Əslən Şuşalı, tək oğul, üç bacının tək qardaşı, ali təhsilli və ailəliydi…Oktyabrın 8-də Şəhid oldu, Mingəçevir Şəhidlər Xiyabanında Əbədiyyətə uğrlandı – Ailənin üç övladından, iki qardaşdan biri və subay idi…İkinci Vətən Müharibəsində özü də, dayısı oğlu da Şəhadətə ucaldı – Evin tək və subay oğluydu…2020-ci ilin oktyabrında Şəhidlik zirvəsinə yüksəldi, ancaq nəşi bir ay 20 gündən sonra tapıldı-BU GÜN CƏNƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİ OLAN ƏZƏMİ HÜSEYNOV, ZİYA NURMƏMMƏDOV, NURLAN MƏMİŞOV… – FOTOLAR

Bu gün daha üç Şəhidimizin doğum günüdür.

Bu gün-29 avqust 2026-cı il tarixində İkinci Vətən Müharibəsi Şəhidlərindən Əzəmi Əli oğlu Hüseynovun 34 yaşı, Nurlan İlqar oğlu Məmişovun 26 yaşı, Ziya Zabil oğlu Nurməmmədovun 25 yaşı tamam olur.

Bu, həm də hər üç Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.

Etikxeber.az xəbər verir ki, Əzəmi Hüseynov 1992-ci ilin avqust ayının 29-da Mingəçevir şəhərində anadan olub.

Ailədə dörd uşaq-üç bacı və bir qardaş olublar.

Atalarını illər öncə itiriblər.

Ali təhsilə yiyələnib, peşəkar hərbçi olub.

Şəhidliyindən bir müddət öncə ailə qursa da, övladı olmayıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

2020-ci ilin oktyabrın 8-də isə Suqovuşan istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Mingəçevirdə adını daşıyan küçə var.

***

Əslən Zərdab rayonundan olan Nurlan Məmişov 2000-ci ilin avqust ayının 29-da dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri olub…

Bir xeyli müddət ailəsi ilə Rusiyada yaşayıb, 2007-ci ildə Orenburq şəhərində orta məktəbin birinci sinfinə gedib…

Ancaq sonradan ailəsi ilə birlikdə Azərbaycana, Mingəçevir şəhərinə dönüblər… i

Təhsilini 14 saylı tam orta məktəbdə davam etdirib və 2018-ci ildə həmin məktəbi başa vurub…

Həmin ilin-2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb, ay Ağcabədidə xidmət etdikdən sonra Füzuli rayonu istiqamətində yerləşən hərbi hissələrdən birinə göndərilib…

Əsgərliyinin son iki ayını isə Lələtəpə istiqamətində yerləşən hərbi hissədə davam etdirib…

2020-ci ilin aprelində isə Ordudan təxris olunub, yenidən evinə, ailəsinə dönüb…

Cəmi 5 ay 1 gündən sonra, 2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunub…

İkinci Vətən Müharibəsinin ilk günündən də Tərtər-Ağdərə istiqamətində döyüşlərdə olub…

Sentyabrın 27-dən oktyabrın 7-nə kimi döyüş yolu keçib…

Talışın kəndinin erməni işğalından azad olunmasında iştirak edib…

Oktyabrın 7-də Suqovuşan istiqamətində qanlı döyüşlərdə Şəhidlik məqamına yüksəlib…

Nəşi bir gün sonra, oktyabrın 8-də ailəsinə təhvil verilib və oktyabrın 9-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən sonra medallarla ordenlə təltif olunub.

Nurlan həm də subay olub.

Eyni zamanda, Nurlanın dayısı oğlu İkinci Vətən Müharibəsi Şəhididir.

***

Ziya Nurməmmmədov isə 2001-ci ilin avqustun 29-da Kürdəmirin Sığırlı kəndində, sadə bir ailədə dünyaya gəlib.

İki bacının tək qardaşı, ailənin tək oğlan övladı olub.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb və Qazax rayonu istiqamətində hərbi hissələrdən birində hərbi xidmətdə olub.

İkinci Vətən Müharibəsi zamanı cəmi 3 ayın Əsgəri kimi döyüşlərdə iştirak edib.

Oktyabr ayının 13-də, müharibənin 17-ci günündə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb və nəşi yalnız 1 ay 20 gündən sonra əldə edilib və dekabr ayının 3-də Sığırlıda torpağa tapşırılıb.

Ziya həm də Sığırlının 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şəhidliyindən sonra bir neçə medalla və bu ilin iyun ayında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ziya da Nurlan kimi subay olub.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

***

Etikxeber.az

Read Previous

“Qisas” əməliyyatının iştirakçısı, idmançı Bəhmən Hüseynovun-FACİƏLİ ŞƏKİLDƏ VƏFATINDAN İKİ İL KEÇİR – MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN VERİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Şəhid Müşfiq Mirzəyevin anası-DÜNYASINI DƏYİŞDİ… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir