Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin üçüncü ildönümüdür.
Bərdəli Elməddin Hüseynzadənin, Kürdəmirli (həm də Ağdamlı) Adəm Əliyev və Ramil Babayevin Şəhidliyinin, Əbədiyyətə uğurlanmasının üçüncü ili, Anım Günüdür.
Bununla yanaşı, Bakının Səbail rayonunun (“20-ci sahə”) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bilal Qənbərovun Cənnətdəki üçüncü doğum günüdür.
Etikxeber.az xəbər verir ki, Elməddin Hüseynzadə 1998-ci il, Adəm Əliyev 2000-ci il, Ramil Babayev 1991-cı il, Bilal Qənbərov isə 1993-cü il təvəllüdlüdür.
Anası tərəfindən təkbaşına böyüdülən Elməddin Hüseynzadə evin tək övladı, Bilal Qənbərov 3 bacının tək qardaşı, anası tərəfindən təkbaşına boya-başa çatdırılan Adəm Əliyev iki oğlan övladından biri idi.
Ramil Babayev isə ailənin 4 övladından, 2 qardaşdan biri olub.
Ramil Babayev həm də ali-hərbi təhsilliydi.
Ramil Babayev peşəkar hərbçi, kəşfiyyatçı, Baş leytenant, Elməddin Hüseynzadə ilə Adəm Əliyev MAXE olub, Bilal Qənbərov isə İkinci Vətən Müharibəsində könüllü olaraq iştirak edib.
Ramil Babayev iki övlad-bir qız və bir oğul (adını daşıyan oğlu Ramil Babazadə Şəhidliyindən bir neçə ay sonra, 2021-ci ilin yanvarında dünyaya gəlib), Bilal Qənbərov isə bir qız atası olub.
Adəm Əliyevlə Elməddin Hüseynzadə isə subay olublar.
Ramil Babayevlə Adəm Əliyev Kəlbəcər-Murovdağ istiqamətlərində, Bilal Qənbərov Şuşa, Elməddin Hüseynzadə isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ramil Babayevlə Adəm Əliyev Kürdəmir rayon Şəhidlər Xiyabanında, Bilal Qənbərov Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında, Elməddin Hüseynzadə isə Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıblar.
Adəm Əliyev, Elməddin Hüseynzadə, Ramil Babayev bir neçə medal və ordenlə, Bilal Qənbərov isə bir necə medalla təltif olunub.
Ailəsi Bilal Qənbərovun həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
***



Bu gün səhər saatlarında Adəm Əliyevlə Ramil Babayevin Kürdəmir rayon Şəhidlər Xiyabanında, Bilal Qənbərovun Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında, Elməddin Hüseynzadənin isə Bərdə rayon Şəhidlər Xiyananında məzarları ziyarət olunub.
Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib.
Məzarları önündə qısa çıxışlar edilib, adları çəkilən Şəhidlərlə birlikdə cəmi Şəhidlərin İgidlik və Qəhrəmanlıqlarından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən danışlıb.
Şəhidlərin ailələrinə bir daha başsağlığı verilib, bir daha Allahdan onlara səbr və dözüm arzulanıb.
Eyni zamanda, Bilal Qənbərovun Cənnətdəki üçüncü doğum günü, 30 yaşı təbrik olunub.
Daha sonra Adəm Əliyevlə Elməddin Hüseynzadənin Anım mərasimləri düzənlənib, adlarına ehsan süfrələri açılıb.
Onu da qeyd edək ki, Ramil Babayevin nəşi 4 ay 2 gündən sonra tapılaraq, 2021-ci ilin yanvar ayının 31-də Kürdəmir rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Məqamları Uca, məkanları cənnətlik, dərgahları mübarək olsun!
Nur içində yatsınlar!
14:33
***
FOTOLAR:










16:00
***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az