“Ermənistana təzyiq göstərilməsi istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyinə ciddi ehtiyac var”-CEYHUN BAYRAMOV – FOTO

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Nazir deyib ki, beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsindədir.

Onun sözlərinə görə, sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq üçün geosiyasi rəqabət mentaliteti əvəzinə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinə köklənmək vacibdir.

“44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə regionda bir sıra çağırışların mövcudluğuna baxmayaraq, əməkdaşlıq və dayanıqlı sülhün bərqərar edilməsi üçün yeni imkanlar yaranıb. Azərbaycan 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, sülh gündəliyinin irəli aparılması üçün mühüm addımlar atır. Lakin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, davamlı təxribatlar törətməsi prosesə xələl gətirir”,- deyə xarici işlər naziri bildirib.

Ceyhun Bayramov deyib ki, bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır.

Bu istiqamətdə görülən işlərə maneə törədən ən mühüm amillərdən birinin mina təhlükəsi olduğunu diqqətə çatdıran nazir 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmadığını və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirdiyini qeyd edib.

“Ermənistana təzyiq göstərilməsi və problemin öz həllini tapması istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyinə ciddi ehtiyac var. Hazırda bölgədə və dünyada baş verən hadisələr mövcud çağırışlarla mübarizədə əməkdaşlığın artırılmasının zəruriliyini sübuta yetirir. Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyunca əsas tranzit ölkələrdən biri kimi, tədarük zəncirinin pozulması riski yaratmağa davam edən hadisələr fonunda tranzit əməliyyatlarının təhlükəsizliyini və etibarlılığını təmin etmək Azərbaycanın əsas prioritetlərindəndir”, – deyə Ceyhun Bayramov əlavə edib.

Onun sözlərinə görə, bağlantıların gücləndirilməsinin əsaslarından biri kimi enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
“18 iyul 2022-ci il tarixində Azərbaycan və Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən enerji infrastrukturunun modernləşdirilməsini, alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini ehtiva edir. Elektrik enerjisi istehsalı sahəsində səylərin gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır”,- deyə Azərbaycanın baş diplomatı əlavə edib.

Nazir deyib ki, regional kommunikasiyanın gücləndirilməsi baxımından müxtəlif üçtərəfli formatlar bölgədəki əlaqələrin genişləndirilməsinə və mövcud ziddiyyətlərin aradan qaldırılmasına köməklik göstərir, qarşılıqlı maraqlara əsaslanan strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm mərhələ rolunu oynayır.

“Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atır. Bu xüsusda, Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər”, – deyə Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri Ceyhun Bayramov daha sonra, konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

26 noyabr tarixinə qədər Bakı və Ağdamda davam edəcək tədbirdə, Türkiyə, ABŞ, Belçika, Birləşmiş Krallıq, Bolqarıstan, Kanada, Misir, Fransa, Gürcüstan, İsrail, İtaliya, İsveçrə, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya beyin mərkəzlərinin nümayəndələri iştirak edir.

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, 3 medallı-ŞƏHİD ELVİN ABASOVUN AİLƏSİNİ, OCAĞINI ÜÇÜNCÜ ZİYARƏTİM – FOTOLAR – YENİLƏNİB

Read Next

“Maqavuz”un rəsmi adı ÇARDAQLIDIR və Ordumuz bu istiqamətdə heç bir atəş açmayıb-AZƏRBAYCAN MN-DƏN RUSİYA MN-Ə CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir