“Ermənilər Türkiyə-Azərbaycan müttəfiqliyini siyasi şantaja məruz qoymağa çalışır ki, bu da baş tutmayacaq…Əgər Ermənistan doğrudan da narahatlıq keçirirsə, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilsin…”-DEPUTAT

Azərbaycanda keçirilən təlimlər Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, qardaş Türkiyə ilə Azərbaycan arasında təbii, tarixi strateji müttəfiqlik əlaqələri mövcuddur. Əlbəttə, istənilən ölkə ilə ortaq maraqlar üzərindən çıxış etməklə strateji müttəfiqlik əlaqələri yaratmaq olar. Ancaq Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik tamamilə fərqlidir. Ona görə də biz bunu təbii-tarixi strateji müttəfiqlik adlandırırıq. Bir sözlə, iki qardaş ölkənin müttəfiqliyi tarixi köklərə söykənir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Deputat diqqətə çatdırıb ki, təbii deyən zaman iki ölkənin xalqlarının eyni millət olmasını, tarixi dedikdə isə tarixən çoxsaylı ortaq dövlətlər qurmaqla eyni siyasi keçmişə aid olduğumuzu bildiririk.

Bu amillərin çox əhəmiyyətli olduğunu qeyd edən H.Babaoğlu deyib ki, təkcə ötən əsrdəki münasibətlərə nəzər salsaq görərik ki, Azərbaycanda Xalq Cümhuriyyəti qurularkən Qafqaz İslam ordusu, Türkiyədə cümhuriyyət qurularkən isə azərbaycanlılar necə fədakarcasına bir–birinin yanında olmağı bacarıblar:

“Bu və buna bənzər çoxsaylı qardaşlıq münasibətləri bu gün də siyasi tariximizin hazırkı mərhələsində müttəfiqliyimizi zəruri edir. Hazırkı mərhələdə Türkiyə-Azərbaycan ittifaqı təkcə iki ölkənin maraqları baxımından deyil, bütövlükdə regionumuzda sabitliyin və inteqrasiyanın təmin edilməsi üçün son dərəcə önəmlidir. Çünki bu iki qardaş dövlətin səyləri ilə gerçəkləşdirilən enerji və nəqliyyat layihələri təkcə Qafqaz regionu üçün deyil, bütövlükdə Avropa üçün strateji əhəmiyyət kəsb edir”.

H. Babaoğlu vurğulayıb ki, iki ölkə arasında münasibətlər böyük bir geostrateji regionda mühüm hərbi-siyasi tarazlıq yaradır:

“Ermənistan regionda yeganə ölkədir ki, işğalçılıq siyasəti həyata keçirməklə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Mənfur qonşumuz bölgədə daim terror siyasəti həyata keçirib, digər qonşu ölkələrə qarşı da torpaq iddiaları irəli sürməklə bölgənin ümumi inteqrasiyasına və əməkdaşlığına ciddi ziyan vurub. Bununla da Ermənistan özünü həm də regional əməkdaşlıqdan və inteqrasiyadan mərhum edib. Bu səbəbdən də işğalçı ölkə əməkdaşlıq və tərəfdaşlığın rəmzi olan, regional təhlükəsizliyə töhfə məqsədilə keçirilən birgə təlimlərdən narahat olur. Ermənistan işğalçı ordusunun Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bu təlimlərin əlaqəsinə gəldikdə, onu deyə bilərik ki, bu fikir yalnız xəstə erməni təxəyyülünün məhsulu ola bilər.

Azərbaycanın güclü ordusu var və ordumuz ərazi bütövlüyünü bərpa edəcək peşəkar kadrlara, texniki təchizata və yüksək döyüş qabiliyyətinə malikdir. Ona görə də ermənilər hadisəni bu cür təqdim etməklə, əslində, Türkiyə-Azərbaycan müttəfiqliyini siyasi şantaja məruz qoymağa çalışır ki, bu da baş tutmayacaq. Əgər Ermənistan doğrudan da narahatlıq keçirirsə, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilsin”.

Etikxeber.az

Read Previous

Bu gün Azərbaycanda Qurban bayramı-QEYD OLUNUR

Read Next

“Amerika polisi soydaşlarımızı qorumadı, baş verən qanunsuzluqları görməməzlikdən gəldi, ancaq…”-NAQİF HƏMZƏYEVDƏN DƏ ABŞ-A ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir