Elmar Məmmədyarovla Antonio Quterreş bir arada

Xarici İşlər naziri Elmar Məmmədyarov 27 sentyabr 2019-cu il tarixində BMT-nin Baş Katibi Antonio Quterreş ilə görüşdü.

Etikxeber.az xəbər verir ki, Baş Katib Azərbaycanda həyata keçirilən daxili islahatları alqışladığını vurğulayaraq, səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Elmar Məmmədyarov səmimi qəbula görə Baş Katibə minnətdarlığını bildirdi. O, bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünə istinad edərək, Baş Katibi bu tədbirdə iştirak etməyə dəvət etdi.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən ən son görüş barədə Baş Katibə ətraflı məlumat verdi.

Münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin mövqeyini, ilk növbədə isə Təhlükəsizlik Şurasının qətnamələrini xatırladan Nazir, Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması tələbinin Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu vurğuladı.

A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd etdi və BMT-nin sülh prosesinin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu bildirdi.

Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi apardılar.

Görüşün sonunda nazir Elmar Məmmədyarov BMT-nin Fəxri Qonaqlar Kitabını imzaladı.

Etikxeber.az

Read Previous

Leyla Əliyeva “Nəsimi” antreprizasının – TƏQDİMATINDA – FOTOLAR

Read Next

“Başa düşmək istəməyənlər çox şey itirəcək…” – İSA QƏMBƏR KİMLƏRƏ EYHAM VURDU?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir