“Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi…”-MƏZAHİR ƏFƏNDİYEV

BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın və hörmətin növbəti göstəricisidir. Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq. Prezident İlham Əliyevin təşəbbüsünə bu cür reaksiya dünya dövlətlərinin Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Məzahir Əfəndiyev söyləyib.

“Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən regional və qlobal səviyyələrdə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü bu il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Zirvə Görüşü təşkil edildi. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bundan əvvəl isə Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilib”-deyən millət vəkili bildirib ki, eyni zamanda, Azərbaycan COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib:

“Koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdidi edir. Təəssüf ki, bu günə qədər nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə səmərəli bir vasitə tapılmayıb. Bunun üçün isə dünyanın vaxt itirmədən yeni təşəbbüslərə ehtiyacı var. Çünki itirilən hər gün əslində insanların itirilməsi deməkdir. Bu insanlar isə sadə statistika deyil, kiminsə atası, yaxını, dostu, qardaşı, bacısı, yaxud doğmasıdır. Dünyada, o cümlədən ölkəmizdə tətbiq olunan karantin rejiminin qaydalarına əməl edilməlidir, özümüzü, ailəmizi və nəhayət, cəmiyyətimizi qorumalıyıq.

Xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı tam səfərbər olmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən koronavirus bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Bu gün Azərbaycanın BMT-ni idarə etmək təcrübəsi var. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi”.

Sonra “Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir”– deyən M.Əfəndiyev qeyd edib ki, həmin ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər fərqli gücə və imkanlara malik dövlətlər var:

“Bu məsələ ilə bağlı ayrı-ayrı dövlətlər tərəfindən BMT-nin Baş katibinə ünvanlanan məktublarda Azərbaycan Prezidentinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır”.

Deputat bildirib ki, bu gün bütün dünyada hamının, o cümlədən ölkəmizin və vətəndaşlarımızın tezliklə bu təhlükəli virusa qarşı səmərəli bir vasitənin tapılmasına ehtiyacı var:

“Ona görə də ölkəmizin bu təşəbbüsü dünya dövlətləri ilə bərabər, cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndirilir” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Atılan addımlar çətin günlərini yaşayan turizmə də öz müsbət təsirini göstərəcək və…”-DEPUTAT

Read Next

“Azərbaycan yalnız özünün deyil, həm də dünya əhalisinin sağlamlığı ilə bağlı təhlükəsizliyin təmin olunmasına çalışır…”-MÜBARİZ QURBANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir