“Eşşəyin belindən düşüb “Mersedes”ə, “Boinq”ə oturduqları halda…” – DEPUTAT HİRSLƏNDİ

Sosial şəbəkəyə doluşmuş kitab oxumayan, mətn anlamayan nadan, cahil sürüsünü ayırd etmək üçün yazdığınız mətnin içindən mahiyyətə tamamilə əks olan bir başlıq tapıb yerləşdirin, görəcəksiniz ki, bütün şərhlər məhz həmin başlıq üzərindən yazılacaqdır.

Bir-iki ağlı başında olan adam çığırıb-bağıracaq ki, ay cahillər, bir mətni oxuyun görün nə yazıblar, yenə də veclərinə almayıb həmin başlığa uyğun şərhlərini yazacaqlar. Bunun ən çox əziyyətini çəkənlərdən biri də məhz bəndənizdir.

Deməli, Yeni illə bağlı yazı paylaşmışam, təqribən bu məzmundadır: “Yeni ili harada keçirmək və necə keçirmək barədə sualın bayağı aurasından qurtulmaq istərkən, başqa bir tərəfdən də səslər eşitməyə başlayırsan:

“Yeni il kafirlərin bayramıdır, onu qeyd etmək haramdır!” Nədənsə yaddaşıma tanınmış məhbuslarıdan birinin müsahibəsində xatırlatdığı bir xatirə-epizod gəlib ilişdi: Həbsxanada bir çox dinçilər kitabxanadan ancaq dini ədəbiyyat alırdılar, çünki onların mülahizələrinə görə dünyəvi kitabı oxumaq haram sayılırdı.

Fəlsəfə, məntiq, elm, texnologiya şeytan əməli kimi anlaşılırdı. Yəni bu adamlar, dəvənin belindən, eşşəyin belindən düşüb “Mersedes”ə, “Boinq”ə oturduqları halda, düşüncələrini 7-ci əsrin belindən düşürüb 21-ci əsrin belinə yükləməyi zəruri hesab etməyiblər…” “Şərq” qəzetində çalışan jurnalist dostumuz “Yeni il kafirlərin bayramıdır, onu qeyd etmək haramdır!” başlığı ilə həmin yazını paylaşıb.

Təqribən ziyalı, ziyasız- hamısının şərhi şəxsimə yönəlik eyni qafadan gələn sözlərdir: “Kafir özünsən, siz deputatlardır kafir!” Bu duruma qətiyyən təəccüblənməyin. Quranı anlamayıb İslamı yaşayanların məmləkətiyik biz! Demokratiyanı anlamayıb, onu bağıraraq tələb edənlərin məmləkətiyik biz! Şeyx Nəsrullahın ölü dirildəcəyinə inananların məmləkətiyik biz! Axundovu dəfn etməkdən imtina edənlərin məmləkətiyik biz! Sabiri intihara vadar edənlərin məmləkətiyik biz! Ona görə də az sayda ziyası olan insanlarımız doğru sözü deməyə qorxmuşlar, bu qorxu ermənidən, rusdan, farsdan olmamış, məhz xalqın çoxluğunun içində yaşayan cəhalət yığınından olmuş.

fazillllllll

Mirzə Cəlili Bakı qoçuları öldürmək üçün muzdlu qatili Tiflisə göndərmişlər. Adamdan soruşarlar ki, bir mətnin içini oxumadan necə şərh yaza bilirsiniz? Ötən dəfə bir Qum saatı ilə işləyən Vətən xaini başlığa çıxardı ki, bəs “Fazil Mustafa Ziya Bünyadova gopçu dedi”, bir sürü yenə də mətni, videonu izləmədən bu yalanı əsas alıb şəxsimizi ailə tərbiyələrinə uyğun təhqir etməyə başladılar.

Dostlar, bizim, yəni Azərbaycan xalqının işi çətin olacaq. Diplomlu, diplomsuz cahil yığının qarşısında ağlı başında, məsuliyyəti yerində olan kiçik bir azlıq çəkinərək Qarabağın gələcəyi ilə, Azərbaycanın bütövlüyü ilə bağlı, ağrılı-acılı digər problemlərimizlə bağllı gerçəkləri söyləməyi yadırğayacaqlar.

Ancaq yenə də bu müqaviməti sındırmalıyıq, kimin xoşuna gələcək-gəlməyəcək, bildiyimiz, anladığımız doğruları yazmaqdan, söyləməkdən çəkinməməliyik. Kiminsə rejimdən xoşu gəlməyə bilər, kimsə deputatlara nifrət edə bilər, kimsə düşüncə sahiblərinə qarşı mənəvi terror aurası yarada bilər, ancaq unutmayaq ki, bu toplum ağıllısı ilə, cahili ilə bizimdir, mütləq mətn oxumağa öyrətməliyik, razılaşmadığı görüşləri inkar etmənin mədəni formasına alışdırmalıyıq. Adam danışmayan deputatı söyür ki, niyə susursan, danışanı da söyür ki, niyə danışırsan! Bunu tibbdə şizofreniyanın bəsit əlaməti kimi tanıyırlar.

İrandan yazırsan, mərhum Elçibəydən sitat gətirir ki, söylədiyin ona uyğun deyil. Bu gün Elçibəyin vəfatından 18 il keçib, o, öz dünyagörüşünə uyğun hədəfi söyləyib, hər an, hər gün dəyişən taktikanı sizlərə əzbərlətməyib ki?…

Adamın biri yazır ki, sizə böyük simpatiyamız vardı, filan yazınızdan sonra gözümdən düşdünüz. Yəni onun beynindəkinə uyğun gəlməyən fərqli fikirlərim onu məyus edib. Yazıram ki, mənə kimsənin simpatiyası həqiqətən lazım deyil, sadəcə yazdıqlarımızı oxuyub düşünməsi, faydalanması yetərlidir.

Necə ki, mən özüm sosial şəbəkdə rastlaşdığım, hətta dünyagörşümə uyğun gəlməyən istedadlı insanların yazılarını diqqətlə oxuyub nələrisə öyrənməyə, bilgilənməyə çalışıram. Anlayışsız insanlarla sözləşmə, yazışma vaxt aparsa da, yenədə çıxış yolumuz mətn oxumadan, paylaşımı izləmədən yazmaq xatirinə fikir bildirmə ənənəsini sındırmaqdan, adamları məsuliyyətli davranışa yönləndirməkdən keçir.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

ALPINISTLƏRIN SAĞQALMA ŞANSI VARMI?… – MİLLƏT VƏKİLİ YAZIR

Read Next

Ağsu aşırımında avtomobil dərəyə aşdı: kişi öldü, arvadı və qızı ağır xəsarət aldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir