“Ermənilərə qarşı sanksiyadan tutmuş gərəkən bütün addımlar atılmalıdır”-DEPUTATLARDAN QONDARMA “DQR”-DƏKİ “SEÇKİLƏR”Ə KƏSKİN ETİRAZ

Avropa Birliyinin, bu qurumun bəzi üzvlərinin ayrıca açıqlamaları, Minsk qrupuna həmsədrlik edənlərin, eləcə də bir sıra başqa dövlətlərin operativ reaksiyaları ( digərlərinin də reaksiyaları gözlənilir) göstərir ki, Dağlıq Qarabağdakı qanunsuz rejimin martın 31-də keçirdiyi “seçkini” hayların özlərindən başqa kimsə tanımır.

Etikxeber.az xəbər verir ki, parlamentin komitə sədrinin müavini Sahib Alıyev deyib.

O, qeyd edib ki, koronavirus pandemiyası üzündən bütün dünyada kütləvi tədbirlərə qadağa qoyulduğu halda Dağlıq Qarabağda belə bir “seçki”nin keçirilməsi oradakı rejimin həm də mahiyyətindən, uydurma qurumun normal dövlət standartından nə qədər uzaq olmasından xəbər verir:

“Ümid etmək istərdim ki, ikili standartlara nəhayət son qoyulacaq və böyük dövlətlər, özəlliklə də Minsk qrupuna həmsədrlik edənlər Dağlıq Qarabağdakı kimi geosiyasi virusların keçirdikləri ” seçki”ni təkcə tanımamaqla kifayətlənməyib, həm də onlara qarşı sanksiyadan tutmuş gərəkən bütün addımları atacaqlar”.

“İşğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkilər” beynəlxalq hüquq normalarına tamamilə ziddir. Əslində, bu seçkilər işğalçı Ermənistan dövlətinin növbəti təxribatı və siyasi oyunudur”.

Bu fikirləri isə mətbuata açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, işğal edilmiş Dağlıq Qarabağ bölgəsində “prezident və parlament seçkiləri” adı altında növbəti “seçki şousu” qanunsuz olmaqla yanaşı, demokratiya dəyərlərinə ləkədir. Onun sözlərinə görə, Ermənistan və onun yaratdığı qondarma rejim bu kimi addımlarla bütün beynəlxalq normaları pozur, həmçinin münaqişənin sülh yolu ilə həllinə zərbə vurur. S.Fətəliyeva deyib ki, qondarma seçkilər dünyanın koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunduğu bir dövrdə təşkil olunub. Bu fakt işğalçı Ermənistanın və separatçı rejimin öz çirkin məqsədləri üçün pandemiya ilə mübarizə ilə bağlı beynəlxalq çağırışlara zidd addımlar atdığını təsdiqləyir.

“Eyni zamanda, bu qanunsuz hərəkət bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil, status-kvonu uzatmağa çalışır. İşğalçı dövlət yalnız imitasiya etməklə məşğuldur” – deyən deputat qeyd edib ki, Azərbaycan dövləti rəsmi olaraq bu məsələyə münasibətini bildirib. Eləcə də, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, ATƏT-in Minsk qrupunun həmsədrləri bu “seçkiləri” qanunsuz hesab edib və onun nəticələrini tanımadıqlarını bəyan ediblər: “Bu o deməkdir ki, beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir və pisləyirlər. Dağlıq Qarabağ regionunda hər hansı seçki yalnız və yalnız Azərbaycan Respublikasının qanunları əsasında keçirilə bilər. Ermənistan hakimiyyəti bu reallığı dərk etməli, işğal etdiyi əraziləri sülh yolu ilə tərk etməlidir. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur”.

Etikxeber.az

Read Previous

61 yeni COVID-19 infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Read Next

Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı-MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir