Ermənistanın növbəti təxribatı ilə bağlı XİN VƏ OMBUDSMAN BƏYANAT VERDİ – YENİLƏNİB

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb:

“Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir.

Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda, siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcəkdir.

Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

***

“2023-cü il, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutaraq növbəti dəfə regionda sülh və təhlükəsizliyə zərbə vuran təxribat törətmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanmasına səbəb olan həmin təxribat hazırda da davam etməkdədir”.

Bu barədə isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan silahlı qüvvələrinin növbəti təxribat cəhdinin pislənilməsinə dair açıqlamasında deyilir.

“Regionda sülhün və əmin-amanlığın təmini üçün Ermənistanın hərbi təxribatlardan əl çəkməsi ilə bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırış və bəyanatlar ünvanlanmasına baxmayaraq bu təxribatların davam etdirilməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətlərindən əl çəkmədiyini bir daha sübut edir. Göründüyü kimi, Ermənistan beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla regionda sülh prosesinə maneə törətməkdədir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın hərbi təxribatlarına son qoyulması və sülhün bərpası istiqamətində qəti mövqe nümayiş etməyə çağırırıq”-deyə, sonra açıqlamada deyilir.

Etikxeber.az

Read Previous

Samir Seyidəhmədli Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsinin müavini-TƏYİN OLUNDU

Read Next

Ermənistanın növbəti təxribatı: YARALI VƏ ŞƏHİDLƏRİMİZ VAR – ŞƏHİDLƏRİMİZİN ADLARI AÇIQLANDI – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir