Millət vəkili Zahid Oruc Gununsesi.info-ya müsahibə verib.
Etikxeber.az müsahibəni olduğu kimi təqdim edir:
“İrəvan hesab edir ki, artıq Rusiya Ermənistanın üstündən əlini çəkib və müttəfiqləri olsa da, onları müdafiə etmir…”
-Zahid bəy, ermənilərin son günlərdə cəbhəboyu aktivləşməsinin arxasında nə dayanır. Bu aktivləşmə hansı məqsədlərə xidmət edir?
-Son günlərdə ermənilərin aktivləşməsində və bununla vəziyyətin gərginləşməsində hərbi elementlərlə yanaşı, siyasi elementlər də mövcuddur. Birincisi odur ki, aprel döyüşlərinin ermənilərdə yaşatdığı şok Ermənistanda bir müddət çəkdi. Serj Sərkisyan hökuməti istefaya göndərməklə bu vəziyyətdən çıxdı. Ermənistanın yeni baş naziri və müdafiə naziri apreldən öcəki vəziyyəti bərpa etmək üçün Azərbaycana dırnaqarası güc göstərməklə vəziyyəti dəyişmək istəyir. Lakin o da bəllidir ki, ermənilərin bu atəşlərinə və təxribatlarına qarşı Azərbaycanın cavabı çox kəskin olur. Məhz bunun nəticəsidir ki, son aylarda İrəvana gedən tabutların sayı artıb. İkinci amil isə ondan ibarətdir ki, ermənilər Dağlıq Qarabağ ərazisinə xeyli sayda silah yerləşdirib və bununla qabaqlayıcı tədbirlər görürlər.
Digər əsas məqam isə beş rayonun işğaldan azad olunması ətrafında gedən müzakirələrdir. İrəvan hesab edir ki, artıq Rusiya Ermənistanın üstündən əlini çəkib və müttəfiqləri olsa da, onları müdafiə etmir. Rusiya hətta, “Şimal-Cənub” dəhlizinin keçdiyi ərazilərin işğaldan azad olunması üçün İrəvana təzyiq edir. Buna görə də Ermənistan danışıqlar prosesini pozmaq və rayonları hansı vasitə ilə olur-olsun boşaltmamaq üçün ən müxtəlif təxribatlara əl atmaq istəyir. Necə ki, 90-cı illərin sonunda Ermənistan parlamenti gülləbaran edilməklə Ter-Petrosyan hökuməti istefaya göndərildisə, indi də hökuməti qurban verib status-kvonu qoruyub saxlamağa çalışırlar. Odur ki, bu gün erməni cəmiyyətində bir anti-Putin, anti-Rusiya hərəkatı güclənməkdədir. Çünki Rusiya da artıq yaxşı başa düşür ki,Qarabağdakı status-kvonu uzun müddət saxlamaq onların marağına xidmət etmir. Ermənilər onu da yaxşı anlayır ki, Rusiya-Azərbaycan yaxınlaşması Ermənistanın forpost rolunun itməsi ilə nətcələnəcək. Bu da İrəvanın maraqlarına cavab vermir. Yəni, Ermənistan Cənub flaqmanında ön cəbhə rolunu itirmiş olacaq. Belə olan şəraitdə ermənilər cəbhə xəttində aktivləşərək təxribatlara əl atırlar. Ancaq onu deyə bilərəm ki, beynəlxalq münasibətlərdə təşəbbüslərin çox zəiflədiyi bir dönəmdə proseslər təkrar aprel döyüşləri ssenarisinə qayda bilər. Ona görə də cəbhədə təkrar hərbi toqquşma tam realdır.
“Başqa güclər münaqişəyə cəlb olunacağı təqdirdə, o, bizim müharibə olmayacaq”
-Sizcə aprel döyüşlərinin təkrarlanması hansı nəticələrə gətirib çıxara bilər? Regionda hansı fəsadlara yol aça bilər?
-Bir çoxları Amerikada seçkilərin olduğunu, Yaxın Şərdəki, Ukraynadakı vəziyyəti nəzərə alaraq regionda növbəti toqquşmalara yol açıla biləcəyini qeyd edirlər. Bu fikirlər də əsaslıdır və həqiqət payı böyükdür. Ruisya ABŞ-la Qafqazada öz münasibətlərini müəyyən mənada uzlaşdırsalar da, Yaxın Şərqdə və Ukraynada bunun şahidi olmuruq. Belə olan təqdirdə, Azərbaycanla Ermənistan arasındakı qarşıdurma daha geniş əməliyyatlara yol aça bilər. Yəni, münaqişə tərəfi iki dövlətdən ibarət olmaya bilər. Bu gün ən qorxulusu da Qarabağ münaqişənin beynəlmiləlləşməsidir. Bu münaqişəyə yeni qüvvlərin cəlb olunmasıdır ki, burada da heç bir uduş yoxdur. Açıqca demək lazımdır ki, belə bir söz var “Öz müharibən”. Əgər başqa güclər münaqişəyə cəlb olunacaqsa, o, bizim müharibə olmayacaq. Kənar dövlətlərin iradəsi ilə həyata keçirilən əməliyyat olacaq. Bəziləri hesab edir ki, guya indiki yaranmış surətdə bu yolla Rusiyanı bölgədən uzaqlaşdırmaq mümkün olacaq. Lakin hesab edirəm ki, bunu fürsət kimi dəyərləndirmək olmaz. Ona görə də proseslərdə qarışıq elementlər bir-irini içərisindədir və ehtiyatlı olmaq lazımdır. Burada bir məqamı da vurğulamaq istəyirəm ki, Ermənistanın yeni müdafiə naziri özünü göstərərək demək istəyir ki, o, beynəlxalq münasibətlər sistemindən gəlsə də, hərbi sistemi idarə edə bilər. Əslində isə orduda onu qəbul etməyən yetərincə qüvvələr var. Onlar düşünürlər ki, Qarabağda can verib, qan tökərək general rütbəsi alıblar. Ancaq kənardan biri gəlib onları idarə edir. O baxımdan da, kiçik bir növbəti uğrusuzluq Ermənistanda silahlı qüvvələrdə siyasi böhrana yol açacaq. Buna heç şübhəniz olmasın.
“Erməni generalları bundan çox ehtiyat edirlər”
-Yəni hesab edirsiz ki, cəbhə xəttində baş verənlər yeni müdafiə nazirin təxribatı ola bilər?
-Bəli. Bir daha deyirəm ki, bu gün Ermənistanda iqtisadi islahatlar yolu ilə xalqı hökumətin ətrafında birləşdirmək mümkün deyil. Yeganə variant Qarabağ cəbhəsində qalır ki, o da bundan istifadə etməyə çalışır. Çünki son günlərdə dünyada yaşayan tanınmış ermənilər, hətta, Şarl Aznavur da ermənilərə müraciət edərək dövlətçilik üçün mühüm dövr olduğu barədə çağırış edib. Bu yolla İrəvan Qarabağ cəbhəsinə dönüş əldə edib, apreldən öncəki vəziyyəti bərpa etmək istəyir. Amma ermənilər onu da yaxşı analyır ki, Azərbaycan ordusu da yetərincə güclüdür. Nəinki ermənilərin hücumunun qarşısını almağa, hətta, vəziyyəti dəyişib döyüşləri Ermənistanın daxilində aparmağa qadirdirlər. Və erməni generalları bundan çox ehtiyat edirlər.
“Yetər ki, beynəlxalq güclər yenə ortaya düşüb prosesə mane olmasınlar…”
–Onda belə demək olar ki, əslində bu oyunların bir məqsədi var, o da, Qarabağ münaqişəsinin həlində status-kvonu qoruyub saxlamaq. Bu məqsədlə də, yəni, cəbhə xəttində təxribata əl atmaqla beynəlxalq ictimaiyyətini diqqətini danışıqlar prosesindən, həmçinin, beş rayonun azad olunması fikirndən yayındırmaq…Elə deyilmi?
-Bəli. Qeyd etdiyiniz kimi məsələni bir az da genişləndirərək demək istərdim ki, Serj Sərkisyan bu mövqeni sərgiləməklə ərazi qaytarılmasına getməyəcəyini nümayiş etdirmək istəyir. Guya demək istəyir ki, onun hərbi qüvvələrə gücü çatmır. Qarabağdakı münaqişəni tənzimləmək üçün oradakı ordu ilə razılaşamaq lazımdır. Gedin Qarabağda əlində silah olan zabit və əsgərlərlə danışın, kimi mesajını verir. Bununla belə Azərbaycan ordusu da dördgünlük aprel müharibəsində münaqişənin ədalətli həlli yolunu ermənilərə başa saldı və bunu bir daha təkrar etməya hazırdır. Qarşısına qoyduğu hədəf nail olmağa qadirdir. Yetər ki, beynəlxalq güclər yenə ortaya düşüb prosesə mane olmasınlar.
Etikxeber.az