“Ermənilər ötən ilin sentyabrında anladılar ki, biz onlarla oyun oynamırıq, yenə eyni ayda təkrar izaha ehtiyac var…”-POLİTOLOQ

Biz erməni separatçıların sentyabrın 2-də işğal altındakı Xankəndidə planlaşdırdıqları “müstəqilliklərinin” 30 illik tədbirinə necə reaksiya verməliyik?

İkisindən birini seçməliyik: Ya olanlara seyrçi qalmalı, görməzlikdən gəlməli və reaksiya verməməliyik, ya da Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyindən həm tədbirdən əvvəl, həm də sonra bu “tədbiri” keçirənlərə, Ermənistandan sərhədi pozub qanunsuz Azərbaycan torpaqlarına ayaq basanlara, o cümlədən separatçılara həmin “tədbiri” keçirməyə şərait yaradan rusiyalı hərbçilərə xəbərdarlıq mesajları göndərməliyik.

Bəyanatlarda separatçıların “tədbirinin” və “tədbirə” qatılmaların bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyinə yol açacağı xüsusi vurğulanmalı, bunun onlara baha başa gələcəyi bildirilməlidir. Onlar başqa dil anlamırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş illərdə Qarabağa tez-tez gələr və ağzına gələni danışardı. Paşinyan müharibədən sonra Qarabağa gəlməyib, çünki bilir ki, bu səfər ona baha başa gələcək. Birincisi, Paşinyanı Qarabağda görmək istəməyən ermənilərin sayı çoxdur, ikincisi Azərbaycan bu səfəri bölgədə gərginliyi artırmaq kimi qiymətləndirəcək, müxtəlif istiqamətlərdə toqquşmalar artacaq.

Ona görə də Paşinyan müharibədən sonra Qarabağa gəlməməyə üstünlük verir. Doğru qərardır. Digər tərəfdən keçmiş illərdən fərqli olaraq Ermənistan rəsmiləri Qarabağa helikopterlərlə də gələ bilmirlər. Paşinyan sentyabrın 2-də də Xankəndinə gələ bilməyəcək, o məzuniyyətdə olduğunu bəhanə gətirib, Ermənistan parlamentinin sədri isə həmin tarixdə Vyanada olacaq.

Buna baxmayaraq, Ermənistandan Azərbaycan sərhədini pozaraq Xankəndidəki tədbirə qatılan təxribatçılar olacaq. Aydındır ki, separatçılar müharibə zamanı verdikləri itkilər fonunda “müstəqillik günü”nü təmtəraqla keçirməyəcəklər. Ancaq onlar “əklil qoyma mərasimi” və zalda “toplantı” keçirməklə beynəlxalq aləmə mesaj göndərməyə çalışacaqlar ki, “müstəqildirlər” və Azərbaycan qanunlarına tabe olmayacaqlar.

Deməli, Azərbaycanın rəsmi qurumları bu günlərdə beynəlxalq aləmə daha gur səslə “Qarabağın müstəqilliyi anlayışı yoxdur” və “oradakı ermənilər Azərbaycan qanunlarına tabe olacaqlar” fikrini aşılamalıdırlar. Müdafiə Nazirliyi isə 2 sentyabr gününü separatçılara qarşı bir neçə ünvanlı əməliyyatlarla qeyd etməlidir.

Müdafiə naziri Zakir Həsənovun orduya rusiyalı hərbçilərin arxasında gizlənən separatçılara “vur” əmri əsas götürülməlidir.

Ermənilər ötən ilin sentyabrında anladılar ki, biz onlarla oyun oynamırıq, yenə eyni ayda təkrar izaha ehtiyac var.

Erməni separatçılarını və onların himayədarlarını daima təzyiq altında saxlamalıyıq. Başqa alternativimiz yoxdur.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

“Qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur”-ƏLİYEV MİRZİYOYEVİ TƏBRİK ETDİ

Read Next

Türkiyədə yanğınların söndürülməsində iştirak edən bir qrup FHN əməkdaşı təltif edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir