Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidi Əli Əvəz oğlu Məmmədovun doğum günüdür.
Əli Məmmədovun bu gün-1 sentyabr 2026-cı il tarixində 28 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az-n xəbərinə görə, Əli Məmmədov 1998-ci ilin sentyabr ayının 1-də Kürdəmirin Atakişili kəndində Məmmədovlar ailəsində dünyaya gəlib.
Evin-ailənin tək oğlu və 4 bacının yeganə qardaşı idi.
2004-cü ildə Kürdəmir rayon Vüqar Qurbanov adına tam orta məktəbə gedən Əli 2013-cü ildə 9-cu sinfi tamamlayaraq Bakı Neft Energetika Kollecinə daxil olub.
Kolleci bitirməsinə üç ay qalmış 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
Hərbi xidməti başa vurduqdan sonra hərbiyə olan sevgisi sayəsində bu sahədə xidməti davam etdirib.
Həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
O, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində dövlət sərhədimizi pozaraq təxribat törədən düşmənin ağır itkilər verərək geri oturdulması əməliyyatlarında iştirak edib.
Eyni zamanda, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü-kəşfiyyatçı kimi tarixi 44 günlük İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.
Suqovuşanın, Talışın azad olunmasında iştirak edib, Tərtər-Ağdərə, Kəlbəcər, Füzuli istqamətlərində-müxtəlif nöqtələrdə döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.
Əli Məmmədov müharibənin başa çatmasına cəmi 6 gün qalmış, 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi səhərisi gün, noyabrın 5-də öz doğma kəndlərinə gətirilərək, Şahsevən kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
22 yaşında Şəhidlik məqamına ucalan Əli Məmmədov həm də subay olub.
Eyni zamanda, bacısı Ayşənin övladı Onun adını daşıyır.
***
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Şahsevən kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Məzarı başında qısa çıxışlar olunub, Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Ailəsinə, valideynlərinə-anası Nina xanıma və atası Əvəz kişiyə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik edilib.
Məzarını ziyarətdən sonra Atakişili kəndində-Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, tort kəsilib.
Xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı məclisdə ailə üzvləri, yaxınları, Kürdəmirli və Tərtərli Şəhid ailələri, Qazilər, yerli ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində uyusun!
13:27
***
FOTOLAR:




Etikxeber.az





