təcəssümü olmaqla yanaşı, həm də dövlətçilik ənənələrinin inkişafına, həyatın bütün sahələrində islahatların aparılmasına, ölkənin qanunvericilik bazasının möhkəmləndirilməsinə əməli töhfələr verir.Parlamentin Aqrar siyasət komitəsi də yubileyə əliboş gəlməmişdir. Belə ki, müstəqil Azərbaycanın ilk Milli Məclisi fəaliyyətə başladığı 1995-ci ildən bugünədək komitənin xətti ilə bu sahəyə aid 210 hüquqi sənəd qəbul olunmuşdur. Onlardan 45-i qanun, 24-ü saziş, 130-u isə qəbul edilmiş qanunlara dəyişiklik və əlavələrdir.Məlum olduğu kimi, aqrar siyasət Heydər Əliyev siyasətinin əsas tərkib hissələrindən biri olmuşdur. Ulu öndər ölkədə yenidən hakimiyyətə qayıtdıqdan sonra dönə-dönə vurğulayırdı ki, kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır.Ulu öndər torpağın özəlləşdirilməsinə, onun kəndliyə verilməsinə xüsusi diqqət yetirirdi. 1995-ci ildə artıq “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” qanunlar qəbul olunmuşdur. Bu sənədlərə əsasən, kənd təsərrüfatına yararlı torpaqların bir hissəsi kolxoz və sovxozlardan alınaraq əhalinin xüsusi mülkiyyətinə verilməli idi. Bu məqsədlə Heydər Əliyevin göstərişi ilə “Torpaq islahatı haqqında” qanun layihəsi üzərində işə başlanıldı və 1996-cı il iyulun 12-də sənədin ictimai müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirildi. Bu müşavirədə mən də iştirak edirdim. Yaxşı yadımdadır, ulu öndər tədbirdə xüsusi vurğuladı ki, torpaq ölkənin, millətin ən qiymətli sərvətidir. İndi biz bu torpağı xalqa paylayırıq. Özü də pulsuz. Bu, demokratiya, islahatların aparılması sahəsində bizim ən yüksək səviyyədə addımımızdır. Müşavirədən sonra qanun layihəsi Milli Məclisə təqdim edildi və 1996-cı il iyulun 16-da qəbul olundu. Bu, o dövrdə MDB məkanında atılmış ən cəsarətli addım idi.
Ölkənin yeni Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyətin 3 növü – dövlət, xüsusi və bələdiyyə mülkiyyət növləri təsbit edilmişdir. “Torpaq islahatı haqqında” qanuna əsasən aparılan islahat nəticəsində torpaqların 57 faizi dövlət mülkiyyətində saxlandı, 23 faizi bələdiyyələrə, 20 faizi isə xüsusi mülkiyyətə verildi. Ümumiyyətlə, 875 min ailə və ya ölkə əhalisinin 3 milyon 500 min nəfəri pay torpağı almaqla xüsusi mülkiyyət sahibi oldu. Qeyd etmək istəyirəm ki, torpaq islahatı çox mürəkkəb bir məsələ olmasına baxmayaraq, respublikamızda bu proses başqa ölkələrə nisbətən qısa müddət ərzində müvəffəqiyyətlə başa çatdırıldı. Bu islahatın uğurla həyata keçirilməsini təmin edən və MDB ölkələrindən fərqləndirən üstün cəhətlərindən biri də bu məsələ ilə bağlı bütün sənədləşdirmə xərclərini dövlətin öz öhdəsinə götürməsidir.
and-ilya
Sonrakı dövrlərdə Heydər Əliyevin aqrar siyasətinin məğzini təşkil edən qanunvericilik bazasının yaradılması istiqamətində parlamentin Aqrar siyasət komitəsində məqsədyönlü iş davam etdirildi. Deputatların, Milli Məclisin əməkdaşlarının və ekspertlərin birgə hazırladıqları, habelə Azərbaycan Respublikası Konstitusiyasına əsasən qanunvericilik təşəbbüsü hüququ olan subyektlər tərəfindən təqdim olunan qanun layihələri komitədə müzakirələrdən sonra parlamentdə Torpaq, Meşə və Su məcəllələri, “Seleksiya nailiyyətləri haqqında”, “Toxumçuluq haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Torpaqların münbitliyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Balıqçılıq haqqında”, Tütün və tütün məmulatları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” və bir sıra digər qanunlar qəbul edildi.Komitədə müzakirələrdən sonra parlamentdə qəbul olunmuş “Baytarlıq haqqında” qanun Ümumdünya Ticarət Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, bu sənəd ingilis dilinə tərcümə olunaraq, digər ölkələrin parlamentlərinə model qanun kimi tövsiyə edilmişdir. 2008-ci ildə qəbul olunmuş “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun isə əhalinin qida təhlükəsizliyinin qorunmasına yönəlmiş mühüm sənədlərdən biri olmaqla, qanunvericilik baxımından Avropada və MDB məkanında bu istiqamətdə ölkəmiz öncül yer tutur. Bu qanunun qəbul edilməsi respublikamızda turizmin inkişafına böyük təsir edir. Belə ki, hazırda dünya əhalisi ekoloji təmiz ərzaq istehlakına çox böyük üstünlük verir və turistlər adətən həmin ölkələrə üz tuturlar.Fərəh hissi ilə bildirmək istəyirik ki, əsası ulu öndər tərəfindən qoyulmuş aqrar siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətə müasir dünyanın yeni çağırışları fonunda yeni-yeni çalarlar gətirilir. Prezident İlham Əliyevin təşəbbüsü və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları, kənd təsərrüfatının inkişafına, aqrar sahəyə daha da artan diqqət və qayğı bunun parlaq göstəricisidir. Məhz ümummilli liderin təşəbbüsü ilə 2001-ci ildən başlayaraq müvafiq qanuna uyğun olaraq kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olundular. Hörmətli Prezident İlham Əliyevin imzaladığı sənədlə həmin qanunun qüvvədə olma müddəti 2018-cü ilin sonuna kimi uzadılıb. Bunun nəticəsidir ki, keçən dövr ərzində fermerlərin dövlətə ödəməli olduqları 2 milyard manata yaxın vəsait onların öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəldilmişdir. Aqrar sahəyə dair qəbul olunmuş qanunların icrasını təmin etmək və ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyinin bazasını təşkil edən kənd təsərrüfatının inkişafı məqsədilə Prezident İlham Əliyevin fərman və sərəncamları ilə aqrar sahəyə dövlət dəstəyi çox böyük vüsət almış və onun əhatə dairəsi gündən-günə genişlənir.
eldar-3
Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə xidmət və infrastruktur (soyuducu və taxıl anbarı kompleksləri) sahələrinin inkişafına indiyə kimi 1 milyard manatdan çox dövlət vəsaiti güzəştli şərtlərlə fermerlərə kreditə verilmişdir. 2007-ci ildən başlayaraq yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən hər il 150-180 milyon manat həcmində kənd təsərrüfatı məhsul istehsalçılarına subsidiyalar verilir. Bundan başqa “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-ci ildən başlayaraq indiyə kimi 30 min ədəd kənd təsərrüfatı texnikası və 25 min başa yaxın iribuynuzlu damazlıq heyvan güzəştli şərtlərlə fermerlərə lizinqə verilmişdir. Bu müddət ərzində müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınmasına, 47 rayonda aqroservis filiallarının təşkilinə, təmir emalatxanalarının yaradılmasına, 6 regional logistik gübrə bazasının tikilərək istifadəyə verilməsinə və ASC-nin fəaliyyətinin təşkilinə 1,1 milyard manat büdcə vəsaiti yönəldilmişdir. Təkcə bu il yeni kənd təsərrüfatı texnikasının alınmasına 160 milyon manat dövlət vəsaiti nəzərdə tutulubdur.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi – dövlət dəstəyi olmadan aqrar sahəni inkişaf etdirmək olmaz prinsipini fəaliyyətinin ilk dövründən yüksək qiymətləndirir və bu istiqamətdə mühüm sənədlər imzalayır. Bunun nəticəsidir ki, hazırda respublikamızda daxili bazarın tələbatını ödəmək üçün və xarici bazarlara çıxmağa dair qabaqcıl ölkələrin həsəd apardıqları müasir aqrar siyasət formalaşmışdır. Bu siyasətin mühüm istiqamətlərindən biri ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların və aqroparkların yaradılmasına xüsusi önəm verilməsidir. Məhz iri təsərrüfatlarda yüksək məhsuldar bitki sortları və heyvan cinsləri, yeni müasir texnika və texnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır ki, bu da əmək məhsuldarlığını artırmağı və rəqabət qabiliyyətli məhsul istehsalını təmin edir. Bununla əlaqədar ölkəmizin kənd rayonlarında 43 aqroparkın və 30-dan çox iri təsərrüfatların yaradılması nəzərdə tutulur ki, bunlardan da bir neçəsi artıq fəaliyyət göstərir. Bu təsərrüfatlarda hər hektardan 55-60 sentner buğda və 110-120 sentner qarğıdalı məhsulu götürülür, hər inəkdən ildə 6-7 min litr süd sağılır. Belə yüksək məhsuldarlıq hələ respublikamızın tarixində müşahidə olunmayıb və bu təsərrüfatların sayının artırılması ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafını təmin etməklə taxıla və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.
eldar-2
Balıq və balıq məhsullarının artırılması və bu məhsullara olan tələbatın tam ödənilməsi üçün “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilmiş və akvakulturanın inkişafını təmin edən maddələr əks olunmuşdur.
Kənd təsərrüfatının inkişafında meliorasiya və irriqasiyanın əhəmiyyəti çox böyükdür. Ona görə də 5 iyun 1996-cı ildə “Meliorasiya və irriqasiya haqqında” qanun qəbul edilmiş və ümummilli liderin təşəbbüsü ilə həmin tarix meliorasiya və irriqasiya işçilərinin peşə bayramı kimi qeyd edilir. Müasir aqrar siyasətdə də meliorasiya və irriqasiya məsələlərinə xüsusi diqqət verilir. Dövlətin dəstəyi və dövlət büdcəsinin vəsaiti hesabına “Taxtakörpü” su anbarının, “Taxtakörpü-Ceyranbatan” kanalının, “Vəlvələçay-Taxtakörpü” kanalının istifadəyə verilməsi, Şəmkirçay su anbarından Goranboy rayonuna kanalın və Neftçala su kanalının tikintisinin davam etməsi, habelə digər layihələrin reallaşması 200 min hektar indiyədək suvarılmayan və ya suvarılması lazımi səviyyədə olmayan sahələrin tam suvarılmasına imkan verməklə məhsuldarlığın artımını təmin edəcəkdir.
Ölkəmizdə idxaldan ixraca keçidi təmin etməyə yönəlmiş müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd ərazilərinin sosial simasını kökündən yaxşılaşdırmaqdır. Bu məqsədlə respublikamızın kəndlərində hər il böyük həcmdə təhsil, səhiyyə, mədəniyyət, rabitə obyektlərinin tikintisi, yaşayış məskənlərinin işıq, qaz, içməli su ilə tam təmin olunması, kəndarası yollara asfalt salınması və digər sosial yönümlü işlər görülür. Onların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.Aparılan bu tədbirlər artıq öz bəhrəsini verməkdədir və ölkəmiz son vaxtlar kənd təsərrüfatı və ərzaq məhsullarını idxal edən ölkədən ixrac edən ölkəyə çevrilir. Belə ki, kənd təsərrüfatı məhsulları və ərzaq mallarının ixracı ilbəil sürətlə artır və ölkəmizə 1 milyard dollara yaxın valyuta daxil olur. Bu da onu bir daha təsdiqləyir ki, aqrar sahəyə dövlət dəstəyi özünü tam doğruldur və bu sahənin inkişafı ölkə əhalisinin sosial rifah halının yaxşılaşmasına xidmət edir.
Dövlət başçısının təşəbbüsü və göstərişi əsasında qeyd olunan tədbirlərin həyata keçirilməsi mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini tələb etdiyindən parlamentin Aqrar siyasət komitəsi aqrar sahəyə dair qanunlara müntəzəm olaraq dəyişikliklər edilməsində fəal iştirak edir və bununla bağlı çoxsaylı qanunlar qəbul olunmuşdur.
Aqrar siyasət komitəsi gələcəkdə də ölkə rəhbərinin bu sahədə atdığı addımlara öz səlahiyyətləri çərçivəsində dəstək verəcək, islahatların hüquqi bazasının daha da təkmilləşdirilməsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Eldar İBRAHİMOV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor
Etikxeber.az

Read Previous

“Sənin buna haqqın yoxdur…” – TAHİR RZAYEV

Read Next

Metronun “Xətai” stansiyası fəaliyyətini dayandırır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir