“Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB

Noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.
 
Etikxeber.az məlumat verir ki, bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
H. Hacıyev deyib ki, Prezident İlham Əliyevin tərəfindən hər zaman vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması hər zaman ilk yerdədir:

“Biz 2016-cı ilin aprel hadisələrində də dövlət başçısının vətəndaşlara qayğısını gördük, həmin vaxt mülkiyyətlərinə ciddi ziyan dəymiş vətəndaşlara yeni evlər tikildi. Tovuz hadisələri zamanı da mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi aparıldı və vətəndaşlara dəymiş ziyan aradan qaldırıldı”. 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərə qarşı 30 min mərmi, 227-dən artıq raket atılıb:

“Hətta ballistik, kasetli raketlərdən də istifadə edilib. Mülki obyektlərin hədəf alınması Ermənistanın hərbi doktrinasının tərkib hissəsi idi. 1990-cı illərin əvvəlində də belə addımlar atılıb, Xocalı soyqırımında da bunu görmüşük. Ermənistanın məqsədi mülki əhalini panikaya salmaq və Azərbaycanda humanitar fəlakət yaratmaq idi. Bunlar eyni taktikanı Tovuz hadisələri və 27 sentyabrdan sonra da tətbiq etdilər. 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bəyan etmişdi ki, sərhədlər boyu yaşayan 500 min azərbaycanlı mülki əhali hədəflərindədir. Amma Prezident İlham Əliyevin komandanlığı, ordumuzun səfərbərliyi nəticəsində Ermənistanın hərbi məqsədləri puça çıxdı. Ermənistan bu dəfə cəbhə xəttindən uzaq olan Gəncə, Mingəçevir şəhərlərini, Xəzər sahilində yerləşən Xızı, Siyəzən şəhərlərini də əhatə etdi. Bu, Xocalı faciəsindən davam edən bir strategiyadır. Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın legitim hərbi obyektlərinin sıradan çıxarılması bu siyasətin geniş formada həyata keçirilməsinin qarşısını alıb”.

Sonra “Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək”-deyən H. Hacıyev bildirib ki, Azərbaycan əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətin olub:

“İndi həmin ərazilər işğaldan azad edilib. Prezidentin son sərəncamı isə 27-dən başlayaraq Ermənistan respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını əhatə edir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, qiymətləndirmə prosesinə yerli qiymətləndirmə şirkətləri də cəlb olunacaq:

“Müstəqil təsisatlar, beynəlxalq təsisatlar da bu qiymətləndirməyə cəlb ediləcək. Zərərlə bağlı rəqəmlər Xarici İşlər Nazirliyi (XİN) tərəfindən beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.

H. Haciyev vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində zərər görən vətəndaşlara yeni evlər veriləcək, lazım olduğu halda onların evləri əsaslı təmir olunacaq.

O, eyni zxamanda deyib ki, Ermənistanın təxribatı nəticəsində 4 məscid və kilsə, 15 qəbiristanlığa da ziyan dəyib.

H. Hacıyev deyib ki, cəbhəboyu ərazilərdə yerləşən 50-dən çox məktəb binasına da ziyan dəyib. 

***

“Noyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb”.

Bunu isə brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, dəymiş ziyanla bağlı məlumat bazası yaradılacaq:

“Prezidentin sərəncamına əsasən, proses şəffaf olmalıdır. Beynəlxalq ictimaiyyət və xalqımız bununla bağlı davamlı məlumatlandırılacaq, bu brifinq də elə bu məqsədə xidmət edir”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, artıq Dövlət Komissiyasının işçi qrupları yaradılıb:

“Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb”.

Daha sonra “Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş obyektlər arasında fərdi yaşayış evləri, yardımçı tiklilər, çoxmənzilli yaşayış evləri, istehsal, ictimai-iaşə obyektləri, məscidlər və kilsələr, tarixi abidələr, su təchizat obyektləri və tələf olunmuş mal-qara var”-deyən İ. Məmmədov qeyd edib ki, dəyən ziyan qısa müddətdə araşdırılacaq və dövlət başçısına təqdim olunacaq.

Etikxeber.az

Read Previous

Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanla bağlı İşçi qrupların təklifləri dekabrın 10-dək-DÖVLƏT KOMİSSİYASINA TƏQDİM OLUNACAQ…

Read Next

Könül Nurullayevaya töhmət verildi-MİLLƏT VƏKİLİ AZƏRBAYCAN XALQINDAN ÜZR İSTƏDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir