Elektron qaydada ünvanlı sosial yardımla bağlı müraciətə baxılması və təyin edilməsi müddəti azaldıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”də dəyişiklik edib.

Etikxeber.az-ın məlumatına görə, qərara əsasən, reqlamentin adı dəyişdirilərək “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” adlandırılıb. Bu həftədən qüvvəyə minən reqlamentə əsasən www.e-gov.az,  http://e-xidmet.mlspp.gov.az elektron ünvanlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən bu xidmət aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunmaları üçün elektron qaydada müraciət edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir. İndiyə qədər elektron xidmətdən istifadə üçün vətəndaş https://www.e-gov.az internet ünvanına daxil olub, şəxsiyyəti təsdiq edən sənədin seriyasını və fərdi identifikasiya nömrəsini (FİN) daxil edib və ya Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən verilmiş e-imza kartı və ya Mobil Autentifikasiya Sertifikatı ilə autentifikasiyadan keçib, “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçib, ekranda açılmış əlavələr üzrə müvafiq xanaları ardıcıllıqla doldurub və tələb olunan sənədləri əlavə edərək sorğu edib. Bundan sonra isə elektron xidmətdən istifadə üçün istifadəçi https://www.e-mlspp.gov.az; https://www.e-gov.az internet ünvanına daxil olaraq “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətini seçəcək, məlumatları daxil edəcək və ekranında əks olunan sualları ardıcıllıqla dolduraraq sorğu edəcək. Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən sosial yardımın alınması üçün müraciətdə qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən aidiyyəti qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçiriləcək. Ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçiriləcək və nəticələri gücləndirilmiş elektron imza ilə təsdiqlənərək real vaxt rejimində VEMTAS-a ötürüləcək. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların müraciətdə əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçiriləcək.

Dəyişikliyə əsasən, ünvanlı sosial yardım barədə müraciətə baxılması və sosial yardımın təyin edilməsi üçün nəzərdə tutulan müddət də azaldılıb. İndiyə qədər sənədin yoxlanılması nəticəsində imtina üçün əsaslar müəyyən olunmadıqda 20 gün müddətində şəxsə ünvanlı sosial yardım təyin olunması barədə müvafiq qərar qəbul edilib. Bundan sonra məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılacaq. Müraciətlərə VEMTAS tərəfindən 15 iş günü müddətində baxılacaq, sosial yardımın təyin olunması və ya sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul ediləcək, bu barədə dərhal istifadəçiyə elektron qaydada məlumat göndəriləcək.

Etikxeber.az

 

Read Previous

“Vətənin sevməyən insan olmaz” layihəsi çərçivəsində muğam konserti keçiriləcək

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir