Ermənistan Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutur-DAHA BİR HƏRBİ QULLUQÇUMUZ ŞƏHİD OLDU-MÜDAFİƏ NAZİRLİYİ VƏ HƏRBİ PROKURORLUQ MƏLUMAT YAYDI – YENİLƏNİB – (4)

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.

Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.

Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.

Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

06:30

***

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Nazirlikdən bildirilib ki,Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

07:57

***

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.

MN-dən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

09:06

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahmudlu Müslüm Vidadi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə isə Hərbi Prokurorluqdan məlumat verilib.

Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

10:35

***

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə yenə MN məlumat yayıb.

“Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”-deyə, məlumatda deyilir.

10:40

***

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Bu barədə də MN məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür:

“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

Ordumuzun bölmələri Ermənistanın tibb maşınına atəş açmayıb-MN

Read Next

“Ermənistanın danışıqlar prosesinə xələl gətirən əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir