Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz – GÖVHƏR BAXŞƏLİYEVA – FOTOLAR

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları  Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təmsil olunduqları nümayəndə heyəti yanvarın 13-17-də Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ)  illik tədbirlərində və XIII sessiyasında iştirak edib.

Etikxeber.az xəbər verir ki, səfər çərçivəsində təşkilatın dörd daimi ixtisaslaşmış komitələrinin – Siyasi məsələlər və xarici əlaqələr Komitəsi, İqtisadi məsələlər və ətraf mühit Komitəsi, İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitə, Mədəni və hüquqi məsələlər və sivilizasiyalar və dinlər arasında dialoq üzrə Komitə – iclasları keçirilib.

İclaslarda komitələrin məruzəçilərinin təqdim edəcəyi qətnamə layihələri və hesabatlar müzakirə edilib və qəbul olunub.

İnsan  hüquqları, qadın və ailə məsələləri üzrə Komitəyə sədrlik edən Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat G. Baxşəliyeva gündəlikdə yer alan qətnamə layihələrini müzakirəyə çıxarıb. İclas iştirakçılarının bir sıra təklif və rəyləri nəzərə alındıqdan sonra qətnamə layihələri qəbul edilib və onların sessiyaya təqdim olunması tövsiyə olunub.

G. Baxşəliyevanın Etikxeber.az-a bildirdiyinə görə isə sessiyada təşkilati məsələlərə də baxılıb.

IMG_20180116_082255

IMG-20180114-WA0000

IMG-20180116-WA0011

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti 2018-ci il üçün İƏT Pİ Ümumi Komitəsinin, İcraiyyə Komitəsinin və İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitənin üzvü seçilib:

“Yanvar ayının 14-də nümayəndə heyətimiz Siyasi məsələlər və xarici əlaqələr  üzrə Daimi ixtisaslaşmış Komitənin iclasında iştirak etdi. İlk öncə Komitə tərəfindən öncədən müəyyənləşdirilmiş qətnamə və tövsiyələrin yerinə yetirilməsinə dair fikir mübadiləsi aparıldı. Daha sonra aşağıdakı məsələlər müzakirə olundu: Əl-Qüds Əl-Şərif, Fələstinə dair məsələlər və Suriya və Livanın işğal olunmuş digər əraziləri, Fələstində vəziyyət ,İslam parlamentlərinin İsrailin Əl-Qüdsü yəhudiləşdirməsinə qarşı mübarizədə rolu,Suriya və Livanda işğal olunmuş ərəb torpaqları,Suriyada humanitar vəziyyət. Həmçinin, terrorizmin bütün formalarına qarşı mübarizə, BMT bayrağı altında terrorizmə qarşı mübarizə və işğala qarşı mübarizə hüququnun tanınması, hər hansı bir islam dövlətinə qoyulmuş sanksiyanın rədd edilməsi, Çad gölü və Afrikada terror aktlarına dair vəziyyət, sülh məqsədləri üçün müasir texnologiyadan azad istifadəyə dair insanların ayrılmaz bərabər və balanslaşdırılmış hüququnun tanınması,Yaxın Şərq regionunun kütləvi qırğın silahlarından, xüsusilə də nüvə silahından azad zonaya çevrilməsi,İraqda vəziyyət,Sudanda vəziyyət,Somalidə vəziyyət,Əfqanıstanda vəziyyət,Malidə vəziyyətin müzakirəsi və onun qonşu dövlətlərə təsiri,Çadda qaçqın və köçkünlərin vəziyyəti,İslam dövlətlərində qaçqın və miqrasiya problemi,Suriya Ərəb Respublikası,İraq Respublikası, Əfqanıstan İslam Respublikası, Myanma,İslamın ali dəyərlərinin müdafiəsi məqsədilə müsəlman dövlətlərin arasında əməkdaşlıq və koordinasiya,Kiprdə vəziyyət, Cammu və Kəşmirdə vəziyyət, dünyadakı müsəlman azlıqları ilə həmrəylik,Qərbi Trakiya və Dodekanesdəki türk müsəlman milli azlığı,Myanmada rohinca müsəlmanları,Cənubi Filippin,Mərkəzi Afrikada müsəlman azlıqlar, Krımda müsəlman tatarların vəziyyəti, İslamofobiya, ksenofobiya və qeyri-tolerantlığa qarşı mübarizə, müsəlman ölkələri arasında viza prosesinin sadələşdirilməsi. Qeyd edim ki, Azərbaycan tərəfindən komitəyə təqdim edilmiş iki qətnamə layihəsi – “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair” və “ 1992-ci il Xocalı Soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair” müzakirəyə qoyularaq yekdilliklə sessiyaya çıxarılması tövsiyə edildi”.

Millət vəkilinin dediyinə görə, İƏTPİ Konfransının XIII sessiyasının sədrliyini qəbul edən İran İslam Şurası Məclisinin sədri Əli Laricani çıxışında belə tədbirlərin islam dünyasında oynadığı roldan və islam həmrəylinin daha da möhkəmlənməsində əhəmiyyətindən danışıb:

“Eyni zamanda,təşkilatın baş katibi Mahmud Erol Kılıc qurumun illik hesabatını təqdim edərək, ötən müddətdə görülən işlər barədə məlumat verdi. Sonra tədbir iştirakçılarını İran islam Respublikasının Prezidenti Həsən Ruhani salamladı. O, islam dünyasının bu günü və sabahı ilə bağlı fikirlərini bildirdi, regional münaqişələrə toxundu. Həsən Ruhani qeyd etdi ki, islam qardaşlıq, dostluq və əxlaq dinidir. İslam dünyasının təhlükəsizliyi üçün həmrəyliyin vacib olduğunu bildirən İran Prezidenti gündəlikdəki məsələlərin müzakirəsində sessiya iştirakçılarına uğurlar arzuladı. Daha sonra əlifba sırası ilə nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları başladı. Əlcəzairin, Livanın, Türkiyənin, Pakistanın, Omanın, Qvineya-Bisaynun, Türkmənistanın, İndoneziyanın, Suriyanın, Tacikistanın spikerləinin çıxışlarından sonra Burkina-Faso, Cad, Kot de Vuar, Qambia, Qvineya, İordaniya, Sudan, Mərakeş, Mavritaniya və Mozambikin vitse-spikerləri çıxış etdilər”.

Əfqanıstan nümayəndə heyətinin rəhbərindən sonra sözün  Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ona verildiyini deyən G. Baxşəliyevanın sözlərinə görə, o, çıxışında  toplantı iştirakçılarını salamlayaraq, toplantının keçirilməsi üçün yaratdığı şərait üçün İran rəhbərləyinə və xalqına minnətdarlığını bildirib:

“Qeyd etdim ki, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfırliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərar bütün müsəlman  aləmində böyük narahatlıq doğurur. Bu Fələstin-İsrail münaqişəsinin ədalətli  həllinə mənfı təsir edə, regionda təhlükəli fəsadlara gətirib çıxara bilər. Düşünürük ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.

Biz Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıyıq.  Azərbaycan dəfələrlə Fələstinə yardım etmişdir. Biz daim Fələstin xalqının yanındayıq.

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön sırasındadır.

2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman bayramı  İslamın sülh və mərhəmət dini olmasını bir daha bütün dünyaya nümayiş etdirdi.

Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan ötən ilin sonlarında Bakıda keçirilmiş “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olmuşdur.

İstərdim bir daha  İƏTPİ-nın üzv dövlətlərinə və dünya müsəlmanlarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkürümü bildirəm. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal edib. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan işğal olunmuş torpaqlarımızda bütün mədəni, dini və arxeoloji abidələri məhv etmişdir.

Bu gün Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi və digər dini abidələrimizi viran qoyan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar bu kimi oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin Ermənistan onları yerinə yetirmir. Azərbaycan xalqı heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüdudları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Millət vəkili bildirib ki, cıxışlardan sonra Daimi İxtisaslaşmış Komitələrinin məruzəçiləri danışıb. Sonra İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitənin məruzəçisi kimi, o, özü  çıxış edib:

“Komitədə müzakirə edilmiş qətnamə layihələri səsə qoyularaq yekdilliklə qəbul edildi. Siyasi məsələlər və Xarici əlaqələr Komitəsinin məruzəçisinin çıxışından sonra bu komitə tərəfindən təqdim edilən qətnamə layihələri də müzakirə edilərək, qəbul olundu. Bu zaman Komitəyə Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilmiş iki qətnamə layihəsi də səsə qoyularaq, qəbul olundu” – deyən G. Baxşəliyeva hər iki qətnamənin mətnini təqdim edib.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair Qətnamə – TAM MƏTN:

İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Parlament İttifaqı Konfransının müvafıq olaraq 16-17 yanvar 2018-ci il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş 13-cü Sessiyası,

İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü və bu təcavüz nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20%-nin işğal olunmasından olduqca narahat olaraq;

Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin davamlı işğalı və bu ərazilərin status və institusional strukturunun, fiziki, demoqrafık, iqtisadi, sosial və mədəni xarakterinin dəyişdirilməsinə yönəlmiş fəaliyyətdən dərin narahatlıq hissi keçirdiyini ifadə edərək;

Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox Azərbaycanlı qaçqın və məcburi köçkünün durumu və bu humanitar problemlərin miqyası və ciddilik dərəcəsindən olduqca mütəəssir olaraq;

Azərbaycanın işğal olunmuş ərazilərində törədilən dağıntı, vandallıq, ictimai və şəxsi mülklərin talan edilməsi, habelə həmin ərazilərdə təbii resursların qeyri-qanuni istismarından dərin narahatlığını bildirir;

Bütün əvvəlki qətnamələr, xüsusən də 13-14 mart 2008-ci il tarixində Seneqal Respublikasının paytaxtı Dakar şəhərində keçirilən İslam Sammiti Konfransının On birinci Sessiyası tərəfindən qəbul edilən 10/11-P(İS) saylı qətnaməni yenidən təsdiq edərək;

BMT Nizamnaməsinə ciddi şəkildə riayət olunmasında və Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinin bütünlüklə yerinə yetirilməsində israrlı olaraq;

Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə yönələn bütün diplomatik və digər səyləri alqışlayaraq;

Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək öhdəliyini bir daha təsdiqləyərək;

Həmçinin Ermənistan Respublikasının təcavüz siyasətinin ATƏT çərçivəsindəki sülh proseslərinə dağıdıcı təsirini qeyd edərək;

  1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü qəti pisləyir;
  2. İşğal olunmuş Azərbaycan ərazilərində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməlləri insanlıq əleyhinə cinayət kimi dəyərləndirir və bu cinayəti törədənlərin cəzalandırılmasını qeyd edir;
  3. İşğal olunmuş Azərbaycan arxeoloji, mədəni və dini abidələrin talanını və dağıdılmasını qəti pisləyir;
  4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsini və Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycan ərazilərindən Erməni qüvvələrinin dərhal, qeyd şərtsiz və tamamilə çıxarılmasını tələb edir və Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etməsində israr edir;
  5. Yuxarıda qeyd edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulan tələblərin Ermənistan tərəfındən hələ də icra olunmamasından narahat olduğunu bildirir;
  6. Təcavüzkarı münaqişənin gələcək eskalasiyası imkanından və Azərbaycan ərazilərini işğal altında saxlamağa davam etməkdən məhrum etmək üçün bütün dövlətləri Ermənistanı hər hansı silah və hərbi sursatla təmin etməkdən çəkinməyə çağırır, Üzv dövlətlərin ərazisi bu cür təchizatın tranziti üçün istifadə edilməməlidir;
  7. Üzv dövlətləri, həmçinin beynəlxalq ictimaiyyətin digər üzvlərini erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə tələb olunan belə effektiv siyasi və iqtisadi vasitələrdən istifadə etməyə, bununla əlaqədar olaraq Ermənistan Respublikası ərazisində iqtisadi fəaliyyətdən, Ermənistan Respublikasında iqtisadi, sənaye, maliyyə və digər sahələr investisiya qoyuluşundan çəkinməyə və Ermənistan Respublikası ilə ümumi əməkdaşlığı məhdudlaşdırmağa çağırır;
  8. İƏT-ə üzv dövlətlərdən öz milli və hüquqi qurumlarından Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində iqtisadi, turistik və digər fəaliyyətlərə cəlb olunmamağı xahiş edir;
  9. Fait accompli – baş vermiş faktın münaqişənin həlli üçün əsas ola bilməyəciyini və nə Azərbaycan Respublikasınm işğal olunmuş əraziləri çərçivəsində cari vəziyyətin, nə də səsvermə prosesinin təşkili daxil olmaqla status kvonun möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin hüquqi qüvvəyə malik olmadığını vurğulayır;
  10. Ermənistan və Azərbaycan arasında mövcud olan silahlı münaqişənin dövlətlərin ərazi toxunulmazlığı və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında ədalətli və sülh yolu ilə həll olunmasına və həmçinin Azərbaycanın məcburi köçürülmüş əhalisi və qaçqınlarının ayrılmaz hüququ olan öz evlərinə təhlükəsizlik, şərəfli şəkildə qayıtması hüququndan istifadə etməyə çağırır;
  11. Ermənistan və Azərbaycan mövcud olan silahlı münaqişənin həllinə dair 1996-cı il ATƏT-in Lissabon Sammitində ATƏT sədrinin verdiyi bəyanatda əks olunmuş 3 prinsipə – Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi toxunulmazlığı, Dağlıq Qarabağ regionunun Azərbaycan daxilində ən yüksək statuslu muxtariyyəti və bu regionun və onun əhalisinin təhlükəsizliyinin təminatı prinsiplərinə tam dəstəyini ifadə edir;
  12. Ermənistan və ATƏT-in Minsk Qrupunun bütün üzv dövlətlərini BMT Təhlükəsizlik Şurasının müvafıq qətnamələri və ATƏT-in müvafiq qərar və sənədlər əsasında ATƏT-in yürütdüyü sülh proseslərinə konstruktiv şəkildə qatılmağa çağırır;
  13. Erməni millətindən olan əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmələrinin qarşısını almağı və dayandırmağı tələb edir, belə ki bu köçürmələr beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edilir və bu münaqişənin sülh yolu ilə həll olunması prosesinə zərər vura biləcək təsirə malikdir və üzv dövlətləri Azərbaycan tərəfındən bu məqsədlə həyata keçirilən səyləri, habelə BMT-nin Baş Assambleyasında və o cümlədən BMT-nin Nyu-Yorkdakı daimi nümayəndəliyi vasitəsilə həyata keçirilən fəaliyyəti dəstəkləməyə çağırır;
  14. İƏT-in 13-cü İslam Şurasının qərarı əsasında Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupun yaradılmasını alqışlayır və İƏTPİ-nin üzv parlamentlərini bu qrupun fəaliyyətini dəstəkləməyə çağırır;
  15. Azərbaycan ilə tam həmrəy olduğunu və Azərbaycan hökuməti və xalqının ölkəni müdafiə etmək məqsədilə həyata keçirdiyi səyləri dəstəklədiyini bildirir və Azərbaycanlı qaçqın və məcburi köçkünlərinin təhlükəsiz, şərəf və ləyaqətlə öz evlərinə qayıtmalarına imkan yaratmağa çağırır.

1992-ci il Xocalı Soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair Qətnamə – TAM MƏTN:

İƏT üzv dövlətləri Parlament İttifaqının Nizamnaməsindən və İslam Əməkdaşlıq Təşkilatının Xartıyasından irəli gələn prinsip və məqsədlərindən çıxış edərək;

İslam Sammiti, İƏT Xarici İşlər Nazirlərinin iclasları, habelə İƏT Parlament ittifaqı Konfransı tərəfindən indiyə kimi qəbul olunmuş Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair qətnamələri bir daha təsdiq edərək;

İƏTPİ üzv dövlətlərinin parlamentləri tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, siyasi müstəqillik və suverenliyinin, habelə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin davamlı dəstəklənməsini bir daha vurğulayaraq;

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazisinin işğalını tənqid edən, Azərbaycan respublikasının ərazi bütövlüyü və suverenliyini, beynəlxalq sərhədlərin toxunulmazlığını və torpaqların hərbi güc vasitəsilə işğalının yol verilməzliyini dəstəkləyən və Ermənistan  Respublikasının Silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrini bir daha xatırladaraq;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davamlı təcavüzündən, ərazilərin qeyri-qanuni işğalı, beynəlxalq hüququn norma və prinsiplərinin, habelə BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinin kobud şəkildə pozulmasından ciddi narahatlığını bildirərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni və təhrikedici siyasətindən, xüsusilə də həmin ərazilərin fiziki, demoqrafik, iqtisadi və mədəni xarakterinin dəyişdirilməsi məqsədilə həyata keçirilən fəaliyyətdən ciddi narahatlığını vurğulayaraq;

Münaqişə ərzində Ermənistan respublikası tərəfindən yürüdülən və gələcək pozuntular üçün münbit şərait yaradan siyasətdən, xüsusilə beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının kobud şəkildə pozuntusu, mülki vətəndaşların öldürülməsi, etnik təmizlənmə, əsirlərin tutulması və saxlanılması, müharibə əsirlərinə qarşı pis rəftar, yaşayış məskənlərinin dağıdılmasından olduqca mütəəssir olaraq;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ərzində beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının ciddi pozuntusuna görə məsuliyyət daşıyanların cinayət fəaliyyətinə görə ədalət məhkəməsi qarısında hesab vermələrinin vacibliyini vurğulayaraq, habelə bu siyasətin qurbanlarına effektiv hüquqi müdafiə və təzminatın ödənilməsinin təmin  olunması, bu məsələ ilə əlaqədar milli və beynəlxalq səviyyədə əməli addımların atılmasının vacibliyini vurğulayaraq;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ərzində törədilmiş beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının pozuntusunun cəzasız qalmasına son qoyulmasında ədalətin təmin edilməsinə, gələcək  pozuntuların qarşısının alınmasına, mülki müdafiə və sülhün bərqərar edilməsinə şərait yaradacağına əminliyini ifadə edərək;

Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının torpaqlarının qeyri-qanuni işğalının davam etməsini,  beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının ciddi pozuntusunu qınayan bir sıra dövlətlər və beynəlxalq təşkilatlar qəbul etdiyi qətnamə və qərarları alqışlayaraq;

Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində 1992-ci ilin fevral ayında Azərbaycanın mülki vətəndaşlarına  qarşı törədilmiş kütləvi vəhşiliyi insanlığa qarşı cinayət və soyqırımı kimi şiddətlə qınayır;

İƏTPİ üzv parlamentlərini Xocalı şəhərində və Azərbaycan Respublikasının işğal edilmiş digər ərazilərində törədilmiş cinayətin müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi tanınması üçün bütün səylərini əsirgəməməyə çağırır;

“İƏT Anım günü proqramı” çərçivəsində təşviq edilən və  Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində 1992-ci ilin fevral ayında törədilmiş azərbaycanlıların soyqrımı tarixi həqiqətlərinin üzə çıxaırılması məqsədi daşıyan “Xocalıya Ədalət” beynəlxalq vətəndaş maarifləndirilməsi kampaniyasını alqışlayır;

Bütün İƏT Üzv parlamentlərini bu kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində iştirak etməyə çağırır.

Digər iki komitənin təqdim etdiyi sənədlər də təsdiqləndi. Miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya və ksenofobiya ilə mübarizə və digər aktual məsələlərin müzakirə olunduğu toplantıda qurumun mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrinin təqdim etdiyi və sessiyada təsdiqlənən daha bir qətnamədə də ölkəmizlə bağlı bəndlər yer alıb. Sənəddə Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfə xüsusi vurğulanır. 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna, eləcə də bu sahədə digər çoxsaylı tədbirlərə ev sahibliyi edən ölkəmiz dünyaya nümunə kimi göstərilir. Qətnamədə əksini tapan digər bir mühüm məsələ isə müsəlman ölkələrində mədəni, tarixi və müqəddəs İslam abidələrinin mühafızəsi ilə bağlıdır. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki abidələrin, məscidlərin dağıdılması faktları pislənir və təcavüzkar dövlət buna görə məsuliyyət daşımağa çağırılır. Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının tələblərinin pozulduğu vurğulanır. Sözügedən sənəddə də bütün üzv dövlətlər bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edirlər.

Sonra yeni Baş katibin seçilmə proseduruna başlandı. Məlum olduğu kimi, İƏTPİ Baş katibi – Mahmud Erol Kılıcın səlahiyyət müddəti bitdiyindən yeni Baş katib seçilməli idi. Təqribən yarım saat çəkən müzakirələrdən sonra Seneqalın təmsilçisi Məhəmməd Qureyşi Niyaz təşkilatın Baş katibi seçildi. Daha sonra Yekun Məruzə və Yekun Bəyannamə qəbul edildi.

Bu sənədlərdə də Azərbaycanla bağlı bəndlər əksini tapdı. Yekun Bəyannaməyə ölkəmizlə bağlı aşağıdakı üç bənd salındı:

İƏTPİ-dəki nümayəndə heyətlərinin rəhbərləri və üzvləri:

  1. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin ciddi şəkildə yerinə yetirilməsini, erməni silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasına çağırır; Ermənistanı Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır;

2.İşğal olunmuş Azərbaycan ərazilərində məscid və müqəddəs islam abidələrinə qarşı qəddar təcavüzü pisləyir, arxeoloji, mədəni və dini irsin talanını və dağıdılmasını qəti pisləyir. Azərbaycan şəhəri Xocalıda 1992-ci ildə baş vermiş genosid aktını, fevralın 25-dən 26-na keçən gecə bir neçə saat ərzində 613 dinc sakinin, onlardan 106 qadın və 83 uşaq olmaqla, qətlə yetirilməsini qəti pisləyir;

  1. Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafıəsi naminə göstərdiyi cəhdləri bütövlükdə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu təsdiq edir və bütün dövlətləri ağır həyat şəraiti ilə üzləşən Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları üçün onlara humanitar yardım göstərməyə çağırır.

Sessiya işini Tehran deklarasiyasının qəbul edilməsi ilə yekunlaşdırdı. Onu da əlavə edək ki, Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti İran və beynəlxalq TV və KİV-lərinə dəfələrlə müsahibələr verib, bir sıra nümayəndə heyətləri ilə görüşlər keçirib. AMEA Şərqşünaslıq İnstitutunda ərəb dilinə tərcümə olunan “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı broşuru sessiya iştirakçılarına paylayıb.

Etikxeber.az 

 

 

 

 

 

 

 

Read Previous

Türk ordusu Afrində ikinci Şəhidini verdi… – FOTO

Read Next

“Aprel döyüşləri”nin qəhrəman polkovniki Rahim Əliyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir