Bərdə rayonunda yaşayan İkinci Vətən Müharibəsi iştirakçısı Elvin Rasim oğlu Cavadov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Prezidentin köməkçisi Hikmət Hacıyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca, Milli Məclisin üzvü Fatma Yıldırıma və Milli Məclisin üzvü Elman Məmmədova müraciət ünvanlayıb.
Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elvin Rasim oğlu Məmmədov əslən Xocalıdan olsam da, 2000-ci ilin 31 avqust tarixində qədim və Qəhrəman Bərdə rayonunda dünyaya gəlmişəm. Məcburi köçkün olan ailəmlə birlikdə Bərdə rayonunda yaşayıram və hazırda da Bərdə Müalicə Diaqnostika Mərkəzində mühafizəçi vəzifəsində işləyirəm. Bir Xocalılı, bir Bərdəli, bir Qarabağlı, bir Vətən övladı kimi Azərbaycan Ordusunun Əsgəri olaraq, İkinci Vətən Müharibəsində iştirak etmişəm.
Torpaqlarımızı, doğma Qarabağımızı, işğal altında olan ərazilərimizi düşmən işğalından azad etmək, soyqırımına, erməni vəhşiliklərinə məruz qalan Xocalıların qisasını almaq üçün İkinci Qarabağ Savaşına qatılmışam. Müharibənin ilk günündən son gününəcən, tarixi Qələbə və Zəfərimizəcən döyüşlərdə iştirak etmişəm.
Füzülidən, Cəbrayıldan, Xocavənddən düz Şuşayacan döyüş yolu keçmişəm. Təvazökarlıqdan uzaq olmasın, noyabrın 8-də-Şuşa şəhəri azad olunan gün “İsa bulağı”na müqəddəs üçrəngli Azərbycan bayrağını sancan da məhz mən olmuşam. O gün də Qürur duymuşam, bu gün də Qürur hissi keçirirəm.
Eyni zamanda, Müzəffər Ali Baş Komandan kimi Sizin Sərəncamınızla “Xocavəndin azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşam. Bunlara görə də Sizə bir daha minnətdarlığımı bildirirəm”.
Müraciətdə daha sonra qeyd olunur:
“Çox hörmətli Ali Baş Komandan!
Müraciət etməyimə səbəb hələ də Füzuli, Cəbrayıl və Şuşa ilə bağlı medallarla təltif olunmamağımdır. Çox təəssüflər olsun ki, İkinci Vətən Müharibəsindən, tarixi Qələbəmizdən 2 il 5 ay keçməsinə baxmayaraq, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına təqdim edilməmiş və nəticədə də bu medalları ala, bu medallarla təltif olunmamışam. İki il yarım ərzində də bununla bağlı müraciətlərimə düz-əməlli bir cavab ala bilməmişəm. Bu isə bir Vətən müharibəsi iştirakçısı kimi məni üzür, incidir.
Ona görə Sizdən xahiş və rica edirəm ki, məni eyni zamanda, uğrunda döyüşdüyüm “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edəsəniz. Sizdən çox-çox və dəfələrlə xahiş edirəm ki, bu müraciətimi nəzərə alasınız, məni bir daha sevindirəsiniz. İnanır və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq.
Öncədən də Sizə öz minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, gözəl ailənizi, Qalib Azərbaycanımızı və Rəşadətli Ordumuzu qorusun!”
Etikxeber.az