Ermənistanın növbəti təxribatı: YARALI VƏ ŞƏHİDLƏRİMİZ VAR – ŞƏHİDLƏRİMİZİN ADLARI AÇIQLANDI – YENİLƏNİB – (2)

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

“Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür”, MN-dən bildirilib.

***

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.

MN-dən verilən məlumata görə, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

İctimaiyyətə əlavə məlumat veriləcək.

***

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.

MN-dən verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır: 

“Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır”.

Qeyd olunub ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

MN ictimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.

18:47

***

Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub.

Bu barədə MN məlumat yayıb.

Bildirilib ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

Ermənistanın növbəti təxribatı ilə bağlı XİN VƏ OMBUDSMAN BƏYANAT VERDİ – YENİLƏNİB

Read Next

Şəhid olan hərbçilərimizin-FOTOLARI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir